Zahid Oruc: “Bunların imkanı var ki, Zori Balayan yazanda, bir cümlə də bunlar cavab yazsınlar”
Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə müsahibəsində deyib ki, azərbaycanlılar erməni xalqına düşmən deyil və gec-tez mütləq barışacaqlar: “Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”.
R.İbrahimbəyovun fikirlərinə Milli Məclisin deputatı Zahid Oruc maraqlı şərh verib.
Vətəninfo.az xəbər verir ki, o, “a24.az”a bildirib ki, Rüstəm İbrahimbəyov, əslində, bu mövqeyi ilə dünyada sülh tərəfdarı olan müxtəlif rejissorların, yazıçıların, ssenaristlərin missiyasını aparmağa iddiya eləyir: “Lakin onun ifasında belə fikirlər çox uğursuz alınır. Ona görə ki, yazıçı Əkrəm Əylisli, kinorejissor Rüstəm İbrahimbəyov kimi düşünən insanlar belə bir mövqeyi əsas götürürlər ki, sülh məsələsi Azərbaycan xalqının məğlubiyyəti hesabına həll olunmalıdır. Onlar mənsub olduqları xalqın təslimciliyini, vəziyyətlə barışmasını, işğal reallığının üzərindən keçərək, məlum təcəvüzkarlıq aktlarını unudaraq, şəhidlər xiyabanlarının üzərindən asfalt çəkərək düşmən tərəfə əl uzadılmasını istəyirlər. Dünyada belə nümunələr olubmu? Əlbəttə olub. Həqiqətən də öz taleyi ilə barışan xalqlar var. Lakin tamamilə alçaldıcı şərtləri bir kənara atan və qalxınaraq, inkişaf edərək, həyatının o ağır şərtlərini ortadan götürən millətlər də var. Məsələn, bu millətlərdən biri almanlardır. 1945-ci ildə iki yerə bölünmüşdülər. Sonradan birliyə nail ola bildilər. Başqa nümunələri də göstərə bilərəm”.
Deputat hesab edir ki, R.İbrahimbəyovun naturasında, xüsusilə, 2013-cü ildə gətirib prezidentliyə zorən namizəd edildikdən sonradan mənəvi-psixoloji durumunda çox ciddi metamarfozlar baş verməkdədir: “Bu adamın, sözün həqiqi mənasında, bütün mövqelərində Azərbaycan əleyhinə fikirlər var. Xatırlayırsınızsa, İbrahimbəyovun bir zaman başqa açıqlamalarına münasibət bildirmək məcburiyyətində qalmışdıq. Həmin açıqlamalarında Bakıya düşərkən xidmətindən istifadə etdiyi taksi sürücüsünün ondan haqqını tələb etməsinə qarşı çıxmışdı. Başa düşmür ki, onun dünya şöhrəti qazanmasının taksidə getməsinə nə aidiyyatı var?
O cümlədən, Bakını tərk edən erimənilərdən sonra Azərbaycanda daxili atmosferin çox pisləşdiyini bildirməsi və buradakı mənəvi durumun bərbad hala gəlməsi, paytaxta doluşan köçkün və qaçqınların burada bərbad vəziyyət yaratması və digər məsələlərdən gileylənirdi. O zaman da deyirdik ki, bu adamın daxilindəki təbəddülatlar mənfiliyə doğru getməkdədir. İndi də “erməni və Azərbaycan xalqı düşmən deyil” ifadəsini işlədir”.
