Avropanın ortasında 1990-cı illərin ən pis ssenarisi təkrar olunmaq ərəfəsindədir - Balkanlar yenidən barıt çəlləyinə çevrildilir. Bu dəfə balaca Makedoniyadan başlayırlar. Nə qədər istəsələr bəhanə tapmaq olar, səbəb isə bircədir - “Türkiyə axını”.
İndiyədək Rusiya Qərbi Avropaya qazını Ukrayna vasitəsilə nəql edir. Gündən-günə bu, alıcıları da, satıcını da təmin etmir: Ukraynada müharibədir, Kiyev və Moskva düşməndir, ukraynalılar aldıqları qazın pulunu ödəyə bilmirlər, üstəlik də mütəmadi olaraq kəmərdən qaz oğurlayırlar. Bu, sonsuzluğadək davam edə bilməz, deməli, alternativ nəql marşrutu tapılmalıdır.
Tapılır da - Rusiya Anapadan Qara dəniz vasitəsilə Bolqarıstana qaz kəməri çəkmək layihəsini təklif edir. Bolqarıstanın Varna şəhərində yaradılacaq xabdan müştərilər qazı alıb özləri son nöqtəyə nəql edəcəklər. Bu layihəni “Cənub axını” adlandırırlar. Hamı razıdır - Rusiya da, Bolqarıstan da, müştərilər də. Ancaq ABŞ narazıdır. Halbuki absurddur: Avropada kimin kəməri haradan aparmasının ABŞ-a nə dəxli var? Ancaq sual ritorikdir.
ABŞ-ın ardınca onun satellitləri - Avropa İttifaqı və Avropa Komissiyası da “Cənub axını”nın əleyhinə çıxır. Paradoksal situasiyadır: Qərb Ukraynadan keçən kəmərdən oğurluqlara, nəqldə baş verən problemlərə, deməli, özünün çətinliklərinə razıdır, ancaq rahatlığa, effektivliyə yox. Geosiyasət, bir sözlə. Üstəlik də, ABŞ-ın təzyiqlərindən sonra Bolqarıstan mövqeyini diametral dəyişir - əvvəl verdiyi razılıqdan imtina edir.
Hər şey onunla bitir ki, ötən ilin dekabrında Vladimir Putin “Avropa Komissiyasının qeyri-konstruktiv mövqe tutması səbəbindən” layihənin - “Cənub axını”nın reallaşmayacağını birdəfəlik elan edir. Əvəzində isə yeni plan hazırlanır. Moskva və Ankara yeni dəniz qaz kəmərinin tikintisinə dair razılığa gəlirlər. Qaz Anapadan Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılır, oradan isə Yunanıstana nəql olunur (yəni Bolqarıstanın yerini Yunanıstan tutur). Orada yaradılan qaz xabından yanacaq Cənubi Avropaya paylaşdırılır. Bu layihəni “Türk axını” adlandırırlar.
Sanki yenə də hamı razıdır: satıcı (Rusiya), vasitəçi (Türkiyə), habelə Yunanıstan, Makedoniya, Rumıniya... Və mayın 9-da “Qazprom”un rəhbəri Aleksey Miller podratçılara “Türk axını”nın tikintisinə başlamağı tapşırır. Kəmərin istismarına 2016-cı ilin dekabrında başlamaq planlaşdırılır.
Və məhz mayın 9-da - bütün dünyanın nasizm üzərində Qələbəni bayram etdiyi bir gündə də Balkanlarda vəziyyət kəskin şəkildə gərginləşdirilir. Rejissor kimdir? Bu da ritorik sualdır.
Məsələ ondadır ki, yenə də layihəyə qarşı ilk çıxan Vaşinqton olur. ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn Afinada keçirdiyi danışıqlarda Yunanıstanın energetika nazirinə açıq mətnlə bildirir ki, Ağ Ev “Cənub axını” kimi “Türk axını”nın da əleyhinədir.
Amerikanlar əvvəlcə bu qədər açıq mövqe ortaya qoymurdular. Məsələn, ABŞ-ın Afinadakı səfiri öz ölkəsinin layihəyə münasibətini ehtiyatla, neytral kəlmələr seçərək ifadə edirdi. Və elə bu da ona karyerası bahasına başa gəldi - o, vəzifəsindən uzaqlaşdırıldı və geri çağırdı. Rəsmi səbəb kimi isə səfirin “yetərincə fəallıq göstərməməsi” göstərilir.
Ancaq Ağ Ev yunanları fikrindən döndərə bilmir. Yunanıstanda hazırda hakimiyyətdə olan “Siriza” (radikal Sol koalisiya) “Türk axını”nın ölkəsinə xüsusən də indiki dərin böhran vəziyyətində böyük faydasının fərqindədir (Üstəlik, bu, gələcəkdə Rusiyadan maliyyə yardımları almağa da yardımçı olacaq).
Afinanı niyyətindən ultimativ şəkildə daşındırmaq istəyən ABŞ və Avropa İttifaqı isə alternativ kimi heç nə təklif etmirlər. Yəni yunanlar mövqelərini dəyişmir. Onda qalır digər ölkələrə təzyiq göstərmək.
Məsələ ondadır ki, Makedoniyanın, yaxud Serbiyanın da layihədən imtina etməsi “Türkiyə axını”nı eynilə “Cənub axını” kimi dəfn edəcək. Elə bu səbəbdən də yenidən Balkanlarda qorxulu ssenarilərə rəvac verilir.
