Heydər Babayev "zühura" hazırlaşır?

Heydər Babayev
Sabiq nazir artmaqda olan maliyyə ehtiyaclarını siyasi müstəvidə qazana biləcəyi mövqe ilə kompensasiya etmək üçün çabalar göstərməkdədir

Payızda keçiriləcək parlament seçkiləri ərəfəsində sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin fəaliyyətində canlanma müşahidə olunmaqdadır. Uzun illər mediadan uzaq gəzən, demək olar ki, qapalı həyat sürən sabiq nazirin siyasi arenaya qayıdış şanslarının nə qədər real göründüyünü söyləmək əlbəttə, çətin olsa da, son zamanlar oliqarxın öz biznes strukturlarının fəaliyyəti arasında müəyyən məsafə saxlaması, bu şirkətlərin idarəçiliyinə yaxın çevrəsindən olan yeni simaların cəlb edilməsi göstərir ki, bütün bunlar gələcək üçün hazırlanmış planların tərkib hissəsi olaraq Heydər Babayevin hakimiyyətin gözündə belə deyək, reabilitasiyasının təmin edilməsinə hesablanıb. Bununla belə, şirkətlərin fəaliyyətində yaranmış bir sıra problemlərin də görüntü xarakteri daşıya biləcəyi ehtimalı da az deyil. Söhbət Heydər Babayevə məxsus olduğu iddia edilən "Standard Lizinq" MMC, Bakı Biskvit fabriki, "Crown Plaza" oteli,"ABU petrol" şəbəkələri kimi tanınmış biznes strukturlarında yaranmış maliyyə problemlərindən gedir. Bəzi hallarda öz əməkdaşlarına əməkhaqqı verməkdə belə çətinlik çəkən bu qurumların üzləşdiyi problemlər Heydər Babayevin sevimli "flaqmanı" "Bank Standart"da hökm sürən mövcud situasiya ilə əlaqələndirilir. Əlbəttə, manatın son devalvasiyasından bəri hələ də özünə gələ bilməyən bankın Mərkəzi Bankın prezidenti Elman Rüstəmovun dəstəyinə böyük ehtiyacı vardı. Bu dəstək kifayət qədər olmasa da, bankın normal fəaliyyətinin bərpasında heç də az rol oynamayıb. Məlumata görə, Heydər Babayev yüksək qiymətləndirdiyi bu dəstəyin müqabilində Elman Rüstəmov qarşısında bəzi öhdəliklər də götürüb. Bu öhdəliklərin nədən ibarət olduğunu söyləmək çətindiir. Lakin son bir -iki ayda medianın gündəmində yer alan Heydər Babayevin aktivləşməsi deməyə əsas verir ki, bu öhdəliklərin maliyyə tərəfindən əlavə həm də siyasi tərəfi olmamış deyil. Müəyyən təhlillər aparılsa, Heydər Babayevin siyasi həyata qayıdışına işarə verən bəzi elementlər üzə çıxmış olar. Əslində, bu "qayıdışın" məğzində bizcə heç bir xislət də yatmır. Lakn sabiq nazirin vəzifədən kənarlaşdırıldıqdan sonra yaşadığı ciddi stresslər və dost itkiləri onun revanşa meylinin artmasına işləyib. Necə olmasa, oliqarxın bu dəfə Azərbaycan siyasi mühitində başqa bir performansda "zühur" etmək şansları vaxtilə üzvü olduğu komandanın bu "zühura" yanaşmasından çox asılı olacaq. Heydər Babayevin reabilitasiya şanslarını çətinləşdirən məqamlar isə heç də az deyil. Yadınızdadırsa, bir müddət öncə bəzi müxalifət nümayəndələrinin hakimiyyət komandasının sabiq üzvləri olmuş oliqarxlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Onların arasında Heydər Babayevin də adı hallanırdı. Bu məsələyə münasibət bildirməkdən imtina edən Heydər Babayev, söhbəti "nə istəyirlər, qoy yazsınlar" kimi yanaşma ilə bağlamışdı. Göründüyü kimi, belə yanaşmanın da özündə müəyyən anlaşılmazlıqlar yatır. Bu mənada, kifayət qədər təcrübəli Heydər Babayevin işlətdiyi həmin ifadələr heç də inkar mənasında işlədilə bilməz. Maraqlıdır ki, eks-nazir uzun müddət Qərbin ölkəmizdə işləyən gizli şəbəkəsinin dayaqlarından biri kimi qəbul edilib. Vəzifədən uzaqlaşdırılmasına baxmayaraq kifayət qədər geniş və böyük biznes imperiyasının əsas rıçaqlarını qoruyub saxlamağa müvəffəq olmuş Heydər Babayevin ölkəmizdəki Qərb müşahidəçiləri və elə müxalifətin özü üçün də cəlbedici görünməsində qeyri-adi heç nə ola bilməz. Buna baxmayaraq sözügedən məsələnin araşdırılmasına ehtiyac var. Heydər Babayev bu gün öz maliyyə ehtiyaclarını siyasi müstəvidə qazana biləcəyi mövqe ilə kompensasiya etmək üçün çabalar göstərməkdədir. Onun deputat olmaq istəyinə də elə bu prizmadan yanaşmaq düzgün olardı. Hər halda, yaxın aylarda, seçki dalğasında "zühura" hazırlaşan sabiq nazirin əsl məqsədləri ortaya çıxacaq... /gundelik-baku.com/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az