BARD Zəka Vilayətoğlu: Külçə qızıl kimi SƏSİMİZ, cilalanmış qızıl kimi QARDAŞIMIZ, amma və lakin...

BARD Zəka Vilayətoğlu: Külçə qızıl kimi SƏSİMİZ, cilalanmış qızıl kimi QARDAŞIMIZ, amma və lakin...

... Bir dəfə, yəni 10 il qabaq, İlahə Fədadan "İlahi səsin İlahəsi" adlı yazı yazıb Elçin Şıxlı ilə arası yaxşı olan Qənimət Zahiddən xahiş etdim ki, ona desin, yazını nömrəyə tez qoysun: Fədayə Laçından yazdığım "Təki sən səslə məni"ni özü vermişdi "Azadlıq"da.
Bu bacıları mənə dostum, qardaşım, vaxtsız öləcəyini bildiyim əsgərlik dostum rəhmətlik Elxan Yusifov tanıtmışdı. Bilənlər bilir, mən yazını yazan kimi onu səhifədə görməsəm, "9b" oluram, debilləşirəm, "zolotoy lixoradka"ya tutuluram, odur ki, bir gün qabaq təqdim etdiyim yazıya görə sabahısı başlamışdım Qənimət Zahidi bezdirməyə:
- Gena, nə oldu?
- Fil, nə xəbər var?
- Zarazaaaa, vermir?
Başqa vaxtı adamı "podalşe" göndərən, telefonu mesaja qoyan, hirslənəndə ümumiyyətlə söndürən Qənimət səbrlə "adam, demişəm, uşaqdı dəqiqəbaşı soruşum nə oldu, verəcək, narahat olma" təsəllisini əsirgəməsə də, elə bilirdim, Qənimət yenə həmişəki kimi aldadır - halbuki yazını dünən vermişdim e! Əslində isə mən nə İlahəyə, nə Fədayəyə, nə də yazıma görə narahat deyildim. Elxanı daha çox sevindirmək, Elxana daha çox "ayı xidməti" göstərmək istəyirdim: sağ üz nahiyəsinin parezi və mikroinsultdan neyracərrahiyyədə reanimasiyada yatdığım 16 gündə hər gecə saat 1-də gəlib sabah vurulmalı sistemlərin pulunu - 100 ABŞ dollarını balışımın altına qoyub gedən yeganə dəstəyimə, təəssübkeşimə görə! Və bu yazıları həm də ona görə yazırdım ki, ölkədə iki-üç sanballı dirijordan biri - Teymur Göyçayev İlahə xanımın Filarmoniyadakı solo konsertini idarə etmişdi: başqa halda mən nə deyib İlahə haqqında yazı yazacaqdım ki? Elə bu fakta görə ərklə İsmayıl Ömərova da zəng eləmişdim! İnanmayanın başına daş düşsün, ayrı bir telekanalın 10 min manat istədiyi o konsertin translyasiyası üçün İsmayıl Ömərov bircə şeyi istədi: diskləri göndərsin, qapıda gözətçiyə versinlər, vəssalam! Növbəti gün 2 saatlıq konsert İTV-dən yayımlandı - heç bir təmənnasız. İndi bir yazının verilməsi yubananda... özümə nəzarəti itirirdim. Dözmədim, getdim redaksiyaya - tələbə yoldaşımız Rauf Mirqədirovla üz-üzə gəldim. Maraqlandım yazımla. O da "verərik" deyib, narahat olmamağı təsəlli etdi. "Yazı filankəsdədir", - ağzından çıxan kimi cumdum e yanına. Filankəs də mənə qayıdasan ki:
- Müəllim, İlahədən elə yazıbsan, elə bil Rəşid Behbudovdan yazıbsan...
- Əzizim, mən Rəşid Behbudovdan yazanda görərsən ondan necə yazılır, sənin indiyə qədər Rəşid Behbudovdan oxuduqların bəy tərifidi.

Doğrusu da bu qədər səmimi insanın gözlərindəki heyrət və təəccüb xətrimə dəymədi: həm özümdənrazılığıma, həm də İlahəni böyük təqdim etməkdə haqlı olmağımdakı təkəbbürə bundan artıq cavab vermək də mümkün deyildi!
Sağ olsunlar, yazını səhifəyə qoyub, printerdən bir nüsxəsini çıxartdılar verdilər və mən təşəkkür edərək, götürüb çıxdım redaksiyadan.
Hesab elədim ki, vətən, söz, dost, qələm qarşısında borcumu yerinə yetirdim: İlahə Fədanın oxuduğu "Qardaş" mahnısını, Fədayə Laçının oxuduğu "Təki sən səslə məni" mahnısını yəqin ki, pedantlıq etməyən hər kəs ölənəcən və zövqlə dinləyəcək, qənaətindəyəm!
Və bu gün bu fikirlər niyə təzədən yaddaşımın yatağından oyandı, ayağa durdu?
Zəka Vilayətoğluna görə...
Etiraf edirəm: Zəka bəy əvvəllər dinləmədiyim, hətta oxuduğundan xəbərsiz olduğum, bəstəkarlığından heç xəbərim olmayan, şairliyini bir kimsədən eşitmədiyim qardaşdı: qardaşım Ayaz Arabaçının qardaşıdı özü də!
Təbii ki, mən ilk dəfə bu faktları biləndə, üzünə deməyə cəsarətim olmadığı kimi, heç ürəyimdə də demədim ki... ay səni, Ayaz Arabaçı, ay səni..!
Bu tip ikinci faktdır: dostum Qorxmaz Şıxalıoğlu ilə it ilindən dost olmuşuq. Adamın qardaşı şeir yazır! Hər dəfə də deyir ki, ay qardaş, sən məni arada bir dəfə də olsa, Aydınla görüşdür, şeirlərimi oxuyum. Qorxmaz da prinsiplərimi, tələblərimi bilir axı, hara görüşdürür!? Zənnə qapılıb: Aydın... Ayazı bəyənməz, latayır-latayır "təhlil" edər, pis vəziyyətə düşəcək! Taleyin qismətindən Rafiq Tağı ilə bir məclisdə olanda şeirlərini oxudu Ayaz... Şıxalıoğlu! Hamısını apardım verdim Əvəz Zeynallıya - hamısı da çap olundu! Amma o şeirlərini oxuyanda Qorxmazın öz şeirinin bir bəndiylə münasibət bildirdim:
Haqq yerini almayınca,
Yalan yerdə qalmayınca,
Sizdən adam olmayınca, 
Məndən adam olmayacaq!
... İndi bu Ayaz Arabaçı qardaşını niyə tanıtmamışdı mənə... halbuki "xaşal Qurbanı sel aparan il"dən tanıyırıq bir-birimizi. Üstəlik də mənə Sözdə zamin duran adamdı!

