“Ədəbiyyatda olan bəzi iyrənclikləri görüb, özümü....” - Müsahibə

“Ədəbiyyatda olan bəzi iyrənclikləri görüb, özümü....” - Müsahibə

Səhər saat düz 09:55 – dəqiqədə işin qarşısında maşından düşdüm. Artıq vaxtımı elə qurmuşam ki, hər gün eyni vaxtda işə çatıram.

Bu gün də eyni vaxtda çatanda, qapının qarşısında biri dayanmışdı. Yaxınlaşanda Mübariz Cəmilbəyli olduğunu gördüm. Görüşdük, söhbətləşdik. Birdən ağlıma gəldi ki, bəlkə, bizim bu Mubarizlə bir müsahibə edək. Mübarizə dedim çox böyük məmuniyyətlə qarşıladı. Bu fikrimi facebook sosial şəbəkəsindəki profilimdə də yazdım. Az sonra ordan da suallar gəldi. Ümumi suallarla Mübarizlə söhbətə başladıq.


-Mübariz, son vaxtlar az-az görünürsən, haralardasan?
-Ədəbiyyatda olan bəzi iyrənclikləri görüb, özümü onların içində görməkdən utanc hissi keçirirəm. Bu üzdən də kənara çəkilmişəm. Belə bir söz var, deyir, sürü geri qayıdanda axsaqlar keçir qabağına. İndi ədəbi mühitdə də belədir. Axsaqlar qabağa keçib. Pislər var kimi, yaxşılar yox kimi görsənir.
-Mübariz kimdir bu iyrənc çoxluqlar, sən ümumiyyətlə özün müasir ədəbiyyatı izləyirsənmi?
-İndi konkret ad salamaqla alınmayacaq. Məsələn açıram internetdə ədəbiyyat saytlarını elə gülünc imzalar, yaradıcılıq nümunələri görürəm ki, iyrənirəm artıq. Bu gün AYB üzvü olan, Prezident təqaüdü alan şairlər var ki, ortalıqda bir əsəri yoxdu, amma kim onları AYB üzvü edib, kim onlara təqaüd verib, bilmirəm. Məsələn, Orxan Adiloğlunu AYB-nə üzv edib, Prezident təqaüdü veriblər. Bu da elə bilir ki, dahi şairdi. Hər yerdə - metroda, avtobusda, küçədə yaxasına da cənab prezidentin rəsmi olan nişan vurub, qışqıra-qışqıra deyir ki, mən AYB üzvü, Prezident təqaüdçüsü, dahi şairəm. O gün deyir ki, mənm ölüb gedəcəyəm, bu xalq ağlar qalacaq. Dedim ona ay kişi səni xalq tanımır, yalandan xalqın adından danışma. Sənin dalınca ağlasa-ağlasa öz doğmaların ağlaya bilər. Baxın, bu kimi adamları AYB-nə üzv edib, dərhal da prezident mükafatı verirlər. Allah rəhmət eləsin, M.Ə.Sabirin bir sözü var, deyir:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Bu kimi şairlərdə zamanın axarında ayranlıq olub gedəcəklər... Qaldı, kimləri oxuyuram, deyim ki, Şəbnəm Karslını, Yusif Nazimi, Aytən Nəsibbəylini oxuyuram. Çox istedadlı gənclərdi.
