Kəlbəcər əhalisinin təxliyə olunmasında 701 saylı hərbi hissənin mühüm rolu olub
Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) "1993-cü ildə Kəlbəcər əhalisinə qarşı hazırlanmış soyqırımının qarşısının alınması və nəticələri” mövzusuna həsr olunmuş "dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
AHTM-nin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Kəlbəcər uğrunda döyüşlərin üzərindən 24 il keçməsinə baxmayaraq, həmin əməliyyatlarda Azərbaycan Ordusunun fədakarlığı bu gün də xatırlanır. Bildirib ki, düşmən 1993-cü il martın 26-da Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə rayonundan üç, Laçından bir, Ermənistan-Azərbaycan dövlət sərhədindən isə iki istiqamətdən böyük qüvvə ilə hücuma keçib. Həmin ağır dövrdə Kəlbəcər əhalisinin köməyinə Laçın dəhlizi uğrunda döyüşən 701 saylı briqada gəlib. Gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri qəhrəmanlıqla vuruşaraq, sayca dəfələrlə çox olan düşmən qüvvələrinə mətanətlə sinə gərdilər. 701 saylı hərbi hissənin düşmənə ciddi müqaviməti Kəlbəcər rayonunun 60 min əhalisinin təxliyə olunmasına şərait yaratdı.
Tədbirdə Azərbaycan Ordusunun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş "Ultimatum” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimləri - polkovnik-leytenant Malik Məmmədov, polkovnik-leytenant Vüqar Əliyev və digərləri mövzu ətrafında çıxışlar ediblər.