Mehmet Aydının heyvandarlıq və quşçuluq sahəsinə investisiya yatırmağı nəzərdə tutan bu investisiya bankçılığı tezliklə populyarlaşır. Onun bankına Türkiyədən, o cümlədən Azərbaycan Almaniya, Amerika və Dubaydan cəmi 78 minə yaxın adam 511 milyon TL yatırım qoyur. Bu pulların bir qisminə Türkiyədə arıçılıq, heyvandarlıq və quşçuluq təsərrüfatları qurur, müştərilərinə dividendlər ödəməyə başlayır. Lakin son iki ayda dividendlərin ödənilməsi kəsilir və məlum olur ki, Mehmet Aydın topladığı pulların böyük qismi ilə birlikdə yoxa çıxıb.
Araşdırmalar nəticəsində bu dələduzluq sxeminin banisinin Uruqvaydan vətəndaşlıq aldığını və həmin ölkəyə qaçdığı, orada dəbdəbəli malikanədə yaşadığı üzə çıxıb. Mehmet Aydının hazırda boşanmış keçmiş arvadı Şila Aydın deyib ki, o ərinin Uruqvaydan vətəndaşlıq almasından xəbərsiz olub. Şila Aydın bildirib ki, əri topladığı pulların əsas hissəsini Kiprdə qurduğu offşor şirkətin hesabına yatırırdı. Qadının dediyinə görə, Mehmet Aydın Türkiyədə bitkoin ferması da qurmağa və şirkət adına çatışmayan pulları bitkoin hesabına ödəməyi nəzərdə tuturdu. Bu məqsədlə o, xaricdən 1000-2000 arası bitkoin avadanlığı alıb, amma avadanlıqlar dövlət tərəfindən müsadirə edilib.
Şila Aydın deyir ki, əri Azərbaycan və digər xarici ölkələrdəki müştərilərinin gözündə sanballı görünmək üçün Dubayda da şirkət qurmuşdu. Bu şirkətdə səhmlərin 30 faizini öz adına, qalanını isə şirkətinin Türkiyə genel müdirinin rəhbərinin oğlunun adına rəsmiləşdirmişdi. O, ərini sonuncu dəfə bu il yanvarın 3-də İstanbulda gördüyünü deyib.
Mehmet Aydın isə üç gün əvvəl Uruqvaydan səs yazısı yayaraq aldatdığı müştərilərinə "keçmiş olsun” mesajı göndərib, habelə bildirib ki, onların pullarını bitkoinlə qaytaracaq.
Miq.Az