May ayında dahi şairimiz Səməd Vurğunun ölümündən 57 il keçir. Zaman-zaman xatirəmdə yaşatdğım əmimin söylədiyi sözləri qələmə alaraq dəyərli oxucularla bölüşmək qənaətinə gəldim...
80-ci illərin qarlı-şaxtalı uzun qış gecələri... Yadigar kostyum-şalvar...
Köhnə odun sobasının ətrafına toplanıb, əmim Şərif kişinin tut ağacından düzəldilmiş köhnə taxtında bardaş qurub oturub, səksən yaşlı əmimin uzun-uzadı və maraqlı söhbətlərini dinləyib, Nigar anamın dadlı, duzlu əriştəli şorbasından içib, soyuqdan büzüşmüş bədənimizi qızdırıb qış gecələrini beləcə yola verərdik ki, görək yaza nə qaldı. Çillə, böyük çillə, kiçik çillə, xıdır-əlləz, boz ay, çərşənbələr və Novruz bayramı haqqında əmimin rəvayət və əfsanələrini yaddaşmıza hopdururduq. Qarı nənənin marta dediyi kəlməni də əzbər bilirdik:
Mart gözünə barmağım,
Yaza çıxdı oğlağım...
Əmim sanki folkloru çox dərindən mənimsəmişdi. Yazın gəlişində həmişə o, “Mart çıxdı, dərd çıxdı” deyərdi.
Hər dəfə toplananda gah Salahlı bəylərindən, gah Salahlı Qaçaq Cahangirdən, gah Mehdi ağadan, Annax bəydən söhbət düşəndə bilərdik ki, bu hansı tayfadandırlar.
Bu dəfə hazırlıqlı - qələmli, dəftərli gəlmişdim. Gəlmişdim ki, Şərif əmimin danışdıqlarının hamısını yazam. Xatirə kimi yadımızda qalsın, itib-batmasın əmimin dərya dolu bildikləri, keçmişimizi unutmayaq. Yada salaq, oxuyaq.
Əmim içəridə “peç”in kənarında köhnə taxtın üstündə uzanmışdı. İçəri keçdim, otaq yarı işıq, yarı qaranlıq idi. “Peç”ə odun doldurub, nöyüt aradım.
- Ay ciji, (əmimin ömür-gün yoldaşı, yetmiş yaşlı Nigar anama belə müraciət edərdik) nöyütümüz varmı? Hardadır?
Hə - dedi – atam-anam, qapının çölündədi, çölə çıxanda nöyüd butulkası düz gözüyün içinə baxajax. Canı sağ olmuş Zabit yenə “kanistr”imizi doldurub, bir ay bəsimizdir – dedi. Nefti “peç”ə doldurduğum odunun üstünə töküb, spiçkanı çəkdim. Quru odun çırtıldaya-çırtıldaya yanmağa başladı. İçəri yavaş-yavaş isinirdi. Əmimin yanında taxtın üstündə oturub:
- Ay qağa, - Şərif əmimi atamın dili ilə belə çağırardıx – qəlyanını doldurummu? – dedim.
- A Alı kişinin qızı – deyə o biri otaqda iş görən Nigar anamı səslədi: - Gör torbanın dibində tənbəki qırığı qalıbmı? – dedi.
Soba çathaçatnan yanırdı. Üstündəki qara çaydan da qızırdı. Qalxıb stəkan-nəlbəki gətirib həm əmimə, həm də özümə çay süzüb yenə yerimdə oturdum. Bu dəfə əmim o biri otaöa yenə səsləndi:
- Gör bizə çaymızı içməyə xırttadan, zaddan nəyin var? (əmim “xırtta” deyəndə çay içməyə şirni şəkər nəzərdə tuturdu). Nigar anam o biri otaqdan əlində balaca nəlbəkidə bir-iki noğul gətirib qabağımıza qoydu.
- İsgəndərin canı üçün axrıncıdı, şəkərimiz qurtarıb – dedi.
Köhnə tənbəki torbasını da mənə verib:
- Tənbəkisi də az qalıb! Tacir gəlif Qaraçöpə getsəydi, oradan gürcü tənbəkisi gətirəcək – dedi.
Tənbəki torbasının ağzını açıb tütün çıxarıb əmimin zoğal qəlyanımı doldurdum. Baş barmağımla bərk basıb döydüm. Dodağıma alıb kibrit çəkdim tənbəkiyə od saldım, qəlyan tüstüləndi. Bir-iki qullab aldım, çaçadım. əmimə verib dedim:
- A qağa elə bil ki, bir az acı dad verir.
- Olanım budu, o da qurtarıb– dedi.
- Ay qağa indi danış –deyə qələm dəftəri əlimə alıb, yerimi bir az da rahatladım – Səməd Vurğundan danış. Nə cür danışsan elə o cür də yazacam.
