Britaniyalı parlamentar “Chatham House”a etirazını bildirib

Britaniyalı parlamentar “Chatham House”a etirazını bildirib
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekmen Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı Bako Saakyanın Londonda "Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunması faktını pisləyib.
Millət vəkili ötən həftənin sonunda Böyük Britaniya parlamentinin iclasında nitq söyləyərkən "Chatham House”un Bako Saakyanı Londona dəvət etməsinə etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımadığı halda, özünü onun başçısı kimi təqdim edən şəxsə "Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?

 B. Blekmen diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğalı, 1 milyona yaxın azərbaycanlının isə öz evlərindən məcburi köçürülərək qaçqın düşərgələrində məskunlaşması ilə nəticələnib: "Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çox gözləməli olublar”.

APA

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az