Cəlil Məmmədquluzadənin Həmid Herisçiyə və Sərdar Calaloğluna gecikmiş məktubu

Cəlil Məmmədquluzadənin Həmid Herisçiyə və Sərdar Calaloğluna gecikmiş məktubu

“Bikarlar məhəlləsi”

Salam ey mənim müsəlman bacı qardaşlarım! Sizin Bikarlar məhəllənizdən tez-tez məktublar alıram. Məni burada da yada saldığınız üçün minnətdaram. Deyəsən bikar oturmaqdan məktub yazırsınız. Amma üzürlü hesab edin ki, hər dəfə sizə məktub yaza bilmirəm. Çünki, poçt qutusu bizim evdən çox uzaqdı. İtqapandan Novruzəlinin buraya yolu isə çox az hallarda düşür. Başqa adamlara isə güvənmir, məktubun sizə yetişməməsindən nigaranam. Bu gün təsadüfən qapı ağzından Novruzəlinin keçdiyini gördüm. Çağırıb hal-əhvalın tutub ondan qapıda gözləməsini xahiş etdim ki, sizə bir neçə kəlmə yazım. Novruzəli də məktubu poçt qutusuna aparıb atsın. 

 Ey mənim bikarlarım! Sizin yaşadığınız dünyadan daha çox mənim bu dünyamı görməyiniz lazımdır. Onsuzda görəcəksiniz. Bu gün, sabah, geci tezi var. Həmişə düşünürdünüz ki, o dünya var, ya yox. Mən də ərz edim ki, var. Və  sizə məktub göndərirəmsə deməli hər şey düşündüyünüz kimidir. Burada keçmiş dostlar bir yerdəyik. O illərin dostları Sabir, Əli Nəzmi, Ə.Haqverdiyev, Ə.Qəmküsar.  Həmişəki kimi Həmidə xanım yenə qeydimə qalır. Yeni əsərlər yazmıram. Nə fayda yazdıqlarım bəs etmədi. Yazıb pozanlar çoxdu burda. Kimlər yoxdur ki? Hər kəs. Bizdən sonra gələnlər də. Hərənin öz dostu tanışı yenə bir yerdə bir masa başında. O günləri yada salırıq, redaksiyaya gələn məktublardan, məcmuədə çap olunan felyetonlarımızdan söhbət açırıq. Xalqa təsirindən və xalqın bugündən. Onu da deyim ki, burada gecə gündüz, saatlar, günlər, illər də yoxdur. Hər kəs bikardır. Burada da kimi qeybət edir, kimi qələmini beş qəpiyə satır, kim də bikarçılıqdan qəlyan çəkir, kimi də çərənləyir.  Elə özüm də bikar olduğumdan bu taydan sizin taya nəzər yetirirəm. Eyni bikarlar sizdə də var. Di gəl sizin tərəflərin məmurun, paqonlusunun, əli qələm tutanın bikarçılığı olmaya. Yoxsa başlayacaqlar qeybət qıran qarılar kimi onun bunun dalısınca danışmağa. Ona dılğır, bun plagiyatçı deməyə... Ay balam, başınıza dönüm sizin ayrı bir işiniz yoxdurmu? İnsan danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Gərək danışığı püribarə ola, məsələn bu kağız kim.  Yoxsa bekarçılıqdan onlarda bizim bikarlar məhəlləsində olduğu kimi ağızlarına gələni danışırlar?

Xülasə, elə bikarçılıqdan məndə qayıdıram bikar sözünə. Sizin bikarlar məhəllənizdən gələndən sonra bu söz haqqında çox düşündüm. Bu bikar nəmənə şeydir. Aya, nədir ey bu bi-karın mənası? Bir dayan deyim.

