“Fətullah Gülənin Azərbaycanda məktəb açmasına mane olurdum”
Ttürk dünyasında tanınmış şəxsiyyət, Ön Asiya türkçülüyünün yaradıcısı, türkoloq, filologioya elmləri doktoru, professor, əvvəllər Baş nazirin müavini işləmiş, Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilovdur. Femida.az-a müsahibə verib. Vətəninfo.az müsahibəni olduğu kimi təqdim edirik:
- Türkçülük ideologiyası dedikdə ağla ilk gələn nələrdir və türkçülük
faktorunun hazırda türk dövlətləri ilə bağlı oynadığı rol nədən
ibarətdir?
Firudin Cəlilov:
"Əslində "türkçülük” bir elm sahəsidir. Bu elmin adı türkologiya
adlanır. Türkologiya türk xalqlarının dilini, tarixini, coğrafiyasını,
etnoqrafiyasını, mifologiyasını, folklorunu öyrənən bir elm sahəsidir.
Bu elmlə məşğul olanlara türkoloqlar deyilir. Mən özüm türkçülük elmi
ilə məşğul olan türkoloq hesab edilirəm. Sovetin qılıncının kəsən vaxtı
Moskvada türkçülük elmi üzrə fəlsəfə doktoru adını almışam. Mənə
verilən diplomda ixtisasım türkoloq kimi qeyd edilib. Türkçülük elminə
siyasi çalar qatıldıqda millətçilik anlamına çevrilir. Yəni türkçülüyə
millətçilik baxımından yanaşılır. Müasir dövrdə də türkçülük dedikdə
məhz türk millətçiliyi yada düşür. Sizin sual olaraq verdiyiniz
türkçülük də, ikinci izaha daha yaxındır. Bugünkü vəziyyətdə türkçülüyün
mövcud durumu elə də ürəkaçan deyil. Qloballaşma fonunda türkçülüyə
böyük zərbələr vuruldu. Türkçülüyün özündə zaman-zaman yaranan
cərəyanlar türkçülüyün inkişaf edib genişlənməsinə maneçilik törətdi.
Haırkı dövrdə xəyallar quran, türklərin tarixinə nağıl kimi baxan,
nağılları gerçək türk tarixi kimi qələmə verənlər əsl türkçülər hesab
olunur. Təbii ki, bu yanlışdır. Nağıl üzərində qurulmuş türkçülük türk
tarixinin, türkçülüyün belini qıran məsələlərdən biridir. Yəni ki,
türklər atlara mindilər, Altaydan gəlib Anadolunu tutdular, min il
Avropanın yarısını, Afrikanı idarə etdilər və s. Yəni hazırda türkçülük
ideologiyası bu nağıl üzərində qurulub. Nağıl üzərində qurulan bu
fikirlər 100 ildən çoxdur ki, türkçülüyü məhvə aparır. Bu ilk növbədə
elmi baxımdan yanlışdır, çünki türklər bir xalq kimi etnos kimi bura, Ön
Asiyaya gəlməyib. Burda doğulub, yaranıb, buradan isə başqa yerlərə köç
edib. Türklər Altaya, Avropaya və dünyanın digər bölgələrinə bizim
yaşadığımız Coğrafi bölgədən yayılıb. Digər bir istiqamət isə İsmayıl
Kaspiralının ortalığa atdığı kansepsiya idi. Bu konsepsiya türkləşməyi,
islamlaşmağı və müasirləşməyi əsas istiqamət kimi seçmişdi. Bununla bir
türk-islam sintezi yarandı. Yəni bu da türkçülüyün bir qoludur. Bu gün
Türkiyədə aparıcı qollardan biri hesab edilir. Hətta son dönəmlərdə
türkçülüyü arxa plana ataraq islamçılığı qabardırlar. Kaspiralinin bu
konsepsiyası həmin dövr üçün uğurlu sayıla bilərdi. Bu Sovet
İmperiyasının tərkibinə daxil olan müsəlman türklərinin birləşməsi üçün
irəli atılmış bir konsepsiya idi. Lakin bu ideyanı hazırda da davam
etdirmək elə də perspektivli görünmür. Türkçülüyü dini inanc üzərində
qurmaq yanlış bir ideyadır. İslamçılıq və millətçilik heç vaxt bir araya
gələ bilməz. Din millətə ümmət deyir. Millət qəbul olunmur. Bütün
xalqlar ümümi olaraq ümmət kimi nəzərdən keçirilir. Bu vəziyyətdə
türkçülük sıradan çıxır. Bu mənada Kaspiralının həmin ideyalarının bu
gün də davam etməsinin böyük ziyanları oldu”.
