Cahangir Əsgərov aeroportun ərazisində nar plantasiyası salıb və daha nələr-nələr…
Son ayların əsas müzakirə mövzularından biri "Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) həm sərnişindaşıma, həm də
karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək
olmasıdır.

Qeyd
edək ki, prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin
iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar
versə də, AZAL rəhbərliyi tərəfindən bu sahədə hər hansı ciddi addım
atılmayıb. Düzdür, prezidentin tənqidindən sonra AZAL rəhbəri Cahangir
Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını
və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin
(lou-kost istiqamətlər) yaradılacağını açıqladı. Aşağı büdcəli
sərnişindaşıma xətlərindən biri – Bakı-Antalya-Bakı xətti bu ayın
əvvəlindən işə düşməli olsa da, verilən məlumatlar göstərir ki, bu vəd
də yerinə yetirilməyib. Hər halda AZAL-ın xidmətindən istifadə etmiş
sərnişinlər deyirlər ki, ucuz bilet almaq istəsələr də, tapa
bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi
prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı
salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir.
Məsələ ondadır ki, Azərbaycanın hava məkanını inhisara alan, ucuz
sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmayan
AZAL rəhbərliyinin bu cür qiymət siyasəti yalnız vətəndaşların cibinin
soyulmasına deyil, eləcə də, dövlətə ciddi ziyan vurur. Biletlərin qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksək olması birinci növbədə Azərbaycana turistlərin cəlb olunmasına mane olur ki, bunun da çoxsaylı zərərləri var. Belə ki, ölkəyə xarici valyutanın gəlməsinin qarşısını alır, işgüzar
mühiti aşağı salır, bölgələrin turizm potensialından istifadəyə imkan
vermir, xidmət sahəsində maaşalanların gəlirlərinin aşağı səviyyədə
qalmasına səbəb olur, bu sahədən büdcəyə daxl olan vergilərin minimum
səviyədə qalmasına gətirib çıxarır və sair.

İkincisi, AZAL
rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq
etdiyi qiymətlərin yüksək olması şirkətin potensialından lazımı şəkildə
istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, AZAL-ın xidmətindən imtina edir.
Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə
öhdəliklərini artırmağa imkan vermir. Təsadüfi deyil ki, AZAL-ın uzun
illərdir ki, büdcəyə bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla
işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Belə
ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da,
bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə
qarşısında təqribən 14 milyon manat borclu qalıb.
Düzdür,
bunun əsas səbəbi AZAL-da korrupsiya, şirkətin prezidenti Cahangir
Əsgərovun bütün gəlirli sahələri öz holdinqinə – "Silk Way”ə dövr etməsi
ilə bağlıdır. Bununla bağlı ötən illər ərzində "AzPolitika.info” saytı
bir-neçə geniş araşdırma yazıları təqdim etdiyindən, təkrarlamaq
istəmirik.
Təkcə onu qeyd edək ki, son illər bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilib. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən "Azərbaycan Hava Yolları”na 860 milyon manat vəsait ayrılıb!
2005-ci ildə – 5 milyon;
2007-ci ildə – 25 milyon;
2008-ci ildə – 28 milyon 200 min;
2009-cu ildə – 54 milyon 721 min;
2010-cu ildə – 115 milyon 200 min;
2011-ci ildə – 261 milyon 521 min;
2012-ci ildə – 232 milyon 650 min;
2013-cü ildə – 177 milyon 864 min;
2014-cü ildə – 20 milyon.
Şübhəsiz ki, AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq
etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz
şirkətdəki korrupsiya, gəlirlərin mənimsənilməsi və lazımsız
istiqamətlərdə xərcləmələrlə bağlıdır. Elə son aylar AZAL-ın qiymət
siyasətinə qarşı kampaniyanın müəlliflərindən biri olan tanınmış
hüquqşünas Aslan İsmayılov da bu fikirdədir. O, mediaya son açıqlamasında bildirib ki, AZAL-ın
qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: "Atılan
addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını
ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması 
görüntüsünü yaratmaq üçün fırıldağa əl atdı və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə ”qiymət endirimi” faktiki olaraq əvvəlki bilet qiymətindən baha edir. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir”.
Bu deyilənləri şirkət daxilindən "AzPolitika.info”ya verilən bəzi maraqlı məlumatlar da sübut edir. AZAL-dakı
mötəbər mənbənin sözlərinə görə, hazırda "Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aviaparkında xeyli sayda müasir
avialaynerlər mövcuddur. Belə ki, AZAL uçuşları "Airbus”, "Boeing”,
"Embraer ERJ” tipli müasir, komfortlu sərnişin təyyarləri ilə həyata
keçirir. Ancaq AZAL QSC-nin təyyarə parkının imkanlarından tam istifadə
olunmur. Belə ki, faizlə götürsək, sərnişin daşınması üzrə AZAL-ın imkanlarının maksimum 50 faizindən istifadə edilir.
Əvvəllər AZAL QSC-nin aerozalları ildə 3 milyon sərnişini qəbul etmək
imkanına malikdi. Ancaq bu imkanın yalnız 40 faizindən istifadə
edilirdi.

