"Direktor üç katibə saxlayır"

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artisti Telman Əliyev Ölkə.Az-ın suallarını cavablandırıb. Vətəninfo.az həmin müsahibəni təqdim edir:


- Telman müəllim, Akademik Milli Dram Teatrının 29 nəfər tanınmış aktyoru prezidentə müraciət etmişdi. Həmin narazılardan biri də siz idiniz. Həmin siyahıda olmağınızın əsas səbəbi nə idi?

- Hələ bir il öncə teatrda baş verən proseslər barədə, qəzetlərə, saytlara müsahibə vermişdim. Həmin vaxt bu barədə əksər aktyorlar danışmırdılar. Ona görə də çoxlarına qəribə gəlirdi. 45 ildən artıq teatra xidmət etmişəm, sənətkarlar görmüşəm. "Azdrama" həmişə bütün teatrların beyni olub. Bütün teatrlar özünü "Azdrama"ya bənzətməyə çalışıb.

- Özünüz neçə ildir bu teatrda çalışırsınız?

- 1997-ci ildən burada işləyirəm. Məni rəhmətlik Həsən Turabov dəvət etmişdi. Rəhmətlik Hacıbaba Bağırov Gəncədəki Pionerlər Evində müəllimim olmuşdu. O, Gəncə teatrında da işləmişdi. İllər ötdü və mən Gəncə Dövlət Dram Teatrında işlədim, hətta bir müddət rəssam kimi də fəaliyyət göstərdim. 1997-ci ildə Hacıbaba Bağırovun dəvəti ilə "Muskomediya"ya (Dövlət Musiqili Teatrı-red.) gəldim. Cəmi beş ay işləyəndən sonra Turabov məni gördü və dedi ki, səni "Azdrama"ya dəvət edirəm. Beləliklə, ölkənin əsas teatrında işə başladım. Turabovla işlədim, Səyavuş Aslanla tərəf müqabili oldum, gələn kimi Eldəniz Zeynalovun rolunu verdilər, Yaşar Nuri xəstə oldu, bir müddət onun rolunu oynadım və tədricən teatra qaynayıb qarışdım. Hətta bu illər bir neçə baş rol da oynadım. Getdikcə teatrda işlərin qaydasında olmadığını hiss edirdim. Bir var ənənəvi teatr, bir də var öz dəst-xətti olan teatr. "Azdrama" xalq ənənələrinə, milli dəyərlərə sadiq qalan, akademik səviyyəyə uyğun mədəniyyət ocağı olub. Turabovun vəfatından sonra bu ənənələr sönməyə başladı. Əliabbas Qədirov yaxşı aktyor idi, amma təəssüf ki, direktor oldu. İstəməzdim ki, aktyor direktor olsun. Çünki aktyorluqda həmişə bir ambisiya olur.

- Amma deyirlər ki, aktyorun dərdini aktyor bilər...


- Onu ancaq Adil İsgəndərov kimi dahilər bilər. Belələri də yüz ildən bir gəlir. Adil İsgəndərovda aktyorluq, rejissorluq, insanşünaslıq kimi böyük meyarlar var idi. Ardınca Maqbet Bünyadov gəldi. Bir neçə il başqa yerdə məskunlaşdıq. Orada da hörmət-izzət qalmışdı, belə deyildi. Mabqetdən sonra İsrafil İsrafilov gəldi. Bu, ilk günlərdə özünü səmimi, hər şeyi bilən, teatr aləminin ən böyük bilicisi kimi təqdim elədi.

- Siz də inandınızmı?

- Biz aktyorlar insanı görürük, sınayırıq. Bunlar başa düşmürlər ki, biz oynadığımız rolu, əsəri, rolun xarakterini tədqiq edirik, başqalaşdırırıq... Bu prosesləri keçən adamı aldada bilərlərmi? Bax bunlar bunu başa düşməlidir. Dedik bunu hürkütməyək, görək nə olur. Bundan istifadə edən İsrafilov başladı xırda-xırda "üstələməyə". Hətta bir dəfə dedi ki, siz nə bilirsiniz ədəbiyyat nədir, oxumursunuz, dünyadan xəbəriniz yoxdur, mən sizə hər şeyi başa salacağam, öyrədəcəyəm. Bizdə buna qarşı bir ironiya əmələ gəldi. Ardınca dedi ki, qısa zamanda hər biriniz iki min manat maaş alacaqsınız. Dedi, bunu sizə mən İsrafil deyirəm. Hətta bildirdi ki, sizi filmlərə, seriallara çəkilməyə qoymayacağam, özüm studiya açacağam, özümüz çəkəcəyik, oynayacağıq, dublyaj edəcəyik, sifarişlər götürəcəyik.


