İcra başçısı Laçın obalarını üsyana qaldrır - Video

İcra başçısı Laçın obalarını üsyana qaldrır - Video

Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində yaradılan "Laçın obaları”nda sosial problemlər kifayət qədərdir

VİZUAL.az savash.org-a istinadən xəbər verir ki, sakinlər ərazidə minimum yaşayış üçün belə şərait olmadığını, Laçın Rayon İcra Hakimiyyətinə edilən şikayətlər isə məhəl qoymadığını bildirir.

Daxil olan məlumatda bildirilir ki, sakinlərin Laçın RİH başçısı Akif Səlimova problemlərlə bağlı şikayətləri heç bir fayda vermir: "İnsafən, qeyd olunmalıdır ki, şikayətçiləri Akif Səlimov şəxsən qəbul edir. Özünün imkanı olmayanda isə qəbulu müavinləri keçirir. Amma bunun nə faydası? Akif Səlimov və müavinləri sadəcə problemləri dinləmək və məsuliyyəti üzərlərindən atmaqla məşğuldur. Laçın RİH problemləri aidiyyatı üzrə digər dövlət qurumlarının üstünə atmaqla gün keçirirlər. Ev problemiylə yanlarına gedəndə deyirlər ki, bu "Qaçqınkomluq”du, sosial yardımın rüşvətlə verildiyindən şikayətlənəndə deyirlər ki, bu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işidir və s. Biz başa düşmürük, Akif Səlimovun və Laçın RİH-nin hansısa səlahiyyəti varmı, heç bir səlahiyyətləri yoxdursa desinlər, biz də bir daha icra hakimiyyətinin binası tərəfə getməyək”.

Laçın rayonunda hər şeyin nəzarət altında olduğunu bildirən mənbəmiz əhalinin təzyiq altında yaşadığını bildirir: "Laçın obalarının girişində və ətraf ərazilərdə xüsusi güdükçülər qoyulub. Onlar əraziyə daxil olan hər bir şəxs və ya avtomobillə bağlı Laçın RİH başçısını şəxsən məlumatlandırırlar. Bütün bu "təhlükəsizlik tədbirləri” isə Laçın obalarındakı real durumla bağlı informasiyaların kənara sızmasının qarşısını almaq üçün düşünülüb.

Xatırladaq ki, Laçın obalarında icra başçısı Akif Səlimovun idarəçiliyinə qarşı dəfələrlə etiraz aksiyası baş tutub. Odur ki, indi əlində telefon və ya fotoaparat olan istənilən şəxsin başının üstünü dərhal alırlar ki, mətbuata növbəti çəkiliş ötürülməsin. Təqdim etdiyimiz videogörüntülər isə bir müddət öncə Laçın obalarındakı etiraz aksiyasında lentə alınıb.

Sonda xatırladaq ki, Akif Səlimov rayondakı problemlərin işıqlandırılmaması üçün qatı müxalifətçilərdən biri ilə anlaşmaq zorunda qalıb və bu anlaşmanın şok detalları haqda yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Akif Səlimovun anlaşdığı və hakimiyyət üçün arzuolunmaz şəxslər siyahısında olan həmin "radikal”ın kimliyi, eləcə də digər ilginc təfərrüatlarla bağlı araşdırmalarımız davam edir.


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az