Ancaq ötən ilin aprelində Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışından sonra, bu imkan 3 dəfə artdı. Bunu açılışda iştirak edən Prezident İlham Əliyev də bəyan etmişdi. Sitat: "Təkcə
onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət
edəcəkdir. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı
şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini
qəbul etmək imkanına malikdir.
Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər”.
Bura digər şəhər və rayonlardakı
aerovağzalların imkanlarını da əlavə etsək, AZAL-ın il ərzində 11-12
milyon sərnişinə xidmət etmək imkanının olduğunu söyləyə bilərik. Ancaq
bunun heç 20 faizindən belə istifadə olunmur.
Belə ki, 2014-cü ildə AZAL 1 milyon 800 mindən bir qədər çox sərnişin daşıyıb ki, bu da imkanlardan 5-6 dəfə azdır.
Ancaq qəribə də olsa, belə bir vəziyyət AZAL-ın nəinki qənaətcil davranmasına səbəb olub, əksinə, bədxərcliyini daha da artırıb. Belə
ki, sərnişin gəliş-gedişinin az olmasına baxmayaraq, AZAL sərnişin
tutumu 240-250 nəfər olan 2 ədəd "Airbus A340-500”, sərnişin tutumu
220-230 nəfər olan "Boeing 757” və «Boeing-787-8» tipli yeni iri tutumlu
təyyarələrin alınması davam etdirilib. Ancaq belə təyyarələr Azərbaycan bazarına tamamilə lazımsızdır.
Təsadüfi deyil ki, qeyd edilmiş təyyarə tiplərinə külli miqdarda vəsait
xərclənməsinə baxmayaraq, onlardan demək olar ki, istifadə edilmir.
Halbuki belə bahalı aviatexnika həmişə uçuşda olmalıdır. Buna
baxmayaraq, çoxtutumlu bahalı təyyarələr Binə Hava Limanındaki bazaya
gətirilən gündən, praktiki olaraq, fəaliyyətsiz saxlanılırlar.

Məsələn, "Boinq-787-8” anqarda saxlanılıb, "Airbus A340-500” hərdənbir uçuş xəttinə buraxılır. Bu zaman əksər yerlər boş gedir.
Belə görünür ki, AZAL boş yerlərin pulunu da biletin üzərinə gələrək
əhalidən alır. Buna görə də, AZAL-ın biletlərinin qiyməti başqa
aviaşirkətlərin biletlərindən bir neçə dəfə baha olur. Halbuki,
xeyli ucuz qiymətə bir qədər kiçik tutumlu təyyarələr almaqla, həm böyük
vəsaitlərə qənaət etmək olar, həm biletlərin qiymətini aşağı etmək, həm
də uçuşların rentabelliyini təmin etmək.
Qənaət olunan vəsaiti isə, AZAL-ın işçilərinin maaşlarının artırılmasına
və digər sosial ehtiyaclara sərf etmək olar. Ancaq deyəsən, C.Əsgərovu
bunlar o qədər də maraqlandırmır.