-Mübariz, AYB-dən bir gənc olaraq, nə dəstək görmüsən?
-AYB-dən mən xüsusi heç nə görməmişəm. Çünki oranın gənclər üzrə katibliyi haqqı nahaqqa verən insandı. Bu gün elə adamlara prezident təqaüdü verirlər ki, hansı ki, onların heç bir haqqı yoxdu ki, prezident təqaüdü alsın.
-Keçən il sən də təqaüd alanlardan idin. Onda sənə də təqaüd vermək haqsızlıq idi?!
-Xeyir, o mənim halal haqqım idi. Halal haqqımı tələb edib, aldım. Düzdür, Rəşad Məcidin də bu təqaüdü almağımda rolu oldu. Amma yenə də deyirəm ki, bu mənim haqqım idi. Onu mənə verməyə bilməzdilər. Rəşad Məcid mənə təqaüd veriləndə dedi ki, tənqid eləmə, kimlərinsə bostanına daş atma, lazım gələrsə tənqid elə. Çünki sən artıq prezident mükafatçısısan.
-Bir il təqaüd aldın, neylədin o təqaüdü, hara sərf elədin?! Məsələn mən iki kitab çıxardım həmin təqaüdlə.
-Mən bilirsiniz ki, Kəlbəcər rayonundan məcburi köçkünəm. Köçkünçülük vaxtı üç gün qar uçqununa düşmüşdüm. O vaxtdan bu yana da asma-bronxit xəstəliyindən əziyyət çəkirəm, II qrup əliləm. Həmçinin atam, anam da ağır xəstədilər. Evsiz-eşiksiz adamlarıq... Həmin təqaüdü ancaq özümün və valideynlərimin müalicəsinə sərf elədim.
-Cavabından belə anladım ki, AYB-nin gənclər üzrə katibi Rəşad Məciddən narazısan. Mən bildiyimə görə sənin AYB üzvü olmağında, təqaüd almağlında Rəşad Məcidin danılmaz rolu olub.
-Mən demirəm ki, Rəşad Məcid pis insandı, xeyir, yaxşı insan ola bilər. Amma istedad barədə düzgün qiymət verə bilmir. Məsələn, bu insan istedadsız adamları cəmiyyətə şair kimi sırıyır. AYB-də gənclərin sorumlusu olan bir şəxs gərək gənc şairlərə düzgün istiqamət verib, doğru olanı göstərsin.
-Mübariz, sən konkret kimlərdən danışırsan? Adlarını çək ki, bizim bu söhbətimizi oxuyanlar üçün də aydın olsun.
-Bilirsiniz, Rəşad Məcidin ətrafında olan çoxlarının adını çəkə bilərəm. Elə gənclər var ki, saqqal saxlayıb, papağını əyri qoyub, özünü cəmiyyətə dahi şair kimi tanıtmaq istəyir. Daha anlamır ki, şairlik görkəmlə yox, ruhla olan işdir. Belə gənclərə birini də nümunə kimi göstərə bilərəm: Vüsal Nuru. Sonda fikirlərimin sonu olaraq, AYB-nə üzvlüyüm vaxtı yazdığım bir şeirdən bir bənd demək istəyirəm:


