Üç rəngli qibləgahım! Ay-ulduzlu and yerim!
Elçin Mirzəbəyli
...Səni dalğalandıran
küləyə qurban olum
Üç rəngli qibləgahım!
Ay-ulduzlu and yerim!
Səni göydən endirən
mələyə qurban olum!
İstə məndən...
Nəyim var uğrunda qurban verim!
...Göylər mavi rəngindən
Rəng alıb təzələnsin!
Uçsun qara buludlar,
Dünya nura bələnsin!
Al qırmızı rəngindən
Qoy rəng alsın çiçəklər!
Yanağını öpməyə
Növbə çəksin küləklər!
O gözəl yaşılından
Don geyinsin çəmənlər.
Ay-ulduzla bəzənsin
Lalələr, yasəmənlər!
Ey... üçrəngli Bayrağım,
Dilimdəki son nida!
Ucaldığın yerlərin
Tozuna canım fəda!
Miq.Az