“Babək və tərəfdarları ərəbləri deyil,müsəlmanları öldürürdülər”
Yaxın Şərq ölkələri üzrə tanınmış aradırmaçı, tarixçi Dr. Elnur Nəsirovun “Vətəninfo.az”a müsahibəsi:
- Hər xalqın formalaşmasında və onun varlığında öz şəxsiyyətlərinin böyük rolu var. Biz niyə bəzən bəzi şəxsiyyətlərimizi müzakirə obyektinə çevirib, onları təhqir edirik və s. xoşa gəlməz sözlərlə diskussiyalara meydan açırıq. Məsələn, Babək, şəxsiyyəti haqqında bu fikirlərin şahidi oluruq. Siz bu haqda nə düşünürsünüz?
- Bu mövzunun müxtəlif sosial şəbəkələrdə bir çox dəfə müzakirə olunduğunun şahidi olmuşuq. Mən də bu barədə öz fikirlərimi açıqlamışam. Hər şeydən əvvəl onu deyim ki, mən bir tarixçi olaraq Azərbaycan tarixində mühüm rol oynamış heç bir şəxsin təhqir və təzyif olunmasının tərəfdarı deyiləm. Həmin şəxs mənim siyasi və mənəvi dünya görüşümdə müsbət yer tutmasa belə. Mən tarixdə mühüm rol oynamış istənilən şəxs barəsində fikir bəyan edilərkən həmin şəxsin yaşadığı dövrün şərtlərinin nəzərə alınmasının tərəfdarıyam. Tarixi şəxslər, hadisələr həmin dövrün şərtləri və ən əsası isə mənbə materiallarının dəqiq, qərəzsiz öyrənilməsi fonunda tədqiq olunmalıdır. Tədqiqatçı öz arzu, istək, siyasi mövqe, mənəvi aləmindən sıyrılmağı bacararaq tədqiqat aparmalı, hipotezlərini bunun üzərinə bina etməlidir. Bu isə peşəkar tarixçilərin işidir. Diletantlardan, həvəskar tarixçilərdən bunu gözləmək əlbəttə ki, əbəsdir. Azərbaycan tarixinin orta əsrlərə dair mənbələri əsasən ərəb, fars, qismən isə erməni, gürcü, süryani və yunan dillərində qələmə alınmışdır. Bu gün bu kimi mövzularda, o cümlədən Babək mövzusunda elə şəxslər iddialarla çıxış edirlər ki, nəinki ərəbcə və farsçadan heç əski əlifbadan belə xəbərləri yoxdur. Babək əlbəttə ki, Azərbaycan tarixində iz qoymuş bir şəxsdir. Lakin Babək və başçılıq etdiyi hərəkat haqqında mənbələrdəki bütün məlumatlar olduğu kimi insanlara çatdırılıbmı? Babəkin atası Abdullah Mədainli səyyar yağ satıcısı idi. Mədain indiki İraq ərazisindədir və bir vaxtlar Sasani imperiyasının paytaxtı olmuşdur. Bu səyyar yağ satıcısı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da, ticarət səyahətləri edirdi. Belə səyahətlərindən birində Talış dağlarının qoynundakı Bilalabad kəndində bir gözü kor olan Barumənd adlı bir qadınla tanış olubmuş. Bu qadın mədainli Abdullahın məşuqəsi idi. Kəndlilərin onların bu nikah xarici münasibətindən xəbər tutması nəticəsində onlar evlənmişdilər. Babək də bu nikahdan dünyaya gəlmişdi. Babəkin əsl adının Həsən olduğunu deyənlər də var. Deyilənlərə görə o, özünə “Babək” ləqəbini Əhəməni şahı Ərdəşir Babəkanın adından götürmüşdü. Görüldüyü kimi Babəki istər ata, istərsə də ana tərəfindən mənşəcə sırf azərbaycanlı hesab etmək müşküldür. Orta əsr mənbələri Babəkin yaşadığı dövrdə Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə sitayiş