- Siz bu vədlərə inanmışdınızmı ki, indiki durum bu qədər pis təsir edib?

- İnanmamışdıq. Bizə dedi ki, bu nədir rayonlara qastrollara gedirsiniz. Sizin səsiniz Amerikadan, İngiltərədən, Almaniyadan gəlməlidir. Ayıbdır, ölkənin əsas teatrı Biləcəridən o yana keçə bilmir. Gördüm ki, bu Şeyx Nəsrullahdır, ölü diriltməyə gəlib. Bu danışıqdan sonra özünə tərəfkeşlər yığmağa başladı.

- Kimlər var idi direktorun tərəfində?

- Bir neçə nəfər dedi ki, əgər belə işlər görəcəksənsə, hamımız sənin tərəfindəyik. Kim istəməz ki, iki min manat məvacib alsın? Özü də dedi ki, söz verdiyim işləri həyata keçirəcəyəm, məni bura prezident qoyub, hər şey etməyə qadirəm.

- Teatr direktorunu ölkə başçısı təyin edir, yoxsa nazirlik?

- Bu sual bizim özümüzə də qaranlıq qalır. Bunu kim təyin etdi? Həmişə direktor təyin olunanda bir əmr olurdu. Məsələn, kimsə fəxri ad alırsa, qəzetdə elan çıxır ki, prezidentin sərəncamı ilə filankəslərə ad verilir. Yaxud kimsə vəzifəyə təyin olunanda da proses eyni qaydada baş verir. Turabov, Qədirov, Bünyadov da belə təyin olunmuşdu. Amma İsrafilov başladı prezidentin adından danışmağa. Gülməli oyunlar oynamağa başladı və başa düşmədi ki, peşəkar aktyorların qarşısında dərnəkçilik edir. Amma deyim ki, bəziləri özünü ona inanırmış kimi göstərib nələrsə əldə etdilər. Teatra ürəyi yanan insanlar isə mübarizə aparmağa başladılar.

- Deyəsən bir il öncə verdiyiniz müsahibəyə görə direktor sizi kabinetinə çağırıb etirazını bildirmişdi.

- Teatrın daxilində baş verənlərlə bağlı orada, burada söhbətlər gedirdi. Amma mən sözümü teatrın bufetində onun üzünə dedim. Dedim özünü nə hesab edirsən? Dramaturq deyirik, deyirsən dramaturqam, tənqidçi deyirik, deyirsən tənqidçiyəm, aktyor deyirik, deyirsən aktyorluğu bitirmişəm, rejissor deyirik, deyirsən mən yaxşı bilirəm. Sən axı heç bir şey bilmirsən, heç tənqidçi də deyilsən. Bu sözləri ona kollektivin qarşısında demişəm. Ardınca böyük bir müsahibə verdim. Müsahibə mənim yaradıcılığım barədə olmalıydı. Amma orada teatrdakı yersiz eksperimentləri, "yeniliklər"i tənqid etdim. O məni yanına çağırıb dedi ki, niyə yalandan müsahibələr verirsən? Dedim heç nəyi yalan demirəm. Yalan danışmaq nə yaşıma, nə başıma yaraşmaz. Əgər yalan danışıramsa, məni məhkəməyə ver. Hətta bildirmişdim ki, teatrda əxlaqi baxımından, maliyyə baxımından cinayət işi qaldırılacaq səviyyədə nöqsanlar var.

- Əxlaqi deyəndə nəyi nəzərdə tutursunuz?

- O yaşda insan haqda elə söhbətlər var ki... Nə qəzetə nə sayta yaraşmır. Heç vaxt görməmişdik ki, müdirin eyni vaxtda üç katibəsi olsun. Yəqin bunu siz də indi eşitdiniz. Tənqidlərdən sonra katibələr bir-bir çıxdı.

- Siz demək istəyirsiniz ki, ortada şəxsi münasibətlər var?

- Bəli. Teatrda nə qədər böyük mexanizm işləyir ki, katibənin günorta biri gəlir, səhər biri, axşam biri. Onların kim olduğu da məlumdur. Camaatın gözü tərəzidir.

