“Erkən nikah problemi bəzi bölgələrdə qalmaqdadır”

“Erkən nikah problemi bəzi bölgələrdə qalmaqdadır”

Dünən Şəmkir rayonunda «Qadınların Təhsil Mərkəzi» İctimai Birliyinin təşəbbüsü, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının dəstəyi ilə “Erkən nikah problemi: sosial-psixoloji aspektlər”  mövzusunda elmi-praktik konfrans keçirilib. Milli Məclis üzvlərinin, rayon müəsissə və idarələri rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbir haqqında və onun əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra çıxış edən Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova Azərbaycanda həyata keçirilən gender siyasəti haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə gender bərabərliyinin təmin olunması insan və vətəndaş hüquqlarının möhkəmləndirilməsi yönündə aparılan islahatların mühüm komponentlərindən biri kimi çıxış edir. Millət vəkili deyib ki, Azərbaycan qadını həmişə öz idarəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb: 

«Heç də təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində də mütərəqqi nailiyyətlər əldə olunub. Həyata keçirilən səmərəli gender siyasəti isə Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir».

Erkən nikah probleminin sosil-psixoloji tərəfləri haqqında da danışan millət vəkilinin dediyinə görə, bu gün Azərbaycanda geniş yayılmasa da, bəzi bölgələrdə bu problem hələ də qalmaqdadır. S.Qafarova bu problemin aradan qaldırılması ilə bağlı fikirlərini də diqqətə çatdırıb.

 YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə erkən nigah probleminin həllinin vacibliyi ilə bağlı fikirlərini bildirib. Onun  bildirdiyinə görə, uşaqlar üçün ilk növbədə məsuliyyət daşıyanlar ata-analarıdır: «Onlar anlamalıdırlar ki, erkən yaşda nigaha girmək övladlarına potensial olaraq müxtəlif cür ziyan vura bilər. Həm fiziki, həm emosional və həm də əqli. Ələxüsus, qızlar üçün tez ərə getmə çox ziyanlı ola bilər».  Millət vəkili bu problemin aradan qaldırılması üçün maarifləndirmə işinin vacib olduğunu söyləyən və bu mənada konfransın böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Millət vəkili Sevinc Hüseynova da Azərbaycanda uğurlu gender siyasətinin həyata keçirildiyi, bu siyasət nəticəsində qadınlarımızın ictimai-siyasi proseslərdə fəallığının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Buna baxmayaraq, erkən nigah probleminin qaldığını söyləyən S.Hüseynova bu istiqamətdə zəruri tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edib.

Konfransda həmçinin çıxış edən Vətəndaşlıq Vəziyyəti Aktları Dövlət Qeydiyyatı Şəmkir rayon şöbəsinin müdiri Ruziyyə Alahverdiyeva, Rayon Təhsil şöbəsinin metodisti Firuzə İmanova, Şəmkir rayon Kür qəsəbəsi 1 saylı orta məktəbin direktoru Pirverdi Daglaroğlu və Şəmkir rayon Sabirkənd orta məktəbinin direktoru Müqabil Yolçuyev müzakirə olunan mövzunun aktuallığını qeyd edib və bu sahədə görülə biləcək tədbirlərlə bağlı müvafiq təkliflərini səsləndiriblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az