Zabitlərə kredit üçün arayış verilməsi dayandırıldı
Azərbaycan ordusunda xidmət edən zabitlərə banklardan kredit götürmək üçün hərbi hissələrdə arayışların verilməsi qadağan edilib. Bu barədə adının açıqlanmasını istəməyən zabitlərdən biri məlumat verib. Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin zabiti bildirir ki, bu qərar ötən gün elan olunub. O, hərbi hissədə sürprizlə qarşılandığını bildirir: “İnanmıram hansısa ölkənin zabiti belə bir sürprizlə qarşılaşsın. Hərbçilərin sosial vəziyyəti yaxşı deyil. Bunu hərbçilərin borclu olduğu banklar da təsdiqləyə bilər. Buna görə də borclu olmamaq üçün müdafiə naziri problemi özünəməxsus şəkildə həll etməyə çalışdı. Ötən sabah hərbi hissə komandiri müdafiə nazirinin şifahi əmrini heyətə çatdırdı. O bildirdi ki, hərbçilərin kredit götürməsi üçün maaşları haqqında arayışların verilməsi qadağan edilib. Yalnız ipoteka krediti üçün komandanın birbaşa icazəsi ola bilər. Bu da o deməkdir ki, ipoteka krediti almaq üçün arayışın verilməsi hətta aylar sürə bilər. Belə şeylər çox utancvericidir, hərbçilərə qarşı hörmətsizlikdir. Bu orduda hələ çox şey görəcəyik. Allah yardımçımız olsun!”.
Zabit bildirir ki, orduda kredit alıb banklara qaytara bilməyən hərbçilər çoxdur. Buna görə də guya həmin banklar müdafiə nazirinə şikayət edib və o da öz növbəsində belə bir addım atıb: “Təbii ki, hərbçi kredit götürürsə bu zaman Müdafiə Nazirliyinin bank qarşısında heç bir öhdəçiliyi olmur. Buna baxmayaraq, arayış verilməsi qadağan olundu. Mənim fikrimcə buna səbəb hərbçilərin sosial durumunun çox pis olduğunu göstərən bankların rəsmi statistikasını gizlətməkdir”.
Qafqazinfo