Gəncə iğtişaşında həlak olan polkovniklər- Hər ikisi “İgidliyə görə” medalı alıbmış
Dünən saat 20 radələrində Gəncədə baş verən və iki yüksək rütbəli polisin ölümü ilə nəticələnən iğtişaşlar ölkə ictimaiyyəti tərəfindən pislənir. Məsələyə millət vəkilləri və hətta müxalif düşərgənin təmsilçiləri belə sərt mövqe bildirərək, bu aksiyanı cinayət hadisəsi adlandırıblar.
Polis polkovniki İlqar Balakişiyev
Miq.Az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz akiyaya müdaxilə edən zaman şəhid olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov barədə bəzi faktlar ortaya çıxıb.
Belə ki, hər iki polis xidmətlərində fərqləndiklərinə görə müxtəlif illərdə "İgidliyə görə” medalı ilə təltif ediliblərmiş.
Balakişiyev İlqar Məmməd oğlu uzun müddət Gəncə Şəhər Baş Polis İdarəsində işləyib. Polis polkovniki ümummilli lider Heydər Əliyevin prezidentlik dönəmində Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə çalışıb. O, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən 2002-ci ilin iyun ayının 30-da "İgidliyə görə” medalı ilə təltif olunmuşdu.
Abbasov Səməd Yunis oğlu isə 1 iyul 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən həmin medala layiq görülüb. S.Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, İmamzadə ziyarətgahının mütəvəllisi Tahir Abbasovun qardaşıdır.
Miq.Az