General İlqar Abbasov bu səbəbdən işdən çıxarılıbmış
Xəbər verdiyimiz kimi, general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Miq.az "Unikal"a istinadən xəbər verir ki, İlqar Abbasovun işdən çıxarılmasına səbəb onun işçiləri ilə çox kobud rəftar etməsi olub. Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.
İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib.
Xatırladaq ki, İ.Abbasovun birinci müavini general-mayor İsmayıl Hüseynovla da arasında münaqişə yaşanıb. İsmayıl Hüseynov cəmi 9 gün əvvəl - oktyabrın 15-də vəzifəsindən azad edilib.
*******
Prezidentin vəzifədən azad etdiyi general kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi general-mayor İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
"Yeni Sabah” vəzifəsindən azad edilən general-mayorla bağlı maraqlı detalları təqdim edir:
İlqar Rza oğlu Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. pizza mizza
İlqar Abbasov 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.
İlqar Abbasov çalışdığı dövr ərzində dəfələrlə mükafatlandırılıb. 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.