Z.Oruc vurğulayıb ki, Azərbaycan tərəfindən də rəsmi olaraq “xalqlar müəyyən dövrdən sonra barışa getməli olacaqlar” fikirləri səsləndirilir və “erməni millətçiləri bunu nə qədər tez anlasalar, o qədər yaxşıdır” bəyanatları verilir: “Bu kateqoriyadan bəyanatlar olub. Amma buradakı aksent -əsas tezis, əsas vurğulanan fikir ondan ibarət olub ki, ermənilər işğal etdikləri ərazilərdən çıxsınlar. İbrahimbəyovun özünün Rusiya məkanında tanınmasını buna yönəltsəydi, Azərbaycan daxilindən hakimiyyətpərəstlər onu tənqid eləmək üçün heç bir arqument tapa bilməyəcəkdilər. O, erməni cəmiyyətinə, onların ziyalılarına, Sarkisyana və digər hərbi canilərə müraciət etsəydi ki, bu, erməni xalqının faciəsi olacaq, Azərbaycan əhali baxımından da, iqtisadi cəhətdən də bütün parametrlər üzrə qanuni inkişafdadır, bu, sonradan ermənilərin əleyhinə çevriləcək, normal bir mövqe olardı. Biz demirik ki, İbrahimbəyov gəlib Azərbaycanın bir partiyasının hər hansı bir yetirməsi kimi danışsın. Yox, sadəcə, yazıçı fərqli bir miqyasda, fərqli üslubda, fərqli parametrlərdə düşünən və yaza bilən adamdır. O cümlədən də kinorejissor kimi onun üzərində olan qlobal missiyalar var”.
Z.Oruc deyir ki, indi nə sirri-xudadırsa, Azərbaycanı ermənilərlə bir masa arxasına əyləşdirmək istəyən, sülhdən, əməkdaşlıq tezisindən bəhs edən, regionda dostluqdan dəm vuranlar hamısı vəziyyətlə barışmağı, Şəhidlər Xiyabanın üzərindən bir asfalt çəkməyi bizdən tələb edirlər və İbrahimbəyov da sanki o missiyanı yerinə yetirir: “Ona görə də, mən əlbəttə ki, burada ermənilər düşməndir bəyanatını verərək İbrahimbəyovu təkzib mövqeyindən danışmaq istəmirəm. Mən, ümumiyytlə, onu ortalığa qoymaq istəyirəm ki, İbrahimbəyovun iddia elədiyi növbəti mükafat nədir? O, doğurdanmı hesab edir ki, Əkrəm Əylisli kimi bütün bəlaları Azərbaycanın ayağına yazmaqla, kobudluğu, səriştəsizliyi, başqa millətlərə dözümsüzlüyü və digər məsələləri bizim üzərimizə yıxmaqla sülh yarada biləcklər? Birinci Dünya Müharibəsində ermənilərin Osmanlı içərisindı arxadan vurduğu zərbələri yada salmalıyıq. Bilirsiz ki, ermənilər onların xeyrinə danışan yazıçını da, siyasətçini də, kinorejissoru da ilk dövr üçün mükafatlandıra bilərlər. Yadınızdadır, o zaman deyirdik ki, ermənilər yazıçı Əkrəm Əylisliyə heykəl qoyacaq, adını küçəyə də verəcəklər. Amma mən sizə deyim ki, kallabarsionizm mükafatı sona qədər olmur. Yəni, satqınçılıq heç zaman sona qədər uğurlu olmur. İlk dövr üçün onu əllərində saxlayırlar, boy verirlər. Amma sonda deyirlər, öz millətinə xəyanət edənlər çox asanlıqla onları da zərbə altında qoya bilərlər. Ona görə də mən hesab edirəm ki, bizim yazıçıların, sənət adamlarının da hamısının üzərində döyüş missiyası, torpaqlarımızın alınması missiyası var. Heç kim demir ki, Rüstəm İbrahimbəyov Qarabağ Azadlıq Təşkilatının rəhbəri kimi danışsın. Danışmasın. O cür fəaliyyət aparmasın. Amma bunların imkanı var ki, Zori Balayan yazanda, bir cümlə də bunlar cavab yazsınlar. Sonra dövlətdən nəyisə umarlar, mükafat tələb edərlər. Gəlib Bakı neft buruqlarının içərisində böyük əraziləri ələ keçirər və sonra SOCAR-la öz davalarını apararlar. Axı, bunun üstündən bircə cümlə də onlar düşmənə cavab versinlər. Hökm deyil ki, onlar gəlib Ağdamda səngərə girsinlər. Bu gün biz də səngərdə deyilik. Amma bunların imkanı var ki, tribunalarını ermənilərin əleyhinə işlətsinlər”.