Erkən nikah və məişət zorakılığına qarşı mübarizə mövzusuna həsr edilən tədbir keçirilib

Erkən nikah və məişət zorakılığına qarşı mübarizə mövzusuna həsr edilən tədbir keçirilib

Kürdəmir şəhərində rayon icra hakimiyyəti və Qadın Problemlərinin Tədqiqatları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

İctimaiyyət nümayəndələrinin, gənclərin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq, qadına qarşı zorakılığın yolverilməz hal olduğunu vurğulayıb.
V.Əsgərli bildirib ki, bu sahədə problemlərin qarşısının alınması, profilaktik tədbirlər bu gün ölkəmizdə xüsusi diqqət mərkəzindədir. Bununla əlaqədar Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi məhz bu məsələnin həllinə yönəlib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər artıq müsbət nəticələrini verməkdədir.
Tədbirdə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva çıxış edərək təşkilatın fəaliyyətində gender bərabərliyi, qadınların ictimai proseslərdə iştirakı, məhbus qadınların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.
Ekspert Rafiq Təhməzov qadınlara qarşı zorakılığın qarşısının alınması və gender bərabərliyi kimi aktual məsələlərdən bəhs edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az