etdiyini, xürrəmilərin isə Bəzz qalası və ətrafındakı dağlıq ərazidə yaşadığını qeyd edirlər. Bu vaxt xürrəmilər azlıq təşkil edirdilər. Daha sonrakı əsrlərdə İran və Azərbaycanda cildini dəyişərək ən müxtəlif formalarda ortaya çıxacaq olan batiniliyin bir çox ənənələrinin xürrəmilikdə təzahür etdiyini görmək olar. Babək və tərəfdarları silahlanaraq Azərbaycanın şəhər, qəsəbə və kəndlərindəki dinc əhaliyə hücum edib kütləvi qətllər törədərkən ərəbləri deyil, müsəlman azərbaycanlıları öldürürdülər. Bu çox mühümdür. Çünki Babəki bir xalq qəhrəmanı olaraq görənlər onu ərəblərə qarşı mübarizə aparan və bütün Azərbaycan əhalisinin ətrafında sıx birləşdiyi bir lider kimi təqdim edirlər. Xeyr, belə deyildi. İslam Azərbaycana Babək ortaya çıxmazdan iki yüz il əvvəl gəlmişdi və bu iki əsr ərzində azərbaycanlıların böyük əksəriyyəti artıq İslamı qəbul etmişdilər. İbn Xordadbehin “Kitab Məsalikü’l-Məmalik” adlı coğrafiyaya dair əsəri başda olmaqla bir çox mənbədə bu haqda ətraflı məlumat var. Babək hərəkatının geniş vüsət almasının ən əsas səbəblərindən biri də uzun müddətdən bəri Abbasilərlə müharibə vəziyyətində olub cəbhədə daim geriləyən Bizans imperiyasının xürrəmilərə hər cür dəstəyi göstərməsi olmuşdu. Xristian Bizans İslam dünyası içində məhz xürrəmilərin simasında özünə müttəfiq tapmışdı. Abbasilərin iki cəbhədə vuruşmaq məcburiyyətində qalması Bizansın işini xeyli asanlaşdırmış və çıxılmaz vəziyyətdən xilas etmişdi.
Xalq öz milli qəhrəmanlarının şücaət və rəşadətini dastanlaşdırır. Məsələn “Dədə Qorqud” dastanındakı qəhrəmanları yada salaq. Ya da “Koroğlu” dastanına baxaq. Əgər bir millət tarixdə mühüm rol oynamış bir şəxsi və ya hərəkatı, söz yerində isə, bağrına basırsa, onu özününkü bilirsə, şübhəsiz onu dastanlaşdırır və bu qəhrəmanlıqlar əsrlər boyu dildən-dilə ötürülür. Sovet dövrünə qədər Babək və hərəkatı haqqında Azərbaycan xalqı demək olar ki, heç bir şey bilmirdi. Rus imperyalizimi çarizm dövründə Azərbaycanı fiziki baxımdan işğal etmişdi, bolşevizm dövründə isə xalqımızın mənəviyyat qalasını zəbt etmək qarşıya məqsəd olaraq qoyulmuşdu. Bolşeviklərin müsəlman xalqların mənəviyyatına necə divan tutduğunu bilik. İslamın Azərbaycan xalqına zorla qəbul etdirildiyi, xalqın isə buna qarşı amansız və indalı mübarizə apardığı illüziyasını yaratmaq üçün “Babək və xürrəmilik” əvəzolunmaz tapıntı idi. Bunu qabartmaq, şişirtmək lazım idi. Bu səbəbdən Babəkin adına rayon, küçələr, heykəllər qoyuldu, iki seriyalı film çəkildi. Bütün bunlar təsadüfi idimi? Sovet imperyalizmi həqiqətənmi Azərbaycan xalqının qəhrəmanlarını ucaltamaq istəyirdi? Əlbəttə ki, yox. Əgər belə olsaydı Azərbaycan tarixində Babəkdən qat-qat mühüm rol oynamış, həqiqətən dahi adlandıra biləcəyimiz insanların adını heç olmasa bir küçəyə qoyardılar. Lakin bunu etmədilər. Tam əksinə Azərbaycan xalqına