Laçın rayon icra başçısı haqda daha bir şikayət məktubu daxil olub.
Rayonun Fətəlipəyə kəndi üzrə sabiq nümayəndə Allahverdi Zeynalov VİZUAL.az-a müraciətində baş verənlərdən yazıb.
Onun sözlərinə görə, Akif Səlimov icra başçısı təyin olunduğu tarixdən rayon əhalisinin qara günləri başlayıb. Belə ki, vəzifəyə təyin edilən kimi, bütün vəzifədə işləyən rəhbər işçiləri dəyişdirib.
Onların yerinə pullu, bacarıqsız və səriştəsiz şəxslər təyin edilib. Heç bir dövlət qulluğunda işləməmiş şəxslər dövlət qulluğuna testsiz, imtahansız, müsabiqəsiz və sınaqsız qəbul ediliblər.
"Bütün icra nümayəndəlikləri yoxlanıldı və hər bir nümayəndəlikdən öz hesabını alıb yerində saxladı.
Həmin pullarla özünə Bakıda milyon manatlar dəyərində villa, Ağcabədi rayonu ərazisində analoqu olmayan fermalar tikdirdi. Balıq vətəgələri yaratdı.
Bakıda özünə marşrut avtobusları təşkil etdi ki, onları da polis xaric olunmuş oğlanları Səlim və Sənan qardaşları idarə edir. Başqa bizneslərini isə qohumları idarə edir”.
Müraciət müəllifi qeyd edib: "Mən 1982-ci ildən rayonun Fətəlipəyə kənd icra nümayəndəliyində mühasib, müavin və nümayəndə vəzifələrində işləmişəm. Qarabağ Müharibəsi Veteranı, YAP üzvüyəm.
Oktyabr 2012-ci ildə məni qeyri-qanuni olaraq işdən azad etdilər. Yuxarı orqanlara müraciət etsəm də xeyri olmadı. Nəhayət məhkəməyə müraciət etdim.
Məhkəmə gedən ərəfələrdə də Akif Səlimov Laçın rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Nəzərə çatdırım ki, həmin vaxta qədər mənim onunla çox gözəl münasibətlərim olub. Başçı təyin ediləndən dörd gün sonra onunla görüşdüm.
Vəziyyəti bilirdi. O, mənə bildirdi ki, mənim məlumatım var, səni qeyri-qanuni işdən çıxarıblar. Mənim dövlətin qanunlarına hüquqşünas kimi hörmətim var. Məhkəmə tərəfindən verilən kimi səni öz işinə bərpa edəcəyəm. Bəli, məhkəmə mənim haqlı iddiamı təmin etdi. Həmin vaxtdan iki il yarım keçməsinə baxmayaraq, hələ də öz işimə bərpa edilməmişəm”.
Onun dediyinə görə, dəfələrlə Akif Səlimovla görüşüb: "Hər dəfə bir az gözlə, on-on beş gün ərzində səni işinə bərpa edəcəyəm. Axırıncı dəfə onunla görüşəndə o, mənə bildirdi ki, səni işinə bərpa edə bilməyəcəyəm.
Mən ona Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini xatırlatdım. Bu maddəni deyən kimi, Akif Səlimov coşdu: - "Get, hara şikayət edirsən et”.
Şikayətçi bildirib ki, təməli 1924-cü ildə qoyulmuş Bərdə şəhərində yerləşən Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nəzdində olan Ağanus kənd tam orta məktəbin direktoru Ramil Qasımovu vəzifədən çıxarıb öz dayısı oğlu Vüqar Əsgərovu təyin etdirib: "Səbəbi isə odur ki, Ramil Qasımov başçıya 2000 manat verməyib.
İşə bərpa olunmağım barədə iddia tələbim təmin edilərək qəbul edilmiş qətnamədən və qərardaddan məqsədli şəkildə nə isə gözləyərək məndən apelyasiya şikayəti verilməyib.
Nəticədə o məndən heç nə verə bilmədiyimi görəndən bir ildən sonra İH-nin hüquq şöbəsinin müdiri və baş məsləhətçisi olduğu halda dövləti aldadaraq iddia ərizəsində Laçın rayonunun hüquq şöbəsində əməkdaşların çatışmazlığı səbəbindən Apelyasiya şikayəti vaxtında verilməmiş və şikayət üzrlü səbəbdən buraxıldığını göstərərək qondarma iddia qaldırıb.
Bu iddiadan da görünür ki, hüquq şöbəsinin müdiri və baş məsləhətçisi olduğu halda hüquq şöbəsində əməkdaşların çatışmamazlıqları nə deməkdir?
Mən Azərbaycan Prezidenti İlham Əliyev Cənablarına, baş prokuror Zakir Qaralov Cənablarına, MTN-nin birinci müavini Mədət Quliyev Cənablarına, Ədliyyə Naziri Fikrət Məmmədov Cənablarına müraciətimdə qara günlərimin başlanacağı haqda məlumat vermişəm və öz təhlükəsizliyimin təminatı haqqında müraciət etmişəm”.