Bu, çoxdan sınanmış metoddur - hansısa iri layihəyə mane olmaq lazım gələndə onun marşrutu üzərində ocaq qalayırlar. Bəhanələr isə həmişə boldur və hər biri də səbəb kimi qələmə verilir.
Məsələ ondadır ki, Yuqoslaviyanın parçalanmasından qan-qadasız çıxan Makedoniyada digər potensial təhlükə ocağı yaradılıb - 2 milyonluq ölkənin əhalisinin 25 faizi etnik albanlardır. Onlar 1990-cı illərin sonlarında Kosovodan qaçıb gəliblər və makedoniyalılar onlara sığınacaq verib. Sonra albanlar mədəni-milli hüquqların genişləndirilməsini istəyib - Skopye buna da razılaşıb (“Oxrid sazişi”).
Ancaq qondarma Kosovonu yaratmaqla Qərb keçmiş Yuqoslaviyanın indiki subyektlərində istədiyi vaxt düyməni basaraq xaosa yol açmaq planını gerçəkləşdirib. Kosovo terrorun və xaosun rezervuarı kimi düşünülüb. İllər boyu onun lideri (əvvəl de-yure, indi isə de-fakto) “Kosovo Azadlıq Ordusu”nun komandiri Haşimi Taçi olub. Onun insan alveri, orqan alveri (“qara transplantasiya”) və narkotik alveri ilə məşğulluğu sübut olunmuş faktdır (Karla del Pontedən Avroparlamentin deputatlarına qədər bunu sübut edib).
Ancaq ABŞ Taçini Haaqa məhkəməsinə göndərmək əvəzinə sadəcə baş nazir postunu Xarici İşlər Nazirliyi və baş nazirin müavinliyi ilə əvəzləməyə çağırıb. Çünki, cani hələ istifadə müddətini tükətməyib.
Və budur, “Türk axını”nı dəfn etmək üçün də analoji yola növbəti dəfə əl atılır. Əvvəlcə aprelin 10-da alban terrorçular Makedoniyanın hökumət binasını atəşə tutur. Sonra aprelin 21-də yaşayış məntəqələrinin birində polis şöbəsinə hücum çəkərək oradakıları girov götürürlər.
Ancaq kulminasiya nöqtəsi mayın 9-da qeydə alınır. Həmin gün Makedoniyanın şimal-şərqində - Kosovo ilə sərhədin yaxınlığında yerləşən Kumanovo şəhəri qanlı döyüşlərə meydan olur. 70 min əhalisi olan Kumanovoda 23 min makedon, 17 min alban, 5 min serb, 5 min qaraçı yaşayır (qalanlar da etnik cəhətdən rəngarəngliyi tamamlayır).
Kosovodan Kumanovoya keçən 80 nəfərlik silahlı dəstə şəhərdə mülki və dövlət binalarına qarşı teaktlar hazırlayır. Makedoniya polisi mayın 9-da silahlıların məskunlaşdıqları evləri mühasirəyə alır. İlkin nəticələrə görə, 8 polis həlak olur və 14 terrorçu öldürülür. Daha 30 terrorçu təslim olur, qalanları isə aradan çıxır. Şəhərin darısqal küçələrində gedən döyüşlərdə mülki şəxslərin həlak olmaması möcüzədir. Makedoniyada 2 günlük matəm elan edilir.
Balaca bir şəhərə 80 nəfərlik silahlı dəstənin yeridilməsi artıq müharibə ssenarisindən xəbər verir. Buraya gəlmələrə sığınacaq və ərzaqla yardım edən yerli albanları da əlavə edəndə yetərincə böyük rəqəm alınır.
Hadisədən sonra Makedoniya DİN məlumat yayaraq terrorçuların 5 başçısının adlarını açıqlayır. 1990-cı illərin müharibəsi zamanı səhra komandirləri olmuş həmin şəxslərdən üçü ələ keçib, ikisi isə aradan çıxa bilib. Prezident Nikola Qruyevski onları “Avropanın ən təhlükəli terrorçuları” adlandırır (Onları kimin yetişdirdiyini isə bilməyən yoxdur ki?!).
Sinxron olaraq Kosovo parlamentində müharibə çağırışları səsləndirilir. Deputatlardan biri Makedoniyaya hədə gələrək deyir: “Biz 7 milyon alban hətta əliyalın onların üzərinə yerisək, ayaqlarımızın altında qalarlar”.
Parlamentin vitse-spikeri Aida Derqutinin sözlərinə görə, “Kumanovoda albanlara hücum edib onları qətlə yetiriblər”.
Habelə Serbiyada analoji ovqat var və Makedoniyadakı serbləri albanlardan xilas etmək üçün ora qoşun yeritməyə hazır olduqlarını söyləyirlər. Bir sözlə, latentliyi qorunub saxlanaraq istənilən an qaynar fazaya keçirilməyə hazır münaqişəni yenidən alovlandırmaq cəhdləri göz önündədir. Bircə günün ərzində bütün bölgənin temperaturu əməllicə yüksəldildi.
Məşhur sual yenə qüvvədədir: “Bu, kimə sərf edir?” (“Qui prodest?”). Cavab da aydındır. Xalqların yaşamı növbəti dəfə böyük güclərin qarşıdurmasının güdazına verilir. “Türk axını” ilə axacaq qaz isə Balkanları qana bələmək üçün səbəb rolu oynaya bilər...
Virtualaz.org