istər mənəvi, istərsə də tarixi-siyasi baxımdan ağır zərbə vurmuş insanları ön plana çıxarıldılar. Babək mövzusunun bu gün də xüsusilə qabardılmasını mən təsadüfi saymıram. Əgər bu millət həqiqətən də parlaq keçmişdən, şanlı tarixdən, adını öz qanı ilə tarixin səhifələrinə yazdıra bilmiş igidlərdən məhrum bir millət olsaydı bu qəbildən olan yalanların müstəqillik dövündə də ayaq tutub yeriməsini anlayışla qarşılamaq olardı. Halbuki Azərbaycan tarixi, yuxarıda da qeyd etdiyim kimi, böyük insanların fəaliyyətləri ilə doludur. Elə insanların ki, Babəki onlarla bir səviyyəyə belə qoyub müqayisə etmək mümkün deyil. Hansı ki, onların adına bu gün bir küçə belə yoxdur. Məsələn Ərməniyyə fatehi Yusif ibn Əbu’s-Sac. 914-cü ildə dikbaşlıq edən Ərməniyyə hakimi I Sumbatı məğlub edib edam etdirən Yusif ibn Əbu’s-Sac. Arpaçaydan Xəzər dənizinə, Dərbəndən Zəncana qədər Azərbaycanı birləşdirib hakimiyyətini bərqərar etmiş Yusif ibn Əbu’s-Sac. 1163-cü ildə Gürcüstanı fəth edən, gürcü çarı III Georginin qorxusundan qarşısına belə çıxa bilmədiyi Atabəy Şəmsəddin Eldəniz. Bağdad fatehi Qaraqoyunlu Kəmaləddin Qara Yusif (1389-1421). İran, İraq, Azərbaycan, Şərqi Anadolu, Gürcüstan, Ərməniyyə hökmdarı, Ağqoyunlu hökmdarı Uzun Həsən (1453-1478). Rusiya imperiyasını məğlub edib 1735-ci ildə “Gəncə müqaviləsi”ni imzalamağa məcbur edərək Azərbaycanı işğalçılardan təmizləmiş Nadir şah Əfşar və digər bir çoxları. Bünün bunlara rəğmən əgər Babəkə Bakıda heykəl ucaldılsa bunun birmənalı qarşılanacağını düşünmürəm. Demək ki, hələ də Azərbaycanda imperiya ideologiyasının davamında maraqlı olanlar var.
- Bəzən Şah İsmayıl Xətai haqqında da belə sözləri eşidirik. Ümumiyyətlə, Xətainin Azərbaycan tarixində oynadığı rol haqqında nə deyə bilərsiniz?
- Bunu bəlkə başda deməliydim, amma madam yenə söhbəti başqa bir tarixi şəxsiyyətlə davam etdirəcəyik izninizlə burada deyim: “Elmdə Doqmatizm Yolverilməzdir”. Tarixi şəxsiyyətləri və onların fəaliyyətlərini də araşdıran elmdir, tarix elmi. Bütün elmlərdə olduğu kimi tarix elmində də doqmatizm, yəni ehkamçılıq yolverilməzidir. Mütləq pis və mütləq yaxşı yoxdur elmdə, ələlxüsus ictimai elmlərdə. “Toxunulmaz” şəxsiyyət də yoxdur tarixdə. Əgər bir ölkənin ictimai, siyasi, elm və mədəniyyət həyatı tabularla əhatə olunubsa orada tərəqqidən, inkişafdan danışmaq yersizdir. “Bu şəxs mütləq mənada yaxşı şəxsdir, onu ya tərifləyin ya da susun” deyə bilməz heç kim. Bunu niyə vurğuladım? Çünki istər Şah İsmayıl, istərsə də hər hansı bir digər şəxsin milli tariximizdə oynadığı rol müxtəlif nöqteyi-nəzərlərdən müzakirə edilərkən “qadağan olunsun, yasaqlansın” kimi şüarların səsləndiyini eşidirik. Bu həm təəccüb, həm də təəssüf doğurur. Çünki bunu deyənlərin bir çoxu gənc insanlardır, hansı ki, sovet düşüncə həyatının statikliyininin təsiri altında heç vaxt qalmayıblar.
