E.İbrahimov bildirib ki, diplomat, məmur qərəzli olmamalıdır: "Hər şeyə düzgün qiymət verməli və seçməlidir. İndi ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir.
Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu məsələni şəffaf şəkildə araşdıracaq. Mən burada ona görə Tələt Əliyevi müdafiə edirəm ki, onu tanıyıram. Əgər kiminsə bu işdə günahı varsa, cəzasını çəkməlidir. Amma o cəzanı azərbaycanlı verməlidir, erməni yox. Bunu Azər Xudiyev başa düşməli idi. Ona görə də mən belə adamların səfir olmasına təəssüf edirəm. Yəqin ki, Xarici İşlər Nazirliyi gələcəkdə bizim diplomatik korpuslarda çalışan bu cür adamlarla bağlı ciddi tədbirlər görəcək”- deyə, E. İbrahimov qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı həmin ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A.Xudiyev T.Əliyevin səfir olduğu dövrdə – 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.
A.Xudiyevi qərəzli olmaqda ittiham edən T.Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.
A. Xuduyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi Bakıda birmənalı qarşılanmayıb, hazırkı səfir tənqid olunub.
Xatırladaq ki, T.Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Ukraynada Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.