- Azərbaycançılıq və türkçülük eynilik təşkil edirmi? Azərbaycanda türkçülük ideologiyası hansı səviyyədə təşəkkül tapıb?
Firudin Cəlilov:
”Düşünürəm ki, Azərbaycanda türkçülük digər türk dövlətləri ilə
müqayisədə daha sağlamdır. Çünki ölkəmizdə türk sözü etnik anlamda
işlədilir. Türk konkret bir etnosun adıdır. Talış, ləzgi, avar, gürcü,
konkret bir millətin adını bildirdiyi kimi türk sözü də həmin anlamda
işlədilir. Amma türk sözü Türkiyə Respublikasında super etnik ad kimi
işlədilir. Yəni Türkiyədə kürdə də, ərəbə də türk vətəndaşı deyilir.
Çünki Türkiyənin konstitusiyasında türk sözü vətəndaş anlamındadır.
Azərbayçançılıq ideologiyası bir dövlət ideologiyasıdır. Mən də həmin
ideologiyanı dəstəkləyirəm. Bu ideologiyanı qoruyub saxlamalıyıq. Çünki
tarix boyu bir neçə dəfə parçalanıb hazırkı vəziyyətdə qalmışıq.
Azərbaycançılıq azərbaycan dilində danışan xalqların birliyə səsləyən
bir ideologiyadır. Allahın izniylə gələcəkdə böyük bir Azərbaycan
yaranacaqsa, onu azərbaycançılıq ideologiyası ətrafında yaratmaq olar.
Türkiyədə türk sözü vətəndaş anlamını bildirdiyi kimi Azərbaycanda da
azərbaycanlı sözü vətəndaş anlamını bildirir və Azərbaycanda yaşayan
müxtəlif xalqların ümumi adı kimi qəbul edilir. Bu mənada bir dövlət
ideologiyası kimi mən azərbaycançılığı həmişə dəstəkləmişəm. Rəhmətlik
Heydər Əliyev özünün azərbaycanlı olmağı ilə fəxr edəndə bəziləri onu
qınadılar. Mən bu gün də düşünürəm ki, dövlət ideologiyasında aparıcı
yeri azərbaycançılıq tutmalıdır. Çünki bizim Cənubi Azərbaycan kimi
böyük bir ağrılı yerimiz var. Qarabağ poblemimiz göz qabağındadır.
Gələcəkdə bu kimi problemləri həll etmək üçün azərbaycançılıq
ideologiyasının mühüm rolu ola bilər. Lakin bununla bərabər türkçülük də
olmalıdır. Çünki Azərbaycanda olan 9 milyonluq xalqın 8 milyondan çoxu
mənşəcə türk xalqıdır. Deməli, bu, türk ölkəsidir. Etnik baxımdan bir
türk dövlətidir. Talışlarla, ləzgilərlə, avarlarla biz çox yaxınıq, bir
qardaş kimi eyni dövlətin ərazisində yaşayırıq. Yəni ölkədə olan digər
etnik azlıqlarla qaynayıb-qarışmışıq. Bu etnik qrupların içərisində ən
çoxu türklərdir. Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşsə 40
milyonluq bir Azərbaycan yaranır. Gürcüstanda, Xorasanda dünyanın digər
ərazilərində yaşayan azərbaycanlılar birləşsə bu 50 milyondan artıq
edir. Yəni dünyada mövcud olan türk xalqları içərisində ən çox əhalisi
olanı Azərbaycan türkləridir. Bu bir faktdır. Bu mənada azərbaycançılıq
dövlət ideologiyasıdır, türkçülük isə onunla paralel getməlidir. Bir
quşun qoşa qanadı kimi azərbaycançılıq və türkçülük bir birini
tamamlamalıdır. Azərbaycanda türkçülüyün siyasi qanadı yox
vəziyyətindədir. Ölkəmizdə türkçülüyün hələ də mövcud olması, bəzi
türkçü alimlərin, müxtəlif təşkilatların və aktiv gənclərin sayəsində
baş verir”.