Bu gün Azərbaycan milli dövlətçiliyinin Səfəvilərlə, daha da konkretləşdirsək şah İsmayılla başladığı fikrinin tez-tez səsləndirildiyinin şahidi oluruq. Məzhəb təəssüb və qayğılarıyla uydurulmuş bu yalanın Azərbaycanın milli təfəkkürünə necə böyük ziyan vurduğunu görə bilməmək üçün kor olmaq lazımdır. “Türklərin cənubi Qafqazdakı siyasi keçmişinin cəmi beş əsrlik tarixi var, baxın bunu özləri etiraf edirlər” deyən erməni tarixçi və ziyalıları bundan çox məharətlə istifadə edirlər. Belə bir yalanı uydurub həqiqətmiş kimi cəmiyyətə təqdim etmək kimin nəyinə lazımmış? Məgər bizim milli dövlətçiliyimiz şah İsmayılla, Səfəvilərlə başlayır? Məgər Azərbaycan türklüyinin dövlətçilik tarixi daha qədim zamanlardan, Orxon-Yenisey abidələrindən başlayaraq Mete xandan tutub Səlcuqlularla davam etmirmi? Sacilər, Salarilər, Ağsunqurilər, Eldənizlilər, Qaraqoyunlular, Ağqoyunlular Azərbaycan dövlətləri deyilmi? Bunlar sünni (bəzilərinin dediyi kimi “ortodoksal”, necə də kəmfürsətcəsinə seçilmiş bir kəlmədir. Qarşı tərəfə də katolik adı yaraşdırılır hər halda) İslamı təmsil etdikləri üçünmü yadlaşdırılırlar? Məsələyə özlərinin məzhəb qayğıları və təəssübləriylə yanaşıb şah İsmayılı həddən artıq şişirdənlər çox təəssüf ki, bir çox hallarda türkçülüyün arxasına sığınırlar. Əvvəla Səfəvi ailəsinin türk mənşəli olub olmadığı haqda tarixçilər arasında yekdil fikir yoxdur. Dəyərli həmkarım Qiyas Şükürovun bu haqda apardığı tədqiqatların çox maraqlı nəticələri var. Əgər Səfəvi salnaməçilərinə inanıb Səfəvi ailəsinin həqiqətən seyid olduğuna inansaq belə şah İsmayılın mənşəcə türk deyil ərəb olduğunu qənaətini hasil etməliyik.
Səfəviyyə təriqəti XV əsrin sonlarına qədər, bütün Azərbaycan kimi, sünni təməyüllü bir təriqət idi. Təriqətin marjinallaşmasına şeyx Cüneyddən etibarən şahid oluruq. Cüneyd qədim İran milli məfkurəsini öz bətnində daşıyıb əsrlər boyu şəkildən şəklə girən batiniliyin təsiri altına şiəliyə meyl etmişdi. Səfəvi ailəsinin şiə məzhəbini mənimsəməsi də məhz bundan sonra başlamışdı. Lakin maraqlıdır ki, nə şah İsmayıl, nə də Cüneyd və Heydər kimi ata-babaları Azərbaycanda, eləcə də İranda özlərinə münbit zəmin tapa bilməmişdilər. Öz ardıcılları ilə daim marjinal bir qrup olaraq varlıqlarını davam etirmişdilər. Hər şey Ərzincan qurultayından sonra dəyişilməyə başlamışdı. Anadolunun şərqindəki yarı köçəri ələvi türkmənlər şah İsmayılın ətrafında birləşib silahlı güc meydana gətirmişdilər. Şah İsmayıl bu ələvi türkmənlərin silahlı gücünə arxalanaraq Azərbaycan əhalisinə qanlı divan tutub hakimiyyətə yiyələnmişdi. Bunu heç kim inkar edə bilməz. Səfəvilər Azərbaycanda bəzən bütöv qəsəbələri, şəhərləri