“Biz bununla tarixə düşəcəyik"

“Biz bununla tarixə düşəcəyik"

Bakıda keçiriləcək I Avropa Oyunlarına iki aydan az vaxt qalır. Paytaxt Bakıda hər addımbaşı möhtəşəm idman bayramına hazırlıq hiss olunur. İstər yerli, istərsə də əcnəbi ekspertlər turizmin inkişafı istiqamətində Azərbaycanın coğrafi imkanlarını yüksək dəyərləndirirlər.

Vətəninfo.az Milli.Az-a istinadən xəbər verir ki, sadə vətəndaşlar da bu il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarını böyük idman hadisəsi olmaqla bərabər, həm də turizmin təbliğində və inkişafında yeni mərhələ kimi qiymətləndirirlər. Paytaxtın “Torqovı” ərazisində apardığımız kiçik sorğu da bunu təsdiq edir.
Təqaüdçü Abbas Əliyev hesab edir ki, əvvəllər belə möhtəşəm bir tədbirin keçirilməsi bizim üçün yalnız xəyal idi: “Bundan gözəl, fəxr ediləsi nə ola bilər ki? Azərbaycan dünyada tanınacaq. Bu, bizim fəxrimizdir, mən bir vətəndaş kimi, lazım gəlsə, öz evimdən çıxıb qonaqları qəbul edə bilərəm. Bu, bizim millətin, xalqın, respublikanın adının ucalmasıdır. Bu işə çox müsbət yanaşıram və fəxr edirəm ki, belə bir idman bayramı Azərbaycanda keçiriləcək. Mən bir çox dövlətlərdə olmuşam, elə o vaxtlar istəyirdim ki, mənim də dövlətim azad olsun, belə oyunlar keçirsin”.
Digər bir paytaxt sakini – ömrünün 47 ilini “Azəriqaz”da çalışan Aydın Seyidzadə də bu günlərin tariximizdə qızıl hərflərlə yazılacağını bildirir:
“Biz bununla tarixə düşəcəyik. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi özü bir tarixdir. Kim bunu təşkil edib, kim yaradıb, onların adları da tarixə qırmızı hərflərlə yazılacaq. Bu, bizim tariximizdir”.
I Avropa Oyunlarının ölkəmizə böyük dividendlər qazandıracağını deyən fotoqraf Əzim Mehdiyevin sözlərinə görə, məmnuniyyətlə belə möhtəşəm tədbirdə iştirak edəcək: “I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin, prezidentin böyük uğurudur, nailiyyətidir. Bu həm də təcrübə deməkdir. Mən özüm böyük məmnuniyyətlə oyunlarda iştirak edəcəyəm. Bu tədbirin ölkəyə gətirəcəyi dividendlərə gəlincə, oyunlar həm turizm axınına səbəb olacaq, ölkəyə çoxlu qonaqlar gələcək, həm də beynəlxalq münasibətləri daha da möhkəmləndirəcək”.
AMEA-nın Elmi-Texniki İnformasiya şöbəsinin böyük elmi işçisi Afina Əliyeva hesab edir ki, heç bir vətəndaşın buna mənfi münasibət bəsləməyə haqqı yoxdur: “Doğrudur, mən oyunlara hələ bilet almamışam, amma istəyərdim iştirak edim. Vətəndaş kimi bu, bizim üçün böyük fəxrdir, bu həm də bizim xarici siyasətimizin uğurudur. Mənə elə gəlir ki, heç bir vətəndaşın buna mənfi münasibət bəsləməyə haqqı yoxdur. Bu, birmənalı olaraq hamı tərəfindən yaxşı qarşılanmalıdır”.
Paytaxt sakini Səadət Abdinovanın sözlərinə görə, Bakıda keçiriləcək ilk Avropa Oyunları bizə bir çox sahələrdə olduğu kimi, turizm sahəsində də böyük dividendlər gətirəcək: “Azərbaycan coğrafi mövqeyi, təbiəti, tarixi və müasir inkişaf potensialı baxımından hazırda postsovet məkanında ən çox üz tutulan turizm ölkəsidir. Bu mənada yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman həvəskarlarının yox, eyni zamanda, turistlərin də maraq dairəsində olacaq. Məncə, bunu ancaq alqışlamaq olar”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az