- Bilindiyi kimi, türkçülük faktoru Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızın milli hərəkatına stimul verir. Lakin bu da məlumdur ki,
Cənubi Azərbaycandakı soydaşlarımızın dili və mədəniyyəti məqsədyönlü
şəkildə ciddi assimilyasiyaya məruz qalıb. Sizin fikrinizcə, Cənubi
Azərbaycanda Türkçülük ideologiyası unudulurmu? Gələcəkdə Cənubi
Azərbaycanı müstəqil dövlət kimi görə bilərikmi?
Firudin Cəlilov:
”Bu mənim ən yaralı yerimdir. Çünki GünAz tv-də 4 il "Biz kimik?” adlı
bir verilişin aparıcısı idim. Canlı bir proqram idi və güneyli
qardaş-bacılarımızla birbaşa efir vasitəsilə ünsiyyətdə olurdum. Suallar
verirdilər, mən izah edirdim. 4 il müddətində mən onların təfəkküründə
nə qədər dəyişiklik olduğunu əyani surətdə müşahidə etmişəm. İlk
dövrlərdə mənə irad tuturdular ki, biz iranlıyıq, biz azəriyik. Amma 4
ilin sonunda həmin şəxslər mənə telefon açıb dedilər ki, Ağa biz türkük.
Yəni insanlara gərək izah edəsən. Onların kökünün, mənşəyinin haradan
qaynaqlandığı izah edildikdən sonra insanlar dəqiq, təsdiq olunmuş
kimliyini əldə edirlər. Cənubi Azərbaycanda bir qisim toplum İranın
assimilyasiya siyasətinin qurbanı olub. Bu qrup özlərini iranlı kimi
təqdim edir və İranın bütövlüyünü müdafiə edirlər. Yəni onlar düşünmüür
ki, Cənubi Azərbaycan nə vaxtsa İrandan ayrılacaq, Şimalla birləşəcək.
Lakin bununla bərabər, Cənubi Azərbaycanda son 20 ildə böyük bir
türkçülük hərəkatı başlayıb. Bu hərəkatın əsas qüvvəsi isə gənclərdir.
Bizim Şimalda müstəqil dövlət qurmağımız Cənubi Azərbaycandakı
soydaşlarımıza qol qanad verdi. Xüsusilə rəhmətlik Elçibəyin tez-tez
onlara müraciət etməsi, onların problemini gündəmə gətirməsi Cənubi
Azərbaycanda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaratmışdı. Bəzən
hətta bir milyon insan küçəyə çıxaraq şüarlar səsləndirməyə
başlayırdılar. Nəticədə bu kütlənin içərisindən türkçülər çıxmağa
başladı. Düzdür mövcud rejim cənublu soydaşlarımıza mane olur, lakin bu
maneçilik türkçülük ideologiyasının zəifləməsinə gətirib çıxarmır,
əksinə daha da artırır. Bu mənada Cənubi Azərbaycanda olan türkçülük nə
Şimali Azərbaycanda, nə də Türkiyə Respublikasında var. Düzdür
təşkilatlanma zəifdir. Amma Cənubi Azərbaycanlı türkçü soydaşlarımız
türkçülük ideologiyası uğrunda ölümə də gedərlər. Təşkilatlanma zəif
olsa da, düşünürəm ki, ən güclü türkçülük Cənubi Azərbaycandadır”.
- Millətçilikdən uzaqlaşan xalqlar məhvə məhkumdur. Bu gün Türkiyədə
türk millətçiliyindən uzaqlaşma meyilləri müşahidə olunur. Tarixin ən
əzəmətli, qüdrətli Türk dövlətində liberalizm meyilləri güclənir və
türkçülük ideologiyası zəifləyir. Bu barədə nə deyə bilərsiniz? Bu nüans
Türkiyə Cümhuriyyətinə nə dərəcədə mənfi təsir göstərəcək?