məhv etmişdirlər. Bakı şəhərinin sünni əhalisinə qarşı şah İsmayılın əmri ilə törədilən qətliamı tarix kitabları qeyd edirlər. Səfəvilər dövründə şiəlik qılınc zoru ilə İran və Azərbaycan əhalisi arasında yayılmışdır. Təzyiq və təqiblər nəticəsində Azərbaycandan Anadoluya, Misirə, Orta Asiyaya kütləvi köçlər olmuşdur. Elm və sənət adamları, alimlər, mütəfəkkirlər sırf məzhəb mənsubiyyətləri səbəbiylə öldürüldükləri üçün vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar. Təbriz, Xoy, Marağa kimi şəhərlərdə mədrəsələrin boşaldığı, Azərbaycanda elm və düşüncə həyatının iflic olduğu haqda mənbələrdə kifayət qədər məlumat var. Ərəb xilafətinə, Sasani imperiyasını yıxan Ömər ibn Xəttaba, Səlcuqlu və Osmanlı dövlətlərinə dərin nifrət duyan qədim İran milli məfkurəsinin daşıyıcıları şiəlik qiyafəsinə bürünərək məhz şah İsmayıl sayəsində yenidən İrana hakim ola bilmişdirlər. Batini-ismaililərin törətdiyi əməllər haqqında tarixin səhifələrində kifayət qədər məlumat var, maraqlananlar oxuyub öyrənə bilərlər.
Abbasilər dövründə xristian Bizans xürrəmilərin simasında özünə müttəfiq tapmışdısa, Osmanlılara qarşı mübarizə aparan qərb, Avropa Səfəvilərin simasında özünə müttəfiq tapmışdı. Bunu sübut edən tarixi faktları inkar etmək mümkündürmü? Bu gün Azərbaycan əhalisi məzhəb baxımından vahid deyil, bu gün Türk və İslam dünyasının 92%-i ilə aramızdakı mənəvi bağlar zəifdir. Bütün bunlar şah İsmayılın və Səfəvilərin sayəsindədir. Bu gün Azərbaycanın İran dövlətinin ərazisində qalan torpaqlarında yaşayan soydaşlarımızı farslarla sadəcə bir bağ birləşdirir: məzhəb. İran dövləti bu faktordan çox məharətlə istifadə edir. Elə isə sual olunur, belə olan halda şah İsmayıl Azərbaycanınmı, İranınmı milli dövlətçiliyinin banisidir? Əlbəttə ki, ikincisinin.
- Ümumiyyətlə, müasir dünyada güclü millət, güclü dövlət olmaq üçün nə etmək lazımdır?
- İmmun sistemində ciddi problemləri olan bir insan təsəvvür edin, belə bir insanın vücudu hər cür dağıdıcı, yıxıcı mikro orqanizmlər üçün açıq və münbit bir zəmindir. Millətlərin mənəvi dünyası, inacları onların immun sistemini təşkil edir. İnsanlar adətən inandıqları kimi yaşayırlar. İnandıqları kimi yaşamayanda isə insanlar yaşadıqları kimi inanmağa başlayırlar. Bu bir millət üçün bir çox fəlakətlərin başlanğıcıdır. Bu gün Azərbaycanda insanların böyük əksəriyyəti necə yaşayırlarsa elə də inanırlar. Buna görədir ki, cəmiyyətimizdə sürətli çözülmə, parçalanma və dağılma prosesi gedir. İstənilən yad ünsür Azərbaycan cəmiyyətində özünə asanlıqla yer edib çiçəklənə bilir. Bu çözülmənin 100-150 illik tarixi keçmişi var, bu gün proses daha sürətlə davam edir.
