Hazırkı reallıqları dəyərləndirdikdə birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda islam inqilabına şərait yoxdur. Cəmiyyətimizdə bu məsələyə müxtəlif münasibət bəsləyən insanlar və qruplar var, o cümlədən, bunu arzu edənlərin də olması mümkündür.
Bu sözləri “Veteninfo.az” a AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu bildirdi: “Amma reallıqlar başqa şeyi deyir. Əvvəla, cəmiyyətdə dini dəyərlər bir o qədər də geniş yayılmayıb, praktik həyatda bu dəyərləri yaşadan, müntəzəm ibadət edənlər əhali arasında azlıq təşkil edir. Üstəlik, hətta dindarlar arasında belə inqilabi təmayüllü olanlar çoxluqda deyillər. Ölkədə nə mərkəzləşmiş bir islami hərəkat var, nə hamının qəbul etdiyi vahid xarizmatik lider, nə də ümumiyyətlə, belə bir konkret ideyanı ardıcıl həyata keçirən qüvvə. Azərbaycan cəmiyyətinin ümumilikdə apolitik olduğunu nəzərə alsaq, bu günün "diaqnozu" kimi hər hansı bir inqilabın, o cümlədən də İslam inqilabının baş verəcəyi real görünmür” deyən ilahiyyətçi: ”Amma dini siyasətin düzgün aparılmaması, inanclı insanları küskün salmaq, incitmək, dini aktivistləri həbsə atmaq, hicaba qarşı münasibət və s. bu kimi hallar şübhəsiz ki, dini toplumda radikallıq meyllərini gücləndirir. İnanclı insanlarla dövlət arasında uçurum yaradır. Bununla belə, bugünümüz üçün hər hansı bir inqilab, xüsusilə də İslam inqilabı real deyil. Gələcəkdə nələrin baş verəcəyini isə indidən söyləmək çətindir. Hər şey hadisələrin necə inkişaf etməsindən, dövlətin yürütdüyü siyasətdən və cəmiyyətin buna adekvat münasibətindən asılıdır”-deyə,Elşən Mustafaoğlu qeyd etdi.
Elnur Eltürk