Neft mühəndisi bir nəfəri qətlə yetirdi, iki nəfəri yaraladı.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi dava nəticəsində bir nəfəri qətlə yetirməkdə, iki nəfəri yaralamaqda ittiham olunan Rüfət Füqarovun məhkəməsi başlayıb.
"Vətəninfo.az" xəbər verir ki, ittihama görə, Bakının Nərimanov rayonu, Tolstoy küçəsində, “İnter Plaza” hotelinin arxasında bir qrup gənc arasında kütləvi davaya onlar arasında düşən mübahisə səbəb olub.
Nəticədə Bakı şəhər sakini, 24 yaşlı Rüfət Fiqarov bıçaqla 17 yaşlı Novruz Cəfərova, 20 yaşlı Fərid Mustafayevə və 21 yaşlı Elvin Abdullayevə çoxsaylı xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Novruz Cəfərovun aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rüfət Fiqarov tutulub.
Məlumata görə, araşdırmalaer zamanı qanlı hadisəyə “Facebook” sosial şəbəkəsində baş vermiş mübahisənin səbəb olduğu ortaya çıxıb. Belə ki, 24 yaşlı Rüfət Fiqarovun “Facebook”da orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Novruz Cəfərovla mübahisəsi düşüb. Onlar orada bir-birilərini söyüblər. Nəhayət, mübahisəni həll etmək üçün Ə. Topçubaşov küçəsi, 341 saylı yeni tikilən binanın qarşısında görüş təyin ediblər.
Təyin olunmuş yerə Rüfət xalası oğlu, Novruz isə Fərid Mustafayev və Elvin Abdullayevlə gəlib. Görüş yerində gənclər məsələni həll edə bilməyiblər və onlar arasında dava düşüb. Bu zaman Rüfət cibindən bıçaq çıxararaq Novruz və onun dostlarına müxtəlif xəsarətlər yetirib. Novruz ürək və ağciyərindən aldığı xəsarətlərdən ölüb. Onu da əlavə edək ki, R. Fiqarov həbs olunana kimi Azərbaycan Dövlət Neft Şirkətinin İnformasiya, Texnologiya və Rabitə idarəsində mühəndis işləyirdi.
Hazırda bu cinayət işi üzrə məhkəmə hakim Şəkər Məmmədovanın sədrliyi ilə davam etdirilir.
Teleqraf.com