Bəlkə də, bu, Aslan İsmayılovun iddia etdiyi kimi, C.Əsgərovun Azərbaycan vətəndaşına olab münasibəti ilə bağlıdır. Sitat: "Cahangir
Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul
qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir.
Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla
maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş
yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan
dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən
ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.
AZAL-dakı mənbənin "AzPolitika.info”ya təqdim etdiyi bəzi məlumatlar da,
C.Əsgərovun Azərbaycan mütəxəssislərinə mənfi, hətta demək olar ki,
yaramaz 
münasibətinin mövcudluğundan xəbər verir.Təsadüfi
deyil ki, AZAL-ın rəhbərliyində barmaqla sayılacaq qədər az
azərbaycanlı var, əksəriyyət digər millətlərin nümayəndələridir. Mənbə deyir ki, C.Əsgərovun bu münasibətinə görə, milli mütəxəssislərin hazırlanması böyük problemə çevrilib. "Çunki
yerli mütəxəssislər AZAL-da məsul vəzifələrdə çalışan digər millətdən
olanların (rus, yəhudi, tatar, ləzgi) təzyiqi altında işdən çıxmaq
məcburiyyətində qalırlar”, deyə mənbə bildirir.
Deyilənləri AZAL rəhbərliyində təmsil olunan şəxslərlə bağlı
"AzPolitika.info”ya təqdim olunan natamam siyahı da təsdiqləyir. Həmin
siyahıya diqqət edək:
1.AZAL prezidenti Cahangir Əsgərov – milliyəti naməlum;
2.İqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident – Andropova Lyubov Pavlovna – Rusiya vətəndaşı;
3.Hüquq İdarəsinin rəisi – Kazımova Lyudmila Akperovna;
4.Xüsusi şöbənin rəisi (I şöbənin) – Tarasova Valentina Qavrilovna;
5.Maliyyə-iqtisad İdarəsinin rəisi – Quliyev Ələddin Xeyirbəy oğlu, milliyətcə ləzgidir;
6. Baş mühasibin müavini – Knyazeva Vera Vasilyevna;
7. Baş mühasibin müavini - Qusarova Marina Qəzənfərovna;
8. İqtisadi Proqnozlaşdırma Xidmətinin rəisi – Bikinina Raisa
9. İqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri – Kalinova Nina Anatolyevna və s.
Metrologiya xidmətində 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri hamısı rusdur.
"Azərbaycan Hava Yolları” QSC-nin "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi:
Rəhbərliklə yanaşı, "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi işçilərinin 70 faizindən çoxu digər millətlərdəndir. AZAL–a aid digər müəssisələrdə də durum eynidir.
Məlumatlara görə, təyyarələrin təmiri xidməti yerli mütəxəssislərlə eyni səviyyədə olmayan Türkiyə vətəndaşlarının rəhbərliyi altındadır.
Son vaxtlara qədər Milli aviaşirkətin icraçı direktoru Baltikyanı ölkələrin birindən olan xanım idi.
Daşınmaların Təşkili Xidmətinin müdiri Avstriya aviaşirkətinin keçmiş təmsilçisi Kristina adlı qadın idi.
Bunlar AZAL heyəti haqqında məlumatların kiçik hissəsidir. Bizim milli mütəxəssislər AZAL-dan kənarda özlərinə iş axtarmaq məcburiyyətindədirlər. Bu faktlar Cahangir Əsgərovun Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxdığına dair fikirləri təsdiqləyir.
AZAL-dakı mənbənin digər məlumatları isə sensasiya xarakterlidir. Lakin onların dərindən araşdırılmasına ehtiyac var. Məsələn, mənbənin iddiasına görə, 2008-ci ildən AZAL-da tətbiq olunan "Sofi” proqramına Rusiyadan nəzarət etmək imkanları var. Belə ki, AZAL-la bağlı bütün məlumatların cəmləşdiyi bu proqramın bazası Moskvada yerləşir.
Digər bir məlumat: Cahangir Əsgərov aeroport ərazisinin bir neçə hektarında nar plantasiyası salıb. Bu plantasiyada yetişən xüsusi sort nardan C.Əsgərovun həyat yoldaşına məxsus kosmetika şirkətinin – «Qazelli» parfümeriya şirkətinin məhsullarının hazırlanmasında istifadə olunur.
Belə bir şəxsin Azərbaycanın hava məkanının şəriksiz sahibi olması nə dərəcədə doğrudur?
AzPolitika.info