- Kimlərdir?

- Aktyor insan tanıyan olur. Onlar burada işləyəcək adamlar deyillər.

- Yəni sevgi münasibətləri...

- Bəli.

- Hər üçü ilə?

- Əgər üçünü gətiribsə, deməli, hər üçü ilə. Başa düşmürəm bu üç katibəni neyləyir, hara istifadə edir? Nəysə bu onun öz işidir və teatr kollektivi hər şeyi yaxşı bilir.

- Eşitdiyimə görə iclasların birində direktor +18 lətifələr danışırmış. Doğrudanmı belə bir şey olub, yoxsa şayiədir?

- Lətifədən əvvəl bir söz deyim. Məqalə barədə mənə dedi ki, bilsən arxamda kim durub, heç özünü yormazsan. Mən sərbəst insanam. O aktyorlardan deyiləm ki, ad, ev almaq üçün susum. Evimi özümün və ailəmin halal zəhməti ilə tikmişəm. Kinolardan, seriallardan qazanmışam, oğlum işləyib gətirib, tikmişik. Heç bir məmurun qapısını döyüb ev, fəxri ad, təqaüd istəməmişəm. Bu mənim xarakterimə uyğun deyil.Gəncədə böyümüşəm, belə şeylər görməmişəm. Burada hər kəs öz ləyaqətini gözləməlidir. Əgər layiqəmsə, fəxri ad almalıyam. Əməkdar artist adını 1989-cu ildə almışam və heç xəbərim də yox idi. 1986-ci ildə "Şərəf nişanı" ordeni aldım. Ondan da təqdim olunanda xəbərim olub.

- Lətifələrdən danışırdıq...

- Bəli, iclaslarda özü +18 lətifələr danışır. Bu barədə heç nə demək istəmirəm. Onun bizi uşaq hesab etməsi xoş deyil. Aktrisalara elə xoşagəlməz lətifələr danışırdı ki, deyirdik bu nədir? Sanki özünü bu yolla bizə yaxın edir. Başa düşmür ki, aktyor özü mədəniyyət yayandır, maarifləndirən, tamaşaçıya həqiqəti söyləyəndir. Tamaşaçıya vətənpərvərliyi başa salan bir adamın qabağında sən biclik edəndə ona dözmək olmur.


- Belə söhbətlər gəzir ki, nazirlik direktora yanvar ayına qədər vaxt verib. Əgər teatrda vəziyyət stabilləşməsə, işindən azad olunacaq.

- Bunlar söz-söhbətdir.

- Yəni inanmırsınız...

- Ona görə inanmırıq ki, teatrla bağlı olan təyinatlar qapalı surətdə olub. Bu təzə gələndə rejissorları işdən çıxardı və bədii şura seçdi. Bəs bu bədii şurada niyə bir rejissor, bir aktyor yoxdur? Bu ora dörd nəfər tənqidçini yığdı. Bədii şura bədii rəhbər və digər rəhbər strukturlar qarşısında məsələ qaldırır ki, aktyorun maaşı artsın və sair. Mən müsahibəmdə bu barədə bildirmişdim. O da guya sözlərimdən nəticə çıxarıb əvvəldən indiyə kimi tərəfini saxlayan iki nəfəri bədii şuraya təyin etdi. O aktyorlar özlərini buna canfəşanlıqla qulluq edən biri kimi təqdim edir, dəridən-qabıqdan çıxırdılar. İndi də bu fəaliyyət davam edir.

- Söhbət kimdən gedir?

- Xalq artistləri Ramiz Novruzov və Bəsti Cəfərovadan gedir. Biz onlardan belə şey gözləmirdik. Düşünürdük ki, bunlar teatrın taleyini düşünürlər.

- Xalq artistlərinin yumruq davasında orda idiniz?

- Olmamışam. Bu hadisəyə çox məyus oldum. Bu atmosferi yaradan da direktordu. Gör rəhbərliyə nə qədər arxayındırsa, həmkarına yumruq atır, hayıf çıxır.

- Teatra yeni bədii rəhbər və baş rejissor təyin olundu. Azərpaşa Nemətovdan nə gözləyirsiniz? Çünki bəzi aktyorlar Nemətovu İsrafilovun adamı kimi təqdim edirlər...