Firudin Cəlilov:
”Türkiyədə türkçülük bayaq da dediyim kimi nağıl üzərində qurulub. Təbii
ki, nağıl üzərində qurulan bir ideologiyanın möhkəm zəmini də olmur.
Türkiyədəki türkçülük gərçəkilikdən uzaqlaşır və fantastik, əlçatmaz
şüarlar verir. Onların fikrincə, qədimdə ən mədəni xalqlar kim olubsa,
onlar türk hesab olunur. Şumerlər türkdür, Hetlər türkdür, Urartulular
türkdür, Amerika qızıldərililəri türkdür. Ağlı başında olan insanlar bu
şüarları gülünclə qarşılayırlar. Bir az araşdırma apardıqda görərik ki,
bu xalqların böyük əksəriyyətinin türklərlə uzaqdan yaxına heç bir
bağlılığı yoxdur. Türkiyədəki türkçülər dünyanın türklərdən yarandığını
qeyd edirlər. Bu şüar təbii ki, başdan-ayağa nadanlıqdır. Ona görə
Türkiyədə MHP-nin səs faizləri getdikcə azalır. Universiteti bitirən
gənclər bu nağılları eşidəndə artıq millətçilikdən iyrənir və geri
çəkilir. Amma nəzərdə saxlamaq lazımdır ki, Millətçilikdən uzaqlaşan
xalqlar məhvə məhkumdur. Tarix boyu biz bunu dəfələrlə müşahidə etmişik.
Bolqar tayfaları türk mənşəli bir tayfa olub. Lakin slavyan xalqının
içərisinə düşdükdən sonra əriyib yox oldular. Bolqarlar türk kimliyini
unudaraq slavyanlar içərisində assimilyasiya olundular və tədricən
xristianlığı qəbul etdilər. Bu kimi faktlar yüzlərlədir. Bu gün də Uyğur
türklərinin başına gətirilən bu proseslərin kökündə də məhz Çinin
assimilyasiya siyasəti durur. Çin dövlət kimi uyğurların öz kimliyini
unutmasını istəyir. Son 200 ildə İranın 40 milyonluq azərbaycanlı ilə
bağlı yeritdiyi siyasətinin kökündə də məhz həmin amil dayanır. İran da
Cənubi Azərbaycandan olan soydaşlarımızın öz milli kimliklərini onların
əlindən almaq istəyir.
- Məlumdur ki, Çində Uyğur türklərinə qarşı amansız divan tutulur,
Sizin fikrinizcə türkçülük ideologiyası, türk millətçiliyi bu
münaqişənin həllində hansı rol oynaya bilər?
Firudin Cəlilov:
”Dünya o qədər qloballaşıb ki, artıq Yer kürəsinin kiçik bir hissəsində
baş vermiş bir olay bir anda dünya gündəminə gələ bilir. Bu baxımdan
uyğurlara qarşı zülm başladıqdan sonra türk xalqlarını demək olar ki
hamısında Çin əleyhinə etirazlar başlandı. Bu əslində türkçülük
ideologiyası baxımından mütərəqqi bir hal idi. Uyğurlar türk xalqları
içərisində ən qədim mədəniyyətə sahib xalq hesab edilir. Yəni min ildir
ki onların yazılı ədəbiyyatı var. Elə türk xalqları var ki, yazılı
ədəbiyyatları Sovet Rusiyasının dövründən etibarən yaranmağa başlayıb.
Uyğurlar Çin mədəniyyətinə də böyük töhfələr verib. 1949-cu ildən, Uyğur
ərazilərinin Çinə verilməsindən bu günə kimi Çin həmin ərazidə
assimilyasiya siyasəti aparır. Amma türkçülük dediyimiz ideologiyanın
dünyada siyasi qanadı olmadığı üçün Şərqi Türküstanda baş vermiş uyğur
probleminin həllində də hansısa rol oynayacağına inanmıram. Türkçülük
ideologiyası yox dərəcəsinə qədər zəifləyib. Bu ideologiyanın müasir
dövrdə hansısı türk xalqının probleminin həllində müsbət mənada rol
oynayacağına inanmıram. Heç bir türk dövlətində türkçülük tam olaraq
təşəkkül tapmayıb. Bu ideologiya şüar olaraq qalıb”.