-Buradakı bi ərəb dilindən aldığımız ön şəkilçidir ki, sözlə birgə almışııq. Karın isə iki mənası var: biri budur ki, qüsurlu olub kimsəni eşitməyən. Yəni, bir ağızdan həqiqəti söyləyələr Kar olduğu üçün sözün havada qala, Dəxi digəridə budur ki, işindən kar, sərmayə götürəsən. Dədə babalar “karlı iş” deyirlər ey bax ondan. Fəqət sən gəl ki, öz işində karlı olmağa çalışasan. Elə iki mənada. Göz görə, qulaq eşidə, dil danışa və sən kar olduğunu deyəsən.  Və ya ki, yüksək yerdə işləyəsən, özünü millətə fəda etmiş kimi göstərəsən. (Bizim o dövr “uçitellər” kimi.) Lakin sonda bunlar kənarə qala sən işindən kar götürmək üçün durub təhqirə keçəsən. Onsuzda bir para əli qələm tutanlarımız indi şəxsi tənqidi fürsət bilirlər.  Dəxi millətə sırınmaq üçün yaxşı fürsət  hardan ələ düşəcək. Çoxusu gündəmi zəbt etmək, özünü gözə dürtmək üçün qələmini karlı işdən yana qullanır. Götürək son zamanlar sizlərdən gələn xəbərlərə. Mənə gələn məktublardan aydın olur ki, orada da “Bikarlar məhəlləsi”nin sakinləri bikar oturmaqdan bir nəticə hasil ediblər. Görüb bu bikarçılıqdan karlı iş çıxarmaq olar. Durub yoldaş Səməd Vurğuna “dılğır” deyiblər. Ay müsəlman, sənin həddin nədir o taydan köçüb getmiş bir nazim haqqında belə danışırsan? İkincisi sizlərdə bir əcəb söz var “Biləcəridən oyana çıxmaq”. Bu sözü kim deyib lap dədəsi rəhmətlik olub. Sən heç Biləcəridən o yana keçə bilmisənmi? Durub  Səmədin zamanında olanlara səhv tutursan. Heç olmasa tez -tez adını hallandırdığınız yoldaş Məhəmməd Əminin “Çağdaş Azərbaycan Ədəbiyyatı”nı oxuyun. Səməd Vurğunun “Vaqif” draması haqqında yazdığı sətirlərdən örnək alın. Sovetlərin təbliğat maşını olan bir dövrdə Səmədin xalq və hakimiyyət problemini qaldırması azmıdır? Bu ürək sizdə ola bilərdimi? Yaxşı bu bir yana, heç olmasa “Vaqif” dramasının yazılıdığı ili yadınıza salın. 1937-ci il represiyasında yazılan bu drama səbəbsiz yazılmamışdı. Drama da vurğulanan və te-tez üzərinə gəlinən “Qan” Sovetlərin bayrağının simvolik rəmzi idi. Başağrısı da olur. Amma dramadan bir parça yazmağı lazım görürəm.

Qoy qanla sulansın hər susuz dərə!

Qoy qana boyansın güllər, çiçəklər,

Yalnız qan qoxusun əsən küləklər!

Mənim vicdanım da qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır.

Yaxud, Qacar obrazı Stalinin, Vaqif isə represiya qurbanı olmuş yazarlarının prototipi deyilmi?  Bikiarçılıqdan barı  “Vaqif”i oxuyun. Bəlkə nəticə hasil ola.

Ey mənim qələm yoldaşlarım! Indi eşidirəm ki, sizlərdən biri də bikarçılıqdan mənə olmazın sözlərin ünvanlayıb, gah şarlatan, gah ədəbiyyatımıza yamaq, gah da plagiyatçı deyib. Bu yerdə yadıma “Niyə məni döyürsünüz “ felyetonu düşür. Görürəm ki, o zamandan bəri heç nə dəyişməyib. “Molla Nəsrəddin”i döyən mollalar bu gündə əlində dəyənək durub  zamanı gözləyir. Olmaya ölüb gedəndən sonra yenə məndən qorxursunuz. Olmaya qorxursunuz ki,  xortlayıb camaatın qulağına yenə nələrsə deyim. Olmaya bu dünyadan yuxularınıza haram qatmaq üçün “Qəbirdən məktub”lar göndərim.

 Heç eybi yoxdur, kölgəmi döyün, məzarımı döyün. Amma bunu da biliniz, ey qələm yoldaşlarım, günlər dolanar, sular axar, keçəl-küçəllər, pirlərə inananlar ölər və gələr bu dünyaya. Və dəyənəklərini əlinizdən alıb və başlar... dəxi dalısın demirəm. Çünki bikarsınız. 

Sizin dünyada olanda qınağa çəkdiyim mollalardan biri moizəsində deyir: “Bikarçılıq insanı günaha salır”. Ömrümdə onlarla razılaşmasam da bu sözün haqqını vermək gərək. Bikar adam bikarçılıqdan hər şey edərmiş. Bizdə bir söz var ey, bekara adam, o bekar adamlara bekara adamlar deyirlər. 

Xülasə, Çox söz bu barədə söyləyə bilərdim, qorxuram işlər xarab ola. Görünən o ki, Fransız  yazar Hüqo doğru deyib “Bikarçılıq- uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir”. Hərçənd ey bikarlar qocalığınıza çox var. Ona görə uşaqlığınızın xoşbəxtliyini yaşayın. 

Ümidvaram ki, “Ölülər”dəki Nəsrullahlardan fərqli olaraq, Novruzəli “Poçt qutu” hekayəmdən sonra nəticə çıxarmış olacaq. Sizə yazdığım bu naməni poçt qutusuna salacaq və sizə yetişəcəkdir. Əgər ki, məktub gecikə o zaman bilin ki, burada zaman məhdudiyyəti yoxdur. Günahı Novruzəlidə yox, zamanda axtarın

Hələ ki, xudahafiz. Cəlil.

Şirinli Şahverdi

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az