Səfər Əbiyevin istefası heç nəyi dəyişməz
Azərbaycandan kənarda Avropanın və Dünyanın müxtəlif ölkələrinə baş götürüb məcburi gedən tanınmış simalarla bağlı rublikamız davam edir.Bu dəfə isə müsahibimiz hər birimizin gözəl tanıdığı polkovnik İsa Sadıxovdu.
İsa Sadıxov indi vətəndən uzaqda hansı ölkədə yaşayır?
-Norveçdə
Bir hərbiçi üçün ölkəsindən kənarda yaşamağın ən ağrıverici hissi nədir?
- Ağrıverici elə vətəndən uzaqda yaşamaqdır. Fərqi yoxdur ki, hərbiçi yoxsa adi vətəndaş. O ki,qaldı biz qürbətdə yaşayanlara torpaqların işğalı,bir milyon qaçqınımızın olması,diktatura, atəşkəs zamanı minlərlə əsgərin ölümü və s.ağrı verir. Sizin yaşadığınız ağrıları biz iki qat yaşayırıq.
İsa Sadıxov Norveçdə nə işlə məşğuldur? Hərbi sənət sahibi olmanız baxımından deyirəm.
- Norveçdə müvəqqəti işim var və ailəmi dolandırıram. Hərbi sənətin bu işimə dəxli yoxdur. Hərbi sənətə burda ehtiyacda yoxdur.
Azərbaycanda haqqınızda belə bir söz-söhbət dolaşır ki, İsa Sadıxov getdiyi ölkədə taksi sürücüsüdür və ailəsini bununla dolandırır. Bu nə qədər doğrudur?
-Yaşadığım ölkədə kimin harada işləməsi önəmli deyil. Bura azad ölkədir. İkincisi bu gün Azərbaycanda bu hakimiyyətdə təmsil olunsaydım, hansı sualları verərdiniz? Mən çalışıb öz əməyimlə ailəmi saxlayıram.İsa Sadıxov vəzifələrə,var-dövlətə göz dikmədi,şərəfsizliyi qəbul etmədi və vətəni tərk etdi.
Cəbhə xətddində son günlər intensivləşən silahlı qarşıdurmalar sizdə hansı hisləri yaradır?
-Atəşkəs həmişə pozulub və bundan sonra da pozulacaq. İndiyənə qədər 5 mindən artıq əsgər itirmişik bu atəşkəs rejimində. Bu vəziyyət məni həmişə narahat edir. Təəssüflər olsun ki,18 ildə bunlar bir şeyə nail olmadıqları kimi,ordu quruculuğunda da mən elə bir yenilik görmürəm. Əgər atışmalar intensifləşibsə və bu atışmalar nəticəsində itkilərimiz varsa, deməli düşmən yenədə meydan oxuyur,həyasızlıq edir. Ermənilər görünür çəkinmirlər,qorxmurlar və əgər şayyət qorxmuş olsaydılar belə hərəkətlərə yol verməzdilər. Biz qürbətdə olan hərbiçilərin əlindən belə vəziyyətdə heç bir şey gəlmir. Ordunu quran indi bunlardı (hakimiyyəti nəzərdə tutur.N.C). Bunlar isə nə bilir ordu nədir,müharibə nədir.
Azərbaycana qayıtmaq üçün deyilənə görə,Səfər Əbiyevin nazir postundan getməsini gözləyirsiniz.Bu məsələdə niyə məhz Səfər Əbiyev?
-Səfər Əbiyevin getməsi ölkədə nəyi dəyişəcək. Əbiyevin yerinə təyin olunanda elə onun kimi olacaq. Bu hakimiyyət həqiqi hərbiçinin nazir olmasından ehtiyat edirlər, çəkinirlər,qorxurlar. Ordunu bu şəkildə quranlar elə Əbiyev kimilər olar. Mən bütövlükdə hakimiyyətin dəyişməsini istəyirəm, bir nazirin yox.
Hakimiyyət tərəfindən qayıtmanız üçün sizinlə əlaqə quranlar olduğu ilə bağlı xəbərlər nə dərəcədə doğrudu?
-Mənimlə əlaqə quranlar çox olub. Amma onlar məni qətiyyən maraqlandırmayıb. Bunların təkliflərini qəbul etsəydim,qalardım da.Daha niyə vətəni tərk edirdim?Bunlarla hansısa iş birliyim mümkün deyil və ola da bilməz.
Qayıtmaq üçün nələrin olması vacibdi sizcə?
- Bir şeyi bilməlisiniz ki,əgər doğurdan da hansısa bir təhlükə yaransa mənə heç bir təklif və ya dəvət lazım deyil özüm qayıdacam. Necə ki,1992-ci ildə gəldim.O vaxtlar sizlər məni tanımırdınız. Bu səfər də gəlib əlimdən gələni vətənim üçün, xalqım üçün edəcəm. Bu gün təkcə mən kənarlaşdırılmamışam, yüzlərlə zabitlər ordudan kənardadır.Əminəm ki, qayıdıb vətənə xidmət edəcəklər. Dediyim kimi,məni yalnız müharibə şərtsiz qaytara bilər. Amma bugünkü vəziyyətdə mənim ancaq və ancaq bir arzum var milli hakimiyyətin bərpası və mövcud iqtidarın sonu.Elə başa düşməyin ki, burada biz hardasa çalışıb ailəni saxlayıb, Azərbaycanda gedən proseslərdən kənardayıq.Burada yerli mətbu orqanlarda,TV və radiolarda tez-tez çıxış edib ordakı vəziyətdən, baş verən cinayətlərdən,siyasi məhbuslardan,öldürülən jurnalistlərdən,gənc fəallardan və s danışıram.Bunları edirəm və bundan sonra da edəcəm.Bu iqtidarın sonuna kimi əlimdən gələni edəcəm.
Sizcə ölkədən kənarda da Avopanın müxtəlif ölkələrinə səpələnən mühacirlərin dönüşü üçün hakimiyyət necə bir addım atmalıdır?
-Hakimiyyətdən bu istiqamətdə hansısa addım atmasını gözləmirəm və bu olacağı təqdirdə də qəbul etmərəm. Bu hakimiyyət nə müharibə başladacaq ,nə də mühacirlərin ölkəyə qayıdışına razı olacaq.Bunu tam əminliklə deyirəm.Müharibə olan deyil və bunlarda o cəsarət yoxdur ki, müharibəni başlasınlar.Bunları narahat edən bircə hakimiyyətdir,xalqın sərvətidir.
Sizcə qürbətin sonu çatmadımı
-Qürbətin sonu məsələsinə gəlincə, şəxsən qürbətdə təzə həyatı hələ də yaşamamışam. Keçmiş həyatı yaşamağa çalışıram.Təzə həyatı yaşaya bilmərəm, mümkün deyil. Amma oradakı vəziyyətə baxıb, gedən prosesləri izləyib məcbur olub vətəni tərk edirsən.Mən Gürcüstana gedirəm,oradakı dəyişiklikləri görürəm və gördüyümə inana bilmirəm.Cəmi 5-6 il ərzində görün nələr və necə dəyişib. Azərbaycanda isə heç vaxt heçnə dəyişmir.
Son olaraq buradakı dostlarınıza sözünüz nələrdir?
-Dostlarıma salamlarımı çatdırın ,onlar üçün darıxmışam. Şəhid ailələrinə, əlillərə,müharibə veteranlarına,hamıya mənim salamlarımı çatdırın.Onların qarşısında baş əyirəm. Əminəm ki,bunların sonu olacaq və vətənim Azərbaycanda hər kəslə görüşəcəyəm.
Nahid Canbaxışlı