İndi də Səməd Vurğunu “kürdləşdirənlərə” cavab
20-ci yüzildə Azərbaycan ictimai fikrinin nəhəng şəxsiyyətlərindən biri olan, milli şairimiz Səməd Vurğuna “Yeni Müsavat” qəzetinin № 220 (5229) 18 avqust 2012-ci il tarixli sayında türklüyümüzə, ulusal dəyərlərimizə düşmənlərin böhtan dolu fikirlərinə geniş şəkildə tribuna verilmişdir. Qəzetə müsahibə verən ağıldan kəmin birisinin iddia etdiyinə görə milli şarimiz Səməd Vurğun guya etnik mənşə baxımından “kord” (kürd) dur. “Diplomat” adlı cızma-qara qəzetin “başsız” redaktoru Tahir Süleymanın uydurmalarına bir səhifə həcmində yer ayrılması, onun sərsəm fikirlərinin tirajlanması doğrudan da acı həqiqətdir. Bu faktın özü göstərir ki, sözdə PKK simpatizanlarına qarşı çıxanların nədən türkə yağı kəsilənlərə bunca ilıq münasibətdə olmasını başa düşmədik. Diplomata-kurdi.com adlı internet qəzeti yaradan, burada büynəlxalq antitürk mərkəzlərinin əl tulası rolunda çıxış edənləri kürdlərin milli qəhrəmanına çevirən birisinin böhtanlarını sərgiləməsi elə Azərbaycan türklüyünə qarşı strateji hədəf kimi dəyərləndirməlidir.
Nökərlərin AĞALIĞA, BƏYLİYƏ asi olmasının sirri
Azərbaycan Çarlıq Rusiyası tərəfindən işğal olunduqdan sonra, düz iki yüz ildir türkün min illərə dayanan gələnəklərinin sapındırılması və dəyərlərinin məhv edilməsi uğrunda antitürk mərkəzlərin dərin siyasətləri aparılır. Bu yöndə bir tərəfdən milli azlıqları, digər yandan türkün ağalıq və bəylik kultunun yanında yer almış nökər-naiblərdən gen-bol şəkildə istifadə olunması əsas strateji taktikaya çevrilmişdir. İki il bundan öncə böyük türk şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini türk və ukrayna dillərində nəşr edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzvü, deputat, daim antitürk qaynaqların yanında yer almaqla öyünən Rəfael Hüseynov onun mənşə baxımından ”kürd” olduğunu iddia etmişdir. Bir zamanlar dahi Üzeyir Bəy Hacıbəylinin ev muzeyinin direkotru olmuş Ramazan Qamzatoviç Xəlilov adlı birisi onun etnik mənşə baxımından ləzgi-avar olmasını irəli sürürdü. Rusiya, Tacikstan, Fransa, İngiltərə, İran və digər ölkələrdə də zatən türk böyüklərinin mənşəyi barəsində bunca uydurmalar irəli sürülməkdədir. Belə bir siyasətin ardında duran əsas məsələ türk dahi yetişdirə bilməz, türkün nəyi varsa, özgələrin sayəsində mümkün olmuşdur kimi siyasi oyunlardır.
Qafqazda və eləcə də Azərbaycanda türkün etnoloji baxımdan digər toplumlar üzərində olan dərin mədəni qatlarını məhv etmək üçün bu əzəmətli institusional stuktura çamurlar atmaqla ağalıq və bəylik kultuna qarşı nökər naiblərdən və mal oğrularından istifadə edilməkdədir.
Azərbaycanda cəmi 20 min nəfər kürd yaşayır. Onların adından çıxış edən bir sıra dələduzlara bu qəzetin hər dəfə geniş tribuna ayırması başa düşülən deyil. Mal oğurluğundan savayı heç nəyi qanmayan Həjar Kürdsəgərin davamçılarının hədəflərinə dolayı yolla tribuna vermək bu hədəflərin gizli uzantılarının harada və necə qaynaqlandığına açıq şəkildə bir işarədir. Yəni ağalıq və bəylik kultuna qarşı çamurları atmaqla zəngin olmaq hədəfi.