Adamın şair, bəstəkar və üstəlik də gözəl səsi olan müğənni qardaşı var! Elə onçun da deyirəm: İlqar Türkoğluna atəşin salamlar - Murad Köhnəqalaya da eşq olsun: virtualda dalaşmasaydıq, realda bir araya gəlməzdik! Gəlməzdik və mən Zəkanın ... oxumağını görməz, dinləməz, söyləməzdim: "əgər bu mahnını səndən yaxşı oxuyan olubsa, varsa, olacaqsa, atama lənət".
Zəka təkcə mənə bu gözəllikləri xatırlatmayıb tanıdığım dönəmdə. Həm də Rövşən Behcəti, Ağadadaş Ağayevi xatırladıb.
Birbaşa deyim: Zəka Vilayətoğlunun doğrudan da möhtəşəm ifaçı olması üçün bu gün musiqimizin Cahangir Cahangirovu çatmır!
Yadınıza salın Ağadadaş Ağayevin maqnitofon kasetlərində yayılan ifalarını. Amma efirə hansı mahnı ilə çıxardılar? - "Azad bir quşdum..."
Ya da Rövşən Behcət... İran-fars boğazları-xalları ilə mədəniyyət evində oxumağıyla diqqət çəkən Rövşən Behcətə Cahangir Cahangirov prodüserlik, menecerlik, bəstəkarlıq, dirijorluq etdi, hətta ansambl yaratdı onun xətrinə! - düzdür, o "Göy-göl" ansamblının dümbəkçalanı da əməkdar, xalq artisti adını aldı, amma Rövşən Behcətin mükafatı... xərçəng xəstəliyi oldu! İraq olsun...
İndi Ağadadaş Ağayev yutubda-zadda, hər gün çıxdığı efirdə o vaxt oxuduğu "ara mahnıları"nı da soxuşdurur, heç özü də fərqində deyil e, "palatka" sevimlisi ilə sənətkara sevgi arasında nə boyda fərq var!
Sabah dostumuz və qardaşımız Zəka Vilayətoğlunun ad günüdü: şair, müğənni, bəstəkar (Allah bilir, qardaşı Ayaz kimi, ixtisası nədi) Zəka Vilayətoğlu həm də Türk və Türklük, Türkçülük sevdalısıdı - iki-üç gün olar Türkiyədən türk ellərinin şeir-musiqi törənindən qayıdıb!
Mənim ona ad günündə ən böyük arzum, təbrikim odu ki, dədə, özünə bir Cahangir Cahangirov tap! Nə olsun ki, efirimiz dolub yosma-yoluqla, xaric və bayağı diringələr dınqıldadanlarla, səsinin də, sözünün də cilalanmağa bir xeyli yeri var! İndiki halda külçə halında üzə çıxan qızıl kimisən!
Sərvətimizsən!
Həm də yaraşığımız ol!
Həm də fəxrimiz ol!
Həm də... qoy dəyərini verməməyə bəhanələri olmasın!

p.s. neçə gündü fikirləşirdim ki, Zəkanı təbrik edəndə hansı mahnısını paylaşım, birini gözaltı eləmişdim, fb-dəki dəyərli dostlarım da təqdir etmişdi, bu səhər "Qara gözlər"inə rast gəldim. İfa öz yerində, sözləri də ləzzət elədi - Ayaz Arabaçı 15 il əvvəl də elə möhtəşəm yazıb: "Bütün cəlladları vurub keçibdi, Sənin gözlərinin Allahı yoxdu". Yəni deməyim o ki, "Baş sarıtel" oxumağını da musiqi biliciləri bəyənir, digər ifalarına da, söz yox, söz o ki... hamısı gözəl! Çatmayan, necə deyirdi rəhmətlik Eldəniz Zeynalov, "emosiya çatmır, emosiya"...
Zarafat öz yerində, təbrik öz yerində, irad da nəzərə alınmamalı, əsas arzudu: Yaşa, Qardaş, Yarat, Qardaş, var ol, Qardaş - hamımıza qızıl əyarlı Qardaş!
 
 
Aydın Canıyev
 Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az