Əvvəlki söhbətlərindən bilirdim ki, böyük şairimiz Səməd Vurğunun Salahlıda ən istəkli dostlarından biri və birincisi elə məhz əmim Şərif olub. Böyük şair Qazağa, Salahlıya gələndə mütləq əmimi axtarıb taparmış. Birgə ova gedərmişlər. Əmim də çox sərrast atıcı imiş. Hətta o, o qədər dəqiq nişan alan imiş ki, Salahlı toylarında bəy ağacının ucundakı ən xırdaca hədəf belə ancaq əmim tərəfindən vurulub salınarmış. Buna görə də Səməd Vurğun həmişə ancaq əmimlə birgə ova gedərmişlər.
Əmimin söylədiyi və yazıya aldığım əhvalat da ov macərası ilə bağlıdır.
Səməd Vurğunun Qazağa yolu düşəndə dayandığı ev. Gecələdiyi məkan - əmisi qızı Afayat xanımgil – Bəhram İsgəndərin evi olarmış.
1948-ci ilin bir payız günündə Bəhram İsgəndər atlı göndərib Şərif ımimi çağırtdırır: “gəl Səməd Vurğun gəlib, ova getmək istəyir”. Şərif əmim tez Bəhram İsgəndərin evinə gəlir. Şairlə görüşüb, qucaqlaşır. Afayat xanımla, Bəhram İsgəndərlə, oğlu Novruzla da görüşüb hal-əhval tutub süfrə arxasına keçirlər. gecəni şairlə birgə Bəhram İsgəndərin evində gecələyirlər.
Səhər o başdan qalxıb üçü də tüfəngləri götürüb Kürün sahilinə enirlər. Heç Kürə çatmamış çalpoydan-zıvıllıxdan bir qırqovul şaqqıldayıb havaya qalxır. Əlində tüfəngi hazır tutan şair ilk atəş açır. Güllə boşa çıxır. Sonra Şərif əmim atəş açır. Qırqovul aralıda moruqluğa düşür. Bəhram İsgəndər tez itini səsləyir: “Tirmə, Tirmə axtar, axtar!”. Tirmə cəld zıvıllığa cumur. Yarım saatdan sonra suyu süzülə-süzülə boş geri qayıdır. İstəkli itinin boş qayıtmasından pərt olan Bəhram İsgəndər itinə yaman acıqlanır. Ancax Tirmə bir də zıvıllığa girmək istəmir.
Şair Şərif əmimə deyir:
- Şərif, sən canın, qoyma o şikar hayıf olsun, tap çıxart.
Şərif əmim:
- A Səməd, mən vurdum, siz də tapın çıxardın. Nejə ellesiniz elleyin. Mənim var yox bir dəst əyin-başım var, onu da bu moruxluxda piltik-piltik eyləmək istəmirəm – deyir.
Bunu eşidən şair deyir:
- A Şərif, canın üçün Bakıdan sənə təzə bir dəst kostyum-şalvar alıb göndərəcəyəm.
Şərif əmim sakitcə sinəsinə qıdər suya girir və yarım saat sonra qızılı rəngli bir xoruz qırqovulla geri qayıdır. Yenə bir, iki dənə ördəkdən, yaşılbaşdan vurub geri qayıdırlar. Bəhram İsgəndərin evində stol açılır, yeyib içirlər. Keflənən ev sahibi deyir:
- A Səməd qağa, hər şeyə - ceyrana, marala, turaca söz qoşdun, mənim Tirməmə də bir söz qoşsan.
Səhər hərə öz işinin dalınca bir yana gedir. Səməd Vurğun da Bakıya qayıdır. Bəhram İsgəndər səhər balışının altından bir qaralama şeir tapır və dodaqaltı qımışır:
Bəhram İsgəndərin dürək Tirməsi,
Əslinin nəslinin son yetirməsi.
Əvvəl pələng kimi soxuldu kola,
Sonra qatır kimi düzəldi yola.
Aradan bir ay müddətində vaxt çeçir. Bir gün poçtalyon Şərif əmimə bir bağlama gətirir. “Bakıdan göndəriblər”- deyir. Bağlamada təzə bir dəst qara kostyum-şalvar var imiş. O dəqiqə bilir ki, bunu ancaq Səməd Vurğun göndərmiş olar. bütün verdiyi sözlərə sadiq olan şair, verdiyi bu sözə də sadiq olur. Ovçu dostuna təzə bir libas göndərir.
- Neçə illər məclislərə geydim. Mənə yaman yaraşıq verirdi, indi mamam köhnəlib – deyə qəlyanına ara verdi:
- A Alı kişinin qızı, mənim libasımı gətir – dedi.
Nigar ana köhnə cehizlik sandığını açıb oradan bir dəst paltar çıxartdı. Bu, naftalin iyi verən qara nilmdaş kostyum-şalvar idi.
Böyük şairin bu hədiyyəsini Şərif əmim ömrünün sonuna kimi ən böyük yadigar kimi saxladı.
Vəliyev Fərman Ələs oğlu,
Qazax rayon Yuxarı Salahlı kənd sakini