Rusiyanin "RİA Novosti” agentliyi Müstəqil Dövlətlər Birliyi (MDB) məkanındakı 200 ən iri kommersiya bankının reytinq cədvəlini hazırlayıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, əsasən Rusiya banklarının çoxluq təşkil etdiyi reytinqdə ölkəmizin 10 bankı da yer alıb.
MDB məkanında 19-cu ən böyük bank olan Azərbaycan Beynəlxalq Bankı 11,73
milyard dollar aktivə malikdir. 2014-cü ildə bankın səhmləri 19,8%
artıb, Azərbaycanın bank sektorundakı payı isə 36,5%-ə çatıb.
Azərbaycanın 2-ci ən böyük bankı Kapital Bank isə 107-ci pillədə qərarlaşıb. Bankın aktivləri 1,75 milyard dollar
olub. Ötən il bank səhmlərini 30,5% artırıb və ölkənin maliyyə bazarında
5,5% paya sahib olub.
PaşaBank isə 1,62 milyard dollar dəyərində səhmlə 112-ci pilləni tutub. PaşaBank 2014-cü ildə Azərbaycanın bank sisteminin 5,1%-ni nəzarətdə saxlayıb.
MDB-nin 200 bankı arasında 116-cı pillədə qərarlaşan Xalq Bank isə 1,6 milyardlıq səhmə malikdir. 2014-cü ili elə də uğurlu keçirməyən bankın aktivləri ümumi göstəricidə 5%-dir.
Bank Standart 1,5 milyard dollar səhmə malikdir. Bu göstərici ilə MDB-də 120-ci
göstəriciyə malik olan bank milli maliyyə sektorunda 4,7% paya nəzarət
edir.
2014-cü ildə AsccessBank-ın
səhmləri 32% dəyər qazanıb. Buna görə də reytinq cədvəlinin 129-cu
pilləsində qərarlaşan bank 1,33 milyard dollar dəyərində səhmə malikdir.
UniBank isə MDB bankları arasında 139-cu yerdədir. 1,09 milyard dollar
dəyərində qiymətləndirilən UniBank mili bank sektorunda 3,4% pay
sahibidir.
Azərbaycanı təmsil edən daha bir bank – Bank of Baku isə MDB-də 152-ci sırada gələn bankdır. Bankın səhmləri 950 milyon
dollar civarındadır. Ötən il Bank of Baku ölkənin bankçılıq sahəsində
3%-ə nəzarət edib.
Bank Technique siyahının 178-ci pilləsində qərarlaşıb. Onun səhmləri 780 milyon dollar, 187-ci pillədə yer alan Ata Bank isə 740 milyon dollar dəyərindədir.
MDB məkanının ən böyük bankı Rusiyanın SberBankı seçilib. Bankın səhmləri 368,69 milyard dollardır. Rusiyanın VTB Bankı 2-ci pillədə qərar tutub və 147,51 milyard dollar dəyərə sahibidr. "Üçlüyü” isə QazpromBank tamamlayır. Bankın səhmləri 82,43 milyard dollar təşkil edir.