Şair odur ayrılmasında elindən,
Danışanda dür tökülsün dilindən,
Yazıçılar Birliyinin şairlərindən
Kəndimizin çobanları yaxşıdır.


Bu şeirdən sonra Rəşad Məcid məni danladı ki, bu tənqidi yazılarından əl çək.
-Mübariz, yəqin xəbərin var ki, son günlər AYB-də bir ev qalmaqalı yaşanır. Sənin bu məsələyə münasibətin necədir?
-Neyləyək, vaxtında katibədən, operatordan da olmadıq ki, bizə də ev düşsün... Qaldı siyahıya, siyahı ilə tanışam. O siyahıda olan əksəriyyətinin evi var. Xxalq şairimiz Fikrət Qoca özü AYB-dən ev alıb, indi də oğluna, qaardaşı oğluna almaq istəyir. Sabah da gələcək ki, nəvəmə də ev verin. Bu biabırçılıqdır.
-AYB-nin tədbirlərinə dəvət olunursanmı?
-Əvvəllər dəvət olunurdum. Hətta bir neçə dəfə AYB-nin buraxdığı almanaxlarda da şeirlərim çıxıb.Amma indi dəvət olunmuram. Rəşad Məcid ətarafına bir neçə yaltaqları, ikiüzlüləri yığıb, hər yerə də seçib, onları çıxarır. Televiziya verlişlərində də onlardı, qəzet-jurnallarda da...
-Mən bildiyimə görə sən də Gənc Ədiblər Məktəbinin yetirmələrindənsən...
-Deməzdim yetirməsi, sadəcə, ora gedib-gəlmişəm. Amma diplomlar veriləndə, orada Rəşad Məcidin köməkçiləri, daha düzgün desəm, çanta daşıyanları Qismətin, Zərdüştün, Vüsal Nurunun qısqanclıqları, paxıllığı üzündən mənim diplomum verilmədi. Və onların xainliyi üzündən mən bütün dövlət tədbirlərindən, televizya verlişlərinə dəvətdən kənarlaşdırıldım. Əslində mənim o diploma ehtiyyacım yoxdu. Mən “Qızıl qələm” mükafatı, “Əsrin ziyalısı”, “İlin şairi” diplomları almışam. Sadəcə, haqsızlıq adama təsir edir. Necə olur ki, Orxan Adiloğlu GƏM-in diplomuna ala bilir, mən yox?! Əslində onun kimilər AYB-nin gənclər katibliyinin və GƏM-in iç üzünü açır.
-Mübariz, sən yuxarıda elə adamların adını çəkib, onların sənə paxıllıq etdiyini dedin ki, bu bir az inandırıcı çıxmır. Çünki mən onlarıən hər üçünün yaradıcılıqlarını oxumuşam və onlar bəlkə də GƏM-in ən istedadlı gəncləridir. Hətta Qismətin şeirlərini müasir Azərbaycan ədəbiyyatında yaxşı nümunələrdən biri hesab edirəm. Amma təbii ki, bu mənim fikrimdi.
-O sənin fikrindi. Onlar hamsı uyublar ağ şeirə, adını da qoyublar fəlsəfə... Heca şeirinə də gülürlər.
-Mübariz bayaq söhbətimizdən qabaq gileylənirdin ki, Rəşad Məcidin qəbuluna düşə bilmirəm. Məncə, Rəşad Məcidin xüsusi qəbul günləri yoxdu axı... Nə vaxt AYB-dədirsə, gedib, qapını döyüb, içəri girib, sözünü deyirsən.
-Bilirsiniz, mən dəfələrlə AYB-nə getmişəm, deyib, gözlə, qəbul eləməyib, amma gözlədiyim vaxtdan qısa ətəkli bir qız gəlib, mənim yanımdan keçib, qapını da döyməmiş, açıb, girib içəri. Ümumiyyətlə, Rəşad müəllim istedada yox yaraşığa fikir verir. Yaraşıqlı qızlara çox dəstək olur. Bir dəfə də yenə də dayanıb, gözləyirdim, dedim Allahdan yaraşıqlı bir qız da doğulmadım ki, qısa ətək geyinib, gələrdim, bu qədər də gözləməzdim. Mən artıq dərk etdim ki, ədəbiyyatda qabağa getmək üçün yaxşı əsərlərinlə yanaşı ya gərək gözəl-göyçək, açıq-saçıq geyinən xanım olasan, ya da yaltaq, ikiüzlü, çantadaşıyan... İstəyirəm bu fikrimi bir şeirimdən iki bənd deməklə ifadə edim.


Hər yerdə öndə gedir,
Bir dəstə dılğır gədə.
Sığınmışam abrıma,
Mən qalmışam kölgədə.


Yaşamaq deyildir asan,
Pulnandır hörmət, ad-san.
Gərək yaltaq olasan,
Yaltaq olan ölkədə.


Çalan-çapan qolum yox,
Yaltaq, satqın halım yox.
Adamım yox, pulum yox,
Yüksələrdim bəlkə də,
Sığınmışam abrıma,
Mən qalmışam kölgədə.