- Son zamanlar Türkiyədə Ərəb ölkələri ilə yaxınlaşmaq meyilləri
açıq-aşkar hiss olunur və Ərdoğan türk dövlətləri ilə müqayisədə daha
çox ərəb dövlətləri ilə əməkdaşlığa can atır. Sizin fikrinzcə Ərdoğanın
simasında son dövrlər müşahidə etdiyimiz bu tutumun kökündə nə
dayanır?
Firudin Cəlilov:
"Ərdoğan bir xarizmatik lider kimi türkiyədə müəyyən dəyişikliklərin
banisi kimi xatırlanacaq. Amma Ərdoğanın etdiyi dəyişikliklərin
türkçülüyə böyük ziyanı var. Düzdür iqtisadi-siysi baxımından ölkənin
böyüməsi, dünyada söz sahibi olması baxımından bu mütərəqqi bir addım
sayıla bilər. Ərdoğan hazırda neo-osmançılıq ideyasını əsas tutaraq
gələcəkdə türk-islam dünyasını Türkiyə Cümhuriyyətinin tərkibində
yenidən birləşdirmək istəyir. Amma Ərdoğan anlamır ki, tarix boyu türkün
arxasına bıçağı həmişə ərəblər vurub. Buna görə də Türkiyə
Cümhuriyyətinin seçdiyi bu yol çox yanlış bir ideologiyadır. Bunu da
nəzərə almaq lazımdır ki, nə Avropa, nə ABŞ, nə də ki Rusiya Türkiyənin
regionda lider dövlətinə çevrilərək bütün islam dünyasını nəzarətdə
saxlamasına icazə verməyəcək. Digər tərəfdən sünni-şiə məzhəbinin
mübarizə apardığı ərəb ölkələrində Türkiyənin bu ideyasının reallaşacağı
elə də inandırıcı görsənmir. Artıq vəziyyət o həddə çatıb ki, islam adı
ilə İŞİD adlanan bir qrup ortaya çıxaraq dünyaya qan uddurur. Əslində
İŞİD-in islam dini ilə heç bir bağlılığı olmasa da, təşkilatın üzvləri
islam bayrağı altında hərəkət edirlər. Nəticə etibarilə, Türkiyənin
başçılıq edəcəyi islam xilafətinin yaranması ideyası reallığı əks
etdirmir. Vaxtilə Fətullah Gülənin Azərbaycanda təhsil ocaqları açmasına
mən mane olurdum. Çünki Fətullah Gülənin Azərbaycanda yaratdığı təhsil
ocaqlarının arxa planında nələrin olduğunu mən çox gözəl anlayırdım.
Nəticədə, mənim proqnozlarım özünü doğrultdu və ölkəmizdə Fətullah Gülən
məktəbləri bağlandı. Bu baxımdan, Ərdoğan əslində təhsilsiz bir
adamdır. Tarixi də dərindən bilmir. Buna görə də onun ərəb ölkələri ilə
yaxınlaşması, gələcəkdə ərəb dünyasına başçılıq etmək ideyası düşünürəm
ki, sonda nəticəsiz qalacaq”.
- Rusiya imperiyasının tərkibinə daxil olan türk dövlətlərinin gələcəkdə müstəqillik qazanacağına inanırsınızmı?
