Tamaşaçıların ”Sehirli pərdə” musiqi yarışmasından yaxşı tanıdıqları cazibədar və sevimli müğənni Samira Bayramova ilə oxucularımızı yaxından tanış etmək istəyirik.
Azərbaycan, türk, rus estrada incilərinin bənzərsiz ifaçısı olan müğənni repertuarında xarici mahnılara yer ayırır. Samira xanımda ən çox sevdiyim cəhət özünə, şəxsiyyətinə, sənətinə qiymət və dəyər verməsidir. Olduqca qürurlu olan Samira xanım dostluqda və sevgidə sadiqliyi ondə tutur. Qururlu olduğu qədər də qisqancdır, riyakarlıqdan uzaqdır. Səmimiyyəti daha çox dəyərləndirir. Qarşısındakı insandan da umacağı səmimiyyət və saflıqdır. Yalanlara qarşı barışmazdır, yalanlar, boş vədlər uzərində qurulan sevgiyə qarşı nifrəti böyükdür.
Repertuar seçımı mənəvi dünyası kimi zəngindir. Mənəvi dünyasının ilham pərisi mahnıları, nəğmələridir. Hər nəğməsində yaşadığı illərin bir xatirəsi var. Xatirələrlə yaşamağı sevməsə də bəzən özünü xatirələrlə ovudur, o xatirələrdən təsəlli tapır. Özünü musiqidə tapan Samira xanımın ən yaxın dostu da elə oxuduğu nəğmələrdir. Həyatının xoş anları ilə bərabər acılı anları da olub. Çətin anlarında təsəllisi dənizdir, dalğalardır, qayğısız qağayılardır. Dənizlə dərdini, kədərini bölüşür. Əslində, Samira xanım dünyanın xoşbəxtidir. Kədər, qəm ona qarşı olan bəzi haqsızlıqlardan doğur. Düz xanım olduğundan ətrafındakılardan da düzgun mövqe tələb edir. Bir siması olduğundan simasını itirən insanlara münasibəti sərtdir. İstəyir ki, insanlar səmimi olsun, onlar bu səmimiyyətdən istifadə etməsinlər. Hər addımlarında Allahı düşünsünlər.
Bayağı mahnıları sevmir, sənət üçün yaşayır. Geniş potensial imkana malik olan Samira xanım özünü həm də bir model kimi sınayır. Arzusu dünya səhnələrini fəth etməkdir.
Sözləri Gülbəniz Zeynalovaya məxsus “Cürətin çatmırsa, çəkil yolumdan...” adlı mahni ilə tezliklə pərəstişkarlarını sevindirəcək. Və həmin mahnıya klip çəkdirəcək. Klipdə sənətdə sözünü demiş peşəkar aktyorlarla bərabər Azərbaycan bayrağını nüfuzlu idman yarışlarında yüksəklərə qaldıran idmançılarımız da özünə yer alacaq.
Samira Bayramova hal-hazırda kompakt disk üzərində çalışır. Fotosessiyalar artıq başa çatıb. Kompakt diskin istirahət məkanlarının birində təqdimatı keçiriləcək. Bundan başqa Samira xanım bəstəkarlar Ətiqə Ələkbərova, Seyran Əliyevin məxsusi müğənni üçün bəstələdikləri yeni mahnıları da ifa edəcək.
“Bağışla” mahnısı ilə musiqi yarışmasında tamaşaçıların rəğbətini qazanan müğənni bağışlamağı sevmir. Küsdüsə barışmağa güman yeri yoxdur. Elə ona görədir ki, Samira xanım ifa etdiyi mahnılarda çox vaxt öz xarakterini nümayiş etdirir. Nə qədər sərt görunsədə qəlbi kəpənək qədər zərif, kövrəkdir. Kövrək qəlbə toxunub onu incitmək qəbahətdir. Çünki Samira xanım təmiz, qəbahətsiz həyat yaşayır...
Alim Nəbioğlu