Milli gücü sadəcə maddi ünsürlər meydana gətirmir. Millətin mənəvi aləmi, ziyalı potensiyalı, elm və təfəkkür dünyası da milli gücün formalaşmasında mühüm rol oynayır. Yəni, məsələn, alman milli gücü sadəcə “Mercedes” və ya “Audi”dən ibarət deyil, həmçinin Lüter, Kant, Hegel, Nitşedən ibarətdir.
Tarixə öz möhrünü vurmuş mədəniyyətlərin dörd əsas ünsür üzərində bina edildiyinin şahidi oluruq. Bunlar sağlam ideoloji əsaslara istinad edən qüdrətli hərbi güc, hər cür bəşəri təhəkkümdən azad hüquq sistemi, sərbəst rəqabətə əsaslanan, bununla yanaşı maksimalizmin vəhşi ehtirasından hüquq prinsipləriylə qorunmuş iqtisadiyyat və sağlam düşüncənin azad ifadəsinin mükmün olduğu qədər təmin edildiyi təhsil sistemi.
- Sizcə, bizim xalq bu prosesə hazırdırmı?
-İzninizlə sualınıza sualla cavab vermək istərdim. Gücün biləkdə deyil ürəkdə olduğunu bilirik. Ən müasir silahlarla silahlanıb təchiz edilsə belə Azərbaycan gəncliyinin mənəviyyatı sağlam ideoloji əsaslara istinad edirmi? Ölkəmizdəki hüquq sistemi hər cür bəşəri təhəkkümdən azaddırmı? İqtisadiyyatımız və təhsil sistemimiz həqiqətən müasir tələblərə cavab verirmi?
Xalq hər zaman, hər şeyə hazırdır. Qatara hərəkəti verən lokomotivdir. Vaqonlar sadəcə onun ardınca gedirlər. Cəmiyyətin lokomotivi isə ziyalılardır. Yeniliklərdən, yeni fikirlərdən qorxmaq lazım deyil. Ümumun mənafeyi hər zaman ayrı-ayrı fərdlərin mənafeyindən üstün tutulmalıdır. Ayrı-ayrı fərdlərin mənafeyinə ziddir deyə islahat aparmaqdan çəkinmək xalqın ayağına qandal vurmaq deməkdir. Ali təhsil müəssisələri yeni fikirlərin istehsal edildiyi fabriklər olmalıdır. Bizdə belədirmi? Azərbaycan ziyalısının zehni buxovlardan azad ola bilibmi? Ayda 200-250 manata məhkum edilmiş ziyalıdan nəsə gözləmək olarmı? Əgər bir məmləkətdə təlxəyin, mütrübün həyat standartları ziyalınınkından qat-qat yüksəkdirsə burada artıq nədənsə danışmaq əbəsdir.
Azərbaycan sadəcə Bakı şəhərindən, Abşeron yarımadasından ibarət deyil. Diqqət yetirirsinizsə bütün resurslar ölkənin sadəcə bu kiçik qismində toplanıb. İnzibati idarə sistemində islahat aparmaq lazımdır. Azərbaycan 10-12 vilayətə bölünüb vilayət mərkəzləri təsis edilməlidir. Bakı şəhərinə 3 və ya 4 ali təhsil müəssisəsi kifayət edər. Ali təhsil müəssisələri vilayət mərkəzlərinə köçürülməlidir. Bu həmin vilayətlərdə, regionlarda pul dövriyyəsinin artmasına təkan verəcəkdir. Xidmət sektoru həmin şəhərlərdə istər-istəməz inkişaf edəcəkdir. Həm dövlət, həm də özəl müəssisələr açılacaq, bu şəhərlərin əhalisinin sayı artacaqdır. Belədə Bakının üzərinə düşən güc də azalacaqdır. Bakıda kommunal xidmətlərin istifadəsi azalacaq, bir çox problemlər, çatışmamazlıqlar aradan qalxacaqdır. Dövlət lazımi tədbirləri görüb, vacib islahatları vaxtında və heç bir güzəştə getmədən aparsa xalq bu prosesə hazır olacaqdır.
Söhbətləşdi: Elnur Eltürk