Firudin Cəlilov:
"Bu mümkündür. 60-70-ci illərdə heç kəsin ağlına gəlməzdi ki, SSRİ nə
vaxtsa dağıla bilər. Lakin Rusiya İmperiyasının dağılması hələ gündəmdə
deyil. Rusiya dağılan kimi çuvaşlar, tatarlar, altaylar,
qaraçay-balkarlar, kumuklar, yakut və saxalar və s. hərəsi bir dövlət
qura biləcəklər. Saxa Respublikası yaransa bu türk xalqları içərisində
ən böyük respublika ola bilər. Lakin tarixin bir gedişatı var. Əgər
mənim əlimdə olsa, əlbəttə, mən onu sürətləndirərdim. Lakin bu bizim
əlimizdə deyil. Tanrı millətlər üçün bu yolu açır”.
- Gələcəkdə "Turan Ordusu” nun yaradılması ideyası reallığı əks etdirirmi?
"Bu gün "Turan Ordusu” ideyası karikatura şəklində həyata keçirilir.
Əslində "Turan Ordusu” yaranmışdı. Qırğızıstan və Qazaxıstan
Respublikaları protokola imza atmışıdılar. Sonradan Azərbaycan və
Türkiyənin də bu ittifaqa qoşulması planlaşdırılırdı. Lakin bu ideya
kağız üzərində qaldı. Vaxtilə "Türksoy” da yaradılmışdı. Bu türk
dövlətlərinin mədəniyyət nazirliklərinin birlikdə fəaliyyəti demək idi.
"Türksoy”-un ilk rəhbəri mənim yaxın dostum olan Polad Bülbüloğlu idi.
Mən Polad bəyə sual verdim ki, nəyə görə "Türksoy”-da real iş görülmür?
Mənə cavab verdi ki, "Ay Firuddin bəy nə danışırsınız, bizə ancaq arada
müəyyən konsertlərin verilməsi üçün az miqdarda maliyyə ayrılır”. Yəni
onu demək istəyirəm ki, türk dövlətlərinin birliyi ilə əlaqədar
yaradılan təşkilatların fəaliyyəti yalnız kağız üzərində qalır”.
- Firudin bəy, Ön Asiya mərkəzli Türkçülük xəttinin yaradıcılarından
birisiz. Ziya Gökalp "Türkçülüyünə" münasibətinizi bilmək istərdik?
Firudin Cəlilov:
"Nihat Atsız, Ziya Gökalp, Əli bəy Hüseynzadə kimi şəxslərin türkçülüyə
etdiyi xidmətləri heç kəs etməyib. Onlar bütün ömürlərini bu yola
qoyublar. Amma nəzərə alınmalıdır ki, onların türkçülüyün təbliği ilə
bağlı tətbiq etdikləri yöntəm, üsul, metod tamamilə səhvdir. Onların
təbliğ etdikləri ideyalar başdan ayağa nağıl üzərində qurulub. Yəni ki,
türklər Ərgənəkondan çıxdılar, atlara mindilər, Altaydan gəlib
Anadolunu tutdular, min il Avropanın yarısını, Afrikanı idarə elədilər
və s. Əslində bu ideyanı bəyənənlər "Ərgənəkon” sözünün mənasını belə
bilmirlər. Elə düşünürlər ki "Ərgənəkon” yer adıdır. Lakin bu sözün
mənası erkən gün deməkdir. Yəni yeni ilin başlanmasıdır. Bir dastandır.
Yuxarıda adlarını çəkdiyim ziyalılar da türklərin Altaydan gəlib dünyaya
səpələndiyi ideyasının üzərində dururlar. Əvvəlcə onu deyim ki, türklər
monqoloid irqindən daha çox avropoid irqinə yaxındır. Biz Monqolustanda
və digər Mərkəzi Asiyada qədim türk mədəniyyətini dərindən araşdırsaq,
görərik ki, qədim türklərin bu ərazi ilə heç də bağlılığı yoxdur. Buna
görə də düşünürəm ki, Ön Asiyada türk etnosunun kökünü araşdırıb
çıxarmaq olur, lakin Altayda, Mərkəzi Asiyada bu mümkün deyil. Nəticə
etibarilə onu deyə bilərik ki, bir sıra türkçülərin irəli sürdüyü və son
iki yüz ildə əsas istiqamət kimi tətbiq edilən Altay nəzəriyyəsi özünü
doğrultmadı. Mənim də Ziya Gökalpdan fərqli düşünməyimin kökündə o
dayanır ki, mən türk etnosunun Mərkəzi Asiya və Altayda yox, Ön Asiyada
yarandığını düşünürəm. Bunu sənədlərlə də sübut edə bilərəm”.