Mənim kimi neçə-neçə gənclər var ki, abrına sığınıb, kölgədə qalıb. Dəfələrlə mənim yanımda olub ki, istedadlı gənclər üzvlük üçün müraciət edib, onları qəbul etməyiblər. Amma istedadsız, yaradıcılığında bəlkə də bir hekayəsi olanı gətirib AYB üzvü edib, hələ bəlkə daha da yüksək postlar verirlər. Hanı bəs, yazıçı vicdanı, yazıçı ədaləti?!
-Mübariz Facebook sosial şəbəkəsindən istedadlı yazarımız Cəlil Cavanşir sənə sual yazıb ki, Mübariz Cəmilbəyli “Qızıl qələm” mükafatını neçiyə alıb?
-Mən pulla mükafat almıram. Sadəcə, mənim qəzetlərdə silsilə-şeirlərim, yazılarım çıxdığına görə rəhmətlik Oktay Salamzadə özü məni bu mükafata layiq görüb.
-Vüsət Əzizov sual verir ki, “əsrin ziyalısı” olaraq, bu günki Azərbaycan gənclərinin fəaliyyəti gələcəyə nə vəd edir?
-Bəlkə də çox az şey vəd edir. Çünki yuxarıda sadaladığım adamlar ədəbiyyatı korlayırlar, gözəl poeziya nümunələrini kölgəyə salıb, üstündən xətt çəkirlər. Mən gələcək Azərbaycan ədəbiyyatının vəziyyətini çox qaranlıq görürəm.
-Mübariz sən danışmağa başlayandan tənqidlə başlamısan. Sonuncu cavabında nəyə saslanırsan? Ümumiyyətlə, kimləri oxuyub, bu qənaətə gəlirsən?
-Müasirlərdən demək olar ki, çox az opxuyuram. Bəlkə də heç oxumuram. Çünki onlardan o qədər bezmişəm ki... Çox absurd şeirlər yazırlar. Məsələn elə mövzular var ki, ilahi mövzulardı, onlara toxunmaq olmaz. Amma bunlar Allahla da zarafat edirlər.
-Belə çıxdı ki, sən müasir Aəzrbaycan ədəbiyyatını oxumursan. Əgər, oxumursansa, sənin gələcək haqqında praqnoz verməyin, özü belə haqsızlıqdır. Bu gün yaxşı əsərlər yazılır, sadəcə, oxumaq lazımdır. Qaldı, mövzulara, mənim fikrimcə, şairi qəlibə salmaq olmaz. Şairin ruhunun, poeziyasının sərhədləri yoxdu.
-Zaur, yenə də deyirəm, bu sənin fikrindi və mən də hörmətlə yanaşıram.
-Yenə də Cəlil Cavanşir sual verir ki, “Əsrin ziyalısı” (Qeyd edimm ki, bu mükafat rəsmi mükafat deyil, hansısa QHT-nin mükafatıdır – Zaur Qəriboğlu) mükafatını alarkən, hansı hissləri keçirdiniz?
-Mən heç bir hiss keçirmədim. Çünki kaş, o mükafatları burda yox, Qarabağda, Bütöv Azərbaycanda alardıq.
-Mübariz, son olaraq, sənə bir sual vermək istəyirəm: Bilirsən ki, bu il AYB-nin qurultayı gözlənilir. Sən bu qurultaydan nə gözləyirsən, nələr dəyişəcək, nələr qalacaq?!
-Mən düşünürəm ki, bu gün Anar müəllim AYB-ni ən azından bir olaraq, saxlaya bilir. Sabah Anar müəllim gedəndən sonra ümumiyyətlə AYB-nin varlığı belə şübhəli görünür. Əgər, Rəşad Məcid AYB sədri olsa, vay onda AYB-nin halına. Özünə bir komanda yaradacaq, necə ki, indi onda da ətarafına yaltaqlar, ikiüzlülər toplayacaq. O zaman biz Anar müəllimin qədrini biləcəyik. Son olaraq, mən də qeyd etmək istəyirəm ki, yuxarlıda qeyd etdiyim şeirlər də və indi sonda deyıəcəyim iki misra da AYB-nin gənclər katibliyində təmsil olunan gənc yazarların bəzilərinə həsr olunub.


Şair oldu dana, qoduq,
Biz qələmi yerə qoyduq.

Söhbətləşdi Zaur Qəriboğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az