Azərbaycanda qardaş bacısının qanını tökdü
62 yaşlı qadın şəxsi münaqişənin qurbanı olub
Zaqatalada 62 yaşlı qadın qardaşı tərəfindən bıçaqlanıb. Mərkəzi Rayon Xəstəxanasından İstiPress-in bölgə müxbirinə verilən məlumata görə, bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlər qadının vəziyyətini ağır qiymətləndirirlər.
Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəmnində mübahisə ediblər. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarət yetirib.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Miq.az