- Bəzi tədqiqatçılar Şimali Amerikada yaşayan qızılı dərililərlə
türklərin mənşə-kök baxımından bir-birilərinə çox yaxın olduqları
qənaətinə gəlirlər. Hətta bəzən qızıl dərililər tapındıqları inanclara,
həyat tərzlərindəki oxşarlıqlara görə türk mənşəli etnos hesab edilir.
Bununla bağlı mövqeyiniz necədir?
Firudin Cəlilov:
"Bu mübahisələr 100 ildir ki, davam etməkdədir. Məsələ ilə bağlı mən də
öz mövqeyimi ortaya qoydum. Qızıl dərililərin içərisində türklər var. Bu
faktdır. Amma bir az elmi yanaşmaq lazımdır. Qızıl dərililərin 200 dili
var. Bu dillərin içərisində türk dili ilə çox yaxın dillər də var.
Lakin bu o demək deyil ki, bütün qızıl dərililər türk mənşəlidir. Belə
nəticəyə çıxarıldı ki, lap qədim zamanlarda Amerika qitəsinə türk
mənşəli tayfaların müəyyən köçü olub. Bu nöqteyi nəzərdən anlamaq olar
ki, Amerika qitəsində mövcud olan qızıl dərililər içərisində türk
mənşəli tayfalar var. Lakin bütün qızıl dərililəri türk adlandırmaq
yanlış olardı”.
- Siz həmçinin Azərbaycan dilçilik elmini dərindən araşdıran
alimlərdən birisiniz. Hazırkı dövrümüzdə yazıçı dili dövlətin
müəyyənləşdirdiyi inzibati dilin tələblərindən kənara çıxmır. Dahi
ədibimiz Mirzə Ələkbər Sabirin yazdığı əsərlərə nəzər salsaq "jarqon”
ifadələrin tez-tez işlədildiyini görərik. Hazırda yazıçı dilində belə
ifadələrdən istifadə olunmur. Sizin fikrinizcə bu səbəb ictimai
qınaqdan, yoxsa dövlətin müəyyənləşdirdiyi inzibati dilin tələblərindən
qaynaqlanır?
Firudin Cəlilov:
"Əslində, belə hallara normal yanaşmaq lazımdır. Bunlar dilin üslubları
adlanır. Bəzən bir ədəbiyyat xadiminin əsərlərini yazdığı dil digərindən
fərqlənə bilər. Deyək ki, Əkrəm Əylisli ilə Anarın yazdığı ədəbiyyatın
dilində müəyyən fərqlər var. Yəni dahi ədəbiyyat xadimlərimizin
özlərinə məxsus yazı üslubu olub. Mirzə Ələkbər Sabirin də üslubu bu
baxımdan fərqlənirdi. Lakin bu o demək deyil ki, ədəbi dildə "jarqon”
ifadələrdən istifadə edilə bilər. Sabir də "jarqon” ifadələrdən
istifadə etmirdi. Sabir sadəcə olaraq həmin dövr üçün cəmiyyətdə normal
qəbul edilən və tez-tez işlədilən xalq deyimlərini ədəbiyyata
gətirmişdi. Bəzi hallarda ədəbiyyat xadimləri dilçiliyə müəyyən sözlər
də gətirirlər. Səməd Vurğun dilçiliyimizə ilk dəfə "sayrışmaq” sözünü
gətirib. Sonradan bu söz geniş istifadə edilməyə başladı. Mən özüm ədəbi
dilə 50-60 dənə söz gətirmişəm. "Bitik” sözünü ilk dəfə mən istifadə
etmişəm. Bu söz kitab anlamına gəlir və artıq sosial şəbəkələrdə tez-tez
istifadə edilir. Lakin bunu nəzərə almaq lazımdır ki, jarqon ifadələri
ədəbi dilə gətirmək olmaz. "Jarqon” ifadələr dilə müəyyən zərər də
vurur.”