Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə tədbirlər davam edir

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə tədbirlər davam edir

Əmlak Məsələləri Dövlət Komitəsinin 2012-ci ilin birinci rübü ərzində görülmüş işlərə dair məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ilin birinci rübü ərzində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi  və icarəyə verilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etməkdədir.

ƏMDK-nın mətbuat xidmətindən Vətəninfo-ya verilən məlumata görə,  daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılması istiqamətlərində də tədbirlərin görülməsi davam etdirilir. 

Komitə tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, onun qorunub saxlanılması, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün özəlləşdirilən istehsal və emal yönümlü dövlət müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılmasıdır. 

Eyni zamanda dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun təmin olunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi xüsusi prioritet təşkil edir. Qeydiyyatla bağlı prosedurların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər görülmüşdür və bu işlər davam etdirilir.

Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası istiqamətində müvafiq işlər görülüb. Bu baxımdan 2012-ci ilin ötən dövrü ərzində komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işlərinin həyata keçirildiyi bildirilmişdir. Belə ki, komitənin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası zamanı müvafiq istiqamətlər üzrə elektron xidmətlərin göstərilməsi ilə bağlı artıq müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması istiqamətində işlər yekunlaşdırılıb. 

Mətbuat xidmətindən o da bildirilir ki,  komitənin internet saytında elektron xidmətlər bölməsi fəaliyyət göstərir. Artıq yaxın günlərdə bu bölmə vasitəsi ilə vətəndaşlara, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq. 

Dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi, o cümlədən Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla müvafiq layihələr çərçivəsində işlər davam etdirilir. 

Bu ilin birinci rübündə 60-dan çox müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması vəziyyəti araşdırılıb. 

2011-cu ilin yekununa görə nizamnamə kapitalında dövlətin payı olan 211, komitənin sərəncamında olan 58 dövlət müəssisəsindən balans hesabatları qəbul edilib.

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrubəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin  və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazlarların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilir.  

2012-ci ilin ilk üç ayında respublika üzrə 32500-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. 

Bununla yanaşı hesabat müddətində 7000-ə yaxın ipoteka müqaviləsi və yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

Hesabat müddətində 31000-ə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib. 

Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 22000-ə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6000-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilir. 

Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması tədbirləri çərçivəsində işlər davam etdirilib. Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları ilə əlaqədar zəruri işlər görülüb. Komitədə dövlət qulluqçularının peşəkarlığının artırılması, onların treninq və seminarlara, o cümlədən beynəlxalq layihələr çərçivəsində təlimlərə cəlb edilməsi istiqamətində də işlər görülməkdədir.

Rövşən Ziya



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az