Kövrək misralar

Kövrək misralar
Sona Vəliyeva, Filologiya üzrə fəlsəfə doktoru
YOLLAR
(Naxçıvana  yeganə nəqliyyat təyyarədir)
 
Bənövşə  ətirli, Araz nisgilli,
Yollarım sərhədsiz  dünyamla birdi.
Ulduzlar yoluma çıraq tutanım,
Yerlər ayağıma çiçək səpirdi.
 
İndi səbrim kimi itərəm  yolda,
Xəyal qanadına  götürər  məni.
Salam, anamsız ev, gec  gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.
 
Min qınaq bir borcu  ödəyə bilməz,
Ölənə, itənə çatmaq da çətin.
Yolu tək  ümidi qeyb olanlara
Mənim qollarımı körpü eləyin.
 
Atamdır, Anamdır qırılan yollar,
İncik naləsindən sızlayır ürək.
Gedib ovutmağa  üzümüz hanı,
Könlünü  almağa  kimi  göndərək?
 
Yol əsir, yol küskün, neyləyək, Allah,
Leylasız Məcnundur insansız  yollar.
Karvanı kəsilib, qatarı  gedib,
Damar tək qoruyur bu cansız yollar.
 
Salam, ATA
 
Salam, ata, mənəm, gəlmişəm,
Sən demişkən, sənin şəhərli balan...
Amma elə deyil, vallah,
Mən şəhərli olammadım.
Tələbə oldum,
çox şeylər oxudum, bildim...
Amma misalımı
oxuduqlarimdan deyil,
nənəmdən, babamdan çəkdim.
Köməyimə gəldi
evdə də, işdə də
səndən, anamdan,
Hüseyn əminin lətifələrindən,
Fatma xalanın məsləhətlərindən
öyrəndiklərim.
Mən şəhərli olsaydım,
yuxularıma sahib çıxardım,
yuxularımda sərgərdanam, ata,
hər gecə yuxularımda
Kəndə - evimizə uçuram.
Elə bəxtəvər oluram ki,
qucaqlayıram qoca tut ağacımızı,
ağlayıram, gülürəm.
Atam, anam, bacım-qardaşım
deyirəm tut ağacına.
Qonşular yığılır ətrafıma
Anamı səsləyirlər,
"gözün aydın, balan gəlib" deyirlər.
Sökülən köhnə evimiz
əl çəkmir məndən,
anam oturub səkidə,
əli qoynunda,
məni yola salır Bakıya.
Ağlayır, su atır dalımca "ya qismət,
kim ölə, kim qala"...
Öyüd verir mənə...
İndi ki getdin, yaxşı oxu, bala...
Ata, elə o öyüdlə yaxşı oxudum, qurtardım.
Şəhərdə iş də tapdım,
O qalan qaldım,
Şəhərdə yaşadım, amma
şəhərli olammadım.
Dəli olur burda adam,
umacaqların təmənnaların əlində
mən də özün kimi,
nə desələr tez inananam.
Hamının özümə doğma sananam.
Ata, gur saçlarımın,
dağ havasına boyanan üzümün rəngini
deyən-gülən dəcəl qıznın ilk rəsmini
qəlbinə çəkdiyimdən
indi qaradinməz olmağımın
bət-bənizi solmağımın
fikrini çəkmə.
Yaşa dolduqca qəribləşirəm, ata, bu şəhərdə
həm də
min əzabla qurduğum evimdə.
Özüm burdayam,
həsrətim sənin yollara çəpər olan
kirpiklərinin ucunda,
ruhumsa yollar ayrıcında...
Atam mənim!
 
ÜRƏYİMƏ
 
(Ürəyindən ciddi şikayəti olan 18 yaşlı qızın dilindən)
 
 Nə yaşım var ki,
başladın mənimlə
bu tərs oyunu.
Ay sinəmdə yumruq boyda
olan dünyam.
Nə yaşım var ki, hələ
tumurcuq arzular arxasından,
sehrli üzük halqasından
təzəcə baxıram bu dünyaya.
Yazmalı arzum var yazacağam.
Qalaq-qalaq işlər durur,
görəcəyəm.
Gəl, yola gedək deyirəm,
bir də ki, özüm bir şey deyiləm,
Saçını ağartdığın anamın
belini bükürsən.
Borcundan çıxa bilmədiyim
Atamın kirpiyində donaram
və bir də
bəxtimə yubanan, boylanan
bir "Vağzalı"nı
xəcalət-xəcalət,
için-için hönkürdə bilərsən.
Gəl, yola gedək deyirəm,
Sən ki özgə deyilsən.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az