Füzuli sakinindən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya-MÜRACİƏT
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Respublikanın Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Milli Məclisin sədrinin müavini deputat
Bahar Muradovaya
Surəti: Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə
Dövlət Komitəsinin sədri Rövşən Rzayevə
Surəti: Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
cənab Zakir Fərəcova
Füzuli rayonu, Yuxarı Veysəlli kəndindən məcburi köçkün, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, barak 12, mənzil 2-də məskunlaşmış, hal-hazırda Sumqayıt şəhəri, 5-ci məh, ev 13/34, mən 3-də kirayədə yaşayan Səfərov Əfəd Abdulla oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Mehriban xanım!
26.02.2017-ci ildə məskunlaşdığım barak tipli evdə baş verən yanğından sonra ev yararsız vəziyyətə düşüb. Bu barədə Azərbaycan Respublikası FHN-in DYNX-in Sumqayıt RDYNİ-nin 03.04.2017-ci il tarixli 31/00478 № aktı da var. Yanğından sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişəm. Komitənin məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynovun mənə ünvanladığı 30.03.2017-ci il tarixli 01/2349, 11.04.2017- ci il tarixli 01/2882, 12.05.2017-ci il tarixli 01/4036 №-li cavablarda məsələyə baxılacağı barədə bildirilsə də, bu günə qədər heç bir nəticə yoxdur.
Möhtərəm Mehriban xanım! 10 nəfərlik ailə üzvlərimlə birlikdə iki otaqlı mənzildə çox acınacaqlı vəziyyətdə yaşayırıq. Qohumlarımız da məcburi köçkün olduqlarından heç kimin yanına sığına bilmirik. İki oğlum Vətən qarşısında borcunu verib, üçüncü oğlum hərbi xidmətə hazırlaşır. İki uşağım imkansızlıq üzündən təhsildən kənarda qalıb. Kirayə haqqını belə ödəyə bilmirik. Özüm asma xəstəsi olduğum üçün əmək qabiliyyətim yoxdur.
Möhtərəm Mehriban xanım! Mən Sizə Birinci Vitse Prezidenti seçiləndə təbrik teleqramı göndərmişəm və bu gün də bu müraciəti Sizə böyük ümidlərlə göndərirəm. Axı Siz həmişə dar gündə olanlara dayaq olan əsl azərbaycanlı bir xanımsız. Mən ailə üzvlərimlə birlikdə möhtərəm Prezidentimiz və Sizin fəaliyyətinizi həmişə dəstəkləmişik.
Hörmətli Mehriban xanım, Sizdən mənim tezliklə mənzillə təmin olunmağım barədə göstəriş verməyinizi və məni bu çətin vəziyyətdən qurtarmağa kömək etmyinizi xahiş edir, qabaqcadan Sizə öz minnətdarlığımı bildirirəım.
Miq.Az