Dövlətdən əhaliyə ucuz evlər: Hansı gənc ailələrə veriləcəyi şərtlər açıqlandı
Martın 10-dan sistem işə düşür
Hansı gənc ailələrə evlərin veriləcəyi və şərtləri açıqlandı
Güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşların sualları müəyyən edilmiş "ASAN Xidmət” mərkəzlərində də cavablandırılacaq.
Bu barədə Azərbaycan Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, ölkə başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən "Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur.
"Güzəştli mənzil” sistemi – elektron qaydada göstərilən dövlət xidmətlərini genişləndirmək məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi prosesində müraciətlərin qəbulunda və mənzil seçimində vətəndaşların rahatlığını, habelə şəffaflığı və insan faktorunun minimuma endirilməsini təmin edəcək elektron sistemdir.
"Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə sistemin əsas prinsipləri barədə məlumatlandırılma və sualların cavablandırılması işi 10 mart 2017-ci il tarixindən etibarən müvafiq "ASAN xidmət” mərkəzlərində (Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, habelə Sumqayıt "ASAN xidmət” mərkəzlərində) təşkil olunacaq. Vətəndaşlara bu əlavə xidmət Mənzil İnşaatı Dövlət Agentliyinin və tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin internet səhifələri (www.mida.gov.az, www.mida.az), habelə "Facebook” və "YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə aparılan məlumatlandırılma işi ilə paralel həyata keçiriləcək.
Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, "Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq.
Miq.Az