Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, tərəflər SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin özəlləşdirilməsi məsələsini müzakirə edib.
Görüşdə SOCAR-ın Yunanıstan nümayəndəliyinin baş direktoru Anar Məmmədov, HRADF prezidenti Stergios Pitsiorlas və digəriləri iştirak edib.
Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum” şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi” və "Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.