Bakı şəhərinə yeni icra başçısı təyin edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev E.Ə.Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin"
Eldar Əzizovun tərcümeyi-halını təqdim edirik:
Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib.
1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə "Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.
Miq.az