Kosalar nəslinin sütunu
Milli şairimiz Səməd Vurğun 1930-cu illərin ən ağır dönəmində “Vaqif” pyesini yazmaqla SSRİ adlı şər imperiyasına qarşı geniş miqyaslı həcmdə alov püskürmüşdü. Burada Ağa Məhəmməd Şah Qacarla Molla Pənah Vaqifin dialoqu əsasında qurulmuş ideya və məfkurə əslində Səməd Vurğunla İosif Stalinin mübahisəsi idi. 1930-cu ilin ortalarından başlayaraq, SSRİ-də yaşayan xalqları ruslaşdırmaq üçün “PROLETKULTÇULUQ” hərəkatına başlanılmışdı. Hər kəs rus dilində yazmalı və rusca düşünməli idi. Belə bir mənhus siyasətə qarşı nəinki Azərbaycanda, bütün Türk Dünyasında ilk dəfə hayqıran, səs salan məhz Səməd Vurğun olmuşdur. Rus dilindən savayı digər dillərin “çoban dili” olmasına qarşı Səməd Vurğun “Vaqif” pyesində böyük sənətkarlıqla üsyan etmişdi. Bu möhtəşəm əsərdə Vaqiflə Qacarın təzadlarla dolu olan dialoqları təkcə Səməd Vurğunla İosif Stalinin mükaliməsi deyil, bunu həm də Azərbaycan və SSRİ-nin milli münasibətləri şəklində başa düşmək lazımdır. Elə həmin dövrdə Səməd Vurğun məşhur “Azərbaycan” şeirini yazmışdır. Bunun ardınca Qarabağ ərazisində “Qızıl Kürdüstan” yaradılmasının qarşısını almaq üçün “Qarabağ Şikəstəsi”nin sözlərini yazmışdır. Böyük xanəndə Xan Şuşinski bu şeirə Heyratı Muğamı (döyüş ruhu) üstündə mahnı bəstələyərək oxumaqla bütün Qarabağı erməni bölücülüyündən sonra yarana biləcək digər fəsadların qarşısını ala bildilər. Bir tərəfdən Səməd Vurğun, digər yandan isə Xan Şuşinskinin dühası bu mənhus siyasətin önündə milli səfərbərlik siyasətini qura bildilər.
Böyük Səməd Vurğun Ustaclı tayfasının Kosalı tirəsinə mənsubdur. Kosalı tirəsi qıpçaq kökənli olduğu üçün ağalıq institutunu qoruyub saxlayan türk boylarından biri kimi hələ də öz mövcudluğunu qoruyub saxlamışdır. Kosalı boyundan çıxmış ailərlərdən biri də vəkilovlardır. Mirzalı Ağa Kosaoğlu, Kazım Ağa, Səfixan Kərimoğlu, Məhəmməd Şərif Molla Əhmədoğlu, Pənah Bəy Kosaoğlu, Alı Ağa Kosaoğlu, Səməd Bəy Vəkilov, Rəhim Bəy Vəkilov, Məhəmmədrza Bəy Vəkilov, Mustafa Ağa Vəkilov, Nəsib Ağa Vəkilov, Abbasqulu Bəy Vəkilov, Lütfəli Bəy Vəkilov, İbrahim Ağa Vəkilov, Teymur Bəy Vəkilov, Sevər Xanım Vəkilova (Əiimərdan Bəy Topşubaşlının anası), Gəray Bəy Vəkilov, Badisəba Xanım Vəkilova, İbrahim Ağa Vəkilov, Mədinə Xanım Qiyasbəyli, Fürüzə Xanım Vəkilova (Rəşid Behbudovun anası), Leyla Vəkilova, Əfrasiyab Vəkilov, Mirzə Xudadat Bəy Vəkilov, Paşa Ağa Vəkilov və digər məşhur şəxsiyyətlər elə bu ailədən çıxmışlar. Bu nəslin görkəmli nümayəndələrindən biri olan Rəhim Ağa Vəkilov 1918-ci il 28 may tarixində Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalamış 34 nəfərdən biridir. Müsavat Partiyası Mərkəzi Komitəsinin 21 üzvündən 3-ü Səməd Vurğunun əmiləri olmuşlar. Onlar Mustafa Ağa Vəkilov, Rəhim Ağa Vəkilov və Məhəmmədrza Ağa Vəkilovdur. Onların rəhbərliyi altında 1920-1923-cü illərdə Gəncə, Şəmkir və Qazaxda sovetləşmə siyasətinə qarşı xalq üsyanları baş vermişdir. Bu nəslin ən məşhur nümayəndələrindən biri də general İbrahim Ağa Vəkilovdur. Azərbaycanda türk boylarının genalogiyasında müstəsna yeri olan vəkilovlar nəslinə qarşı hər zaman repressiya siyasəti aparılmışdır. Səməd Vurğun Kosalı soyunun dünyada tanınmasında daha çox öndə olmuşdur. Bu şəcərənin Anadoludan başlanması haqqında Osmanlı tarixində yetərincə bilgilər də vardır. Kosalılar Osmanlı tarixində dövlət əleyhində xaçlı siyasətinin tərkib hissəsi olan kürd üsyanlarının qarşısını almaqda daim öndə getmişlər.
