Nərgiz Zakirova: "Sonra isə özünə vuruldum”
İstedadlı özbək müğənnisi Nərgiz Zakirova 1970-ci ildə Daşkəndə musiqiçi ailəsində dünyaya göz açıb. Anası Luiza Zakirova ötən əsrin 60-70-ci illərində Özbəkistanın tanınmış estrada müğənnisi olub. Nərgizin Buxara yəhudisi olan atası Pulat Morduxayev isə zərb alətləri ifaçısı idi. O, Nərgizin dayısı, məşhur müğənni, Özbəkistanın xalq artisti Batır Zakirovun rəhbərlik etdiyi estrada çalışırdı. Yeri gəlmişkən, Nərgizin digər dayıları da tanınmış incəsənət nümayəndələri idilər. Beləki, onun dayısı Fərrux Zakirov tanınmış müğənni, məşhur “Yallı” ansamblının bədii rəhbəridir. Nərgizin digər dayısı Cəmşid Zakirov isə istedadlı kino və teatr aktyoru idi.
Bu cür istedadlı, tanınmış insanların əhatəsində böyüyən Nərgizin hələ körpəlikdən müsiqiyə böyük həvəsi olur. O ilk dəfə 4 yaşında səhnədə çıxış edir. 14 yaşında Nərgiz “Vuadilyalı gəlin” filmində İlya Reznikin sözlərinə yazılmış mahnıları ifa etməyə dəvət edilir. