Ermənistanın Qarabağı satacağı qiymət

Ermənistanın Qarabağı satacağı qiymət
ABŞ bunun üçün xüsusi vəsait ayırıb

ABŞ Ermənistanı Rusiyanın enerji asılılığından xilas etmək üçün 8 milyard dollar ayırıb və bu, Rusiya ilə Ermənistanın münasibətlərini korlaya bilər.

İstiPress-in məlumatına görə, bu barədə erməni jurnalist Susanna Petrosyan "Vestnik Kafkaza”da dərc olunmuş məqaləsində bildirir ki, ölkə energetikasının 82%-i artıq Rusiyaya məxsusdur:

"Bunlar sahənin aparıcı müəssisələri -  "Qazprom-Armeniya”, Razdan İES, "Ermənistan elektrik şəbəkələri” QSC, Sevan-Razdan kaskad SES-idir”.

Hazırda ölkənin enerji balansında bərpa olunan energetikanın payı 23%, atom energetikasının payı 40%, qaz trubinlərinin payı 37%-dir. Göründüyü kimi, bütün sahələr üzrə liderlik Rusiyanın payına düşür. Qərb bu məsələdə bərpa olunan enerji sahəsinə diqqəti yetirmək istəyir və bu sahələrə sərmayə yatırmaqla Ermənistanı Rusiyanın asılılığından xilas etməyə çalışır. Bu məsələdə xüsusi diqqət kiçik su elektrik stansiyalarına (SES) verilir. Son bir neçə ildə bu sahədə xeyli irəliləmə olub və ölkədə 100-dən çox kiçik SES fəaliyyət göstərir və onların toplam gücü 125 MVt-ı keçir.
Erməni politoloq Aqasi Yenokyan bir xeyli əvvəl ABŞ-ın bu istiqamətin inkişafı üçün Ermənistana 8 milyard dollar pul vermək istədiyini bildirib. "Lragir.am” portalında  yazdığı məqaləsində o, bildirmişdi:  "Birləşmiş Ştatlar təkliflə çıxış edir. Onlar demokratiya, insan haqları və azad seçkilər deyil, pul - 8 milyard dollar təklif edirlər. Bu, fantastik rəqəmdir”.

Aqasi Yenkoyanın yazdığına görə, ABŞ bu təklifi edən zaman Ermənistan hökumətinin xüsusiyyətlərini hazırlayır: "Vaşinqton tələ hazırlayır, bir tərəfdən anlayırlar ki, nə qədər demokratiya tələb etsələr də, hakimiyyət onu təmin etmək iqtidarında deyil. Buna görə də onlar hakimiyyətin ən çox sevdiyi şeyi - pulu təklif edirlər”.
Aqasi Yenokyanın sözlərinə görə, Amerika həmin pulları Ermənistanda alternativ energetikanın tətbiqi üçün verir. Bu isə Rusiya qazının Ermənistandan çıxması, nəticədə İrəvanın Kremlin təsirindən tam qurtulması deməkdir:

"Bu, bizim müttəfiqimizlə strateji maraqlarımıza ciddi zərbə ola bilər. Qarabağ problemi və Rusiya hərbi bazası ilə yanaşı, Moskva həm də bizi qaz şantajı altında saxlayır”.

Yəni Aqasi Yenokyan dolayısı ilə başa salır ki, Ermənistan bu addımı atarsa, Qarabağ məsələsində Rusiyanın dəstəyini itirsə də, müstəqillik qazanar və Qərblə rahat əlaqələr qura bilər. Ermənistan Rusiyanın təsirindən çıxacağı gün Qarabağı da özü üçün əlverişli şərtlərlə Azərbaycanın nəzarətinə qaytara bilər. Nəticədə, Azərbaycan və Türkiyə ilə yolları açılır,  Ermənistanın fəlakətinə, əhalisinin miqrasiyasına səbəb olmuş blokada şəraiti də yoxa çıxar. Bu isə yalnız Ermənistanda deyil, bütövlükdə  Cənubi Qafqazda inkişafa səbəb ola bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az