“Kord” xəstəliyi
Azərbaycanın etno sosial siyasətində son illər bir sıra oyunlar yaşanılmaqdadır. Guya ölkənin məşhur insanlarının etnik mənşəyi türklükdən uzaq olanlara məxsusdur. Fərqli ictimai və siyasi baxışlar başqa bir mövzunun söhbətidir. Qarabulaq (indiki Füzuli) rayonunda tarix boyu kürd yaşamamışdır. Sovetləşmə zamanı bölgədə Qurd Mahmudlu, Qurdlar və digər coğrafi yer adlarını “kürd” sözü ilə əvəz etmişlər. İndi bunu bəhanə edərək “kordi” siyasətə uyğun köklənmiş ladlar üstündə düşmənlərimiz bu siyasəti davam etdirməkdədirlər. Belə bir siyasətdən ən çox yararlanan isə ermənilərin gizli şəbəkələridir. Erməni siyasi mərkəzlərinin yeni taktikası kimi Azərbaycanda etnoloji müstəvidə konfliktlər yaratmaq və bunun ardında ğlkədə milli konsolidasiyaya gedilən yolları tamamilə darmadağın etməkdən ibarətdir. Buna görə də yeni texnologiyalara üz tutulmuşdur. Azərbaycanda dolayı yolla bu hədəfi günün mövzusuna çevirməklə bəzi “uğurlar”ı əldə edəcəklərinə ümid edirlər.
Parisdəki “Etnologiya İnstitutu”, Sankt-Peterburqdakı “Mikluxo Maklay adına Etnoqrafiya İnstitutu” və digər strateji mərkəzlərin mətbəxində hazırlanmış antitürk hədəflərin ölkə mətbuatında yer alması həm də bir sıra qrant layihələrinin tərkib hissəsinə çevrilmişdir. Bu layihələrə zaman-zaman iri məbləğdə maliyyə vəsaitləri də ayrılır. Son illər “kordi” xəstəliyi adlanan və şizofrenik həddə çatan bu bəlanın tərkib hissəsi olaraq, Azərbaycan haqqında xüsusi xəritələr, kitablar hazırlanmaqda, sosial şəbəkələr qurulmaqdadır. Bu sırada “Şərqi Qafqaz” (Dərbənddən Bakıyadək Ləzgistanın qurulması), “Qafqaz Kürdüstanı” (Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur-Dərələyəz, Vedibasar), “Avarıstan” (Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı), “Talışstan” (güney bölgəsi) hədəfləri sərgilənməkdədir. İrəvan, Tehran, Moskva, İnciqala (indiki Maxaçqala) və digər şəhərlərdə keçirilən toplantılardakı təşəbbüslər də bunu təsdiq edir. Bu sırada dəhşətli və qorxulu hallardan biri də Qərbin BOP planına uyğun siyasətdə yer alan “Quzey İraq Kürd Muxtariyyəti”, “Suriya Kürd Muxtariyyəti”, “Anadolu Kürd Muxtariyyəti” siyasətinə bənzər Güney Azərbaycanın Urmu vilayətinin, eləcə də Quzey Azərbaycanın Qarabağ, Gəncəbasar və Qazax bölgələrinin dietnizasiya proseslərinə başlanılması müşahidə olunmaqdadır. Bu hədəflərin ardında gizlənən hədəf isə türkün ən döyüşkən ruhunun qorunub saxlanıldığı, etnoloji və genetik baxımdan daha əzmkar olduğu bölgələrin ruhunun sapdırılması bu antitürk siyasətin tərkib hissəsi olaraq görülür. Mal oğrularını maliyyələşdirərək onların intellektual obrazını yaratmaqla bu hədəfə nail olmaq niyyətləri də zatən bəllidir. Ötən yüzilin doxsanıncı illərində Deni Baksan adlı bir çeçen yazarı əsərlərində yazırdı ki, guya bəşəriyyətin kökü çeçenlərdən törənmişdir. İndi də belə bir xəstəlik kürdlərdə yaranmışdır. Zorla kürdlədirşmə xəstəliyi. Belə bir strateji hədəfləri bilməyənlər tamahlanıb türkə düşmən olan şəbəkələrin maraqlarının yanında yer tutmaq üçün tələsirlər.
Ənvər BÖRÜSOY, sənətşünas
Alı QAZAXLI, AMEA-nın elmi işçisi, t.f.d
“Türküstan” qəzeti