- Azərpaşa Nemətov belə məqbul variant idisə, çoxdan onu baş rejissor qoyardılar. Vaxtında gəlib teatra yiyə durub, yaradıcılıq işlərini davam etdirərdi. Mənim heç bir gözləntim yoxdur. Çünki onun nə potensialı, nə də o yükü çəkəsi halı və bədii təfəkkürü yoxdur. Fantaziyası geniş olan rejissor deyil. Rejissorda üç keyfiyyət birləşməlidir. Quruluşçu, təşkilatçı və pedaqoq olmalıdır. Bir rejissorda bu üç xüsusiyyət birləşmirsə, o, baş rejissor ola bilməz. Onun təyinatından kollektivin xəbəri olmadı. Ramiz Novruza və Bəsti Cəfərovaya təqdim olundu.

- Sizcə kim ola bilərdi?

- Mətbuatda deyəndə bəziləri elə başa düşəcək ki, biz kiminsə kampaniyasını aparırıq. İstərdim cavan olsun.

- Məsələn?

- Bəhram Osmanovu, Əsgər Əsgərovu nəzərdə tuturdum. Onlar kollektivi tanıyırlar. Hökumə Qurbanova, Məlik Dadaşov kimi sənətkarlarla işləyiblər.

- Azərpaşa Nemətov da..

- Azərpaşa Nemətov nə deyirsə, düz deyir, amma nəticəsi yaxşı olmur.

- Bəlkə nəsə olacaq...

- O nəsə etmək istəyirsə, İsrafilovun direktorluqda qalmağına razı olmamalıydı. Görünən budur ki, o, aktyorları sakitləşdirib, İsrafilovun vəzifəsində qalmasına şərait yaratmaq istəyir. Əgər o, bu fikirlə gəlibsə, həmin gündən uduzub.

- Sizcə o fikirlə gəlib?

- Belə görünür. Çünki məni də çağırdı və dedi ki, müsahibə verməyin. Demokratiyani biz yayırıq, həqiqəti biz danışırıq, qanunları biz bilirik, necə yəni müsahibə vermə? Deyir səni işə qaytararam, amma belə şeylər eləmə.

- Siz "Azdrama"da ştatdasınız?

- Hələ müqavilə imzalanmayıb. İsrafilov yayda məni çağırdı ki, belə qərara gəldik sən işə qayıdasan. Demişdilər ki, müqavilənin vaxtı bitdi, çıxarıldın. Müqavilə bitəndə deyirlər ki, bədii şura qərar çıxarıb yaradıcılıq baxımından səhnədə özünü doğrultmur, nitqi tutulub. Buna görə də başqa vəzifəyə keçirilir. İşçini belə itirmirlər. Ramiz Novruz da müsahibəsində deyir ki, o, heç vaxt bizdə işləməyib, müqavilə ilə çalışıb. Bəli, İsrafilov dedi ki, sən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsən, ona görə müqaviləyə keçirirəm. 2010-cu ilə kimi ştatdaydım və 330 manat məvacib alırdım. Yayda dedi ki, sentyabrdan işləyirsən. Truppa müdiriylə əlaqə saxladım, bir cavab vermədi. Sonra Azərpaşayla danışdım, məni qəbul etdi. Sözü bu oldu ki, səni işə götürə bilmərəm, hələ niyə çıxdığını da bilmirəm. Elə şeylər var ki, sən də yazırsan, pozursan, İsrafil müəllim yazıq deyilmi? Bu belə deyəndə barmağımı dişlədim ki, bu, "yazığı" müdafiə etmək üçün gəlib. Ardınca əlavə etdi ki, indi yox, yanvarda gələrsən, baxarıq.

- Mətbuat yazır ki, aktyorlar direktoru mərhum xalq artisti İlham Əsgərovun ölümü ilə bağlı məhkəməyə vermək istəyirlər.

- Bəzən çıxışlarında deyirlər ki, İlham Əsgərov 2010-cu ildən xəstə idi. Belə şeylərlə oynamaq lazım deyil. "Qarabağnamə"nin məşqlərinə İsrafilov müdaxilə etdi, xoşagəlməz fikirlər söylədi, İlham da əsəbdən insult keçirdi. Axı bu şeylər yaddaşda qalıb. Aktyorla çilingağac oynamaq düz deyil. Bir insan ki alqışdan zövq ala, onun qəlbinə dəymək olar? Anlamalıdırlar ki, teatra gələndə atalıq etməyi bacarmalısan. Onda aktyorlar səni ucaldacaq. Bunlar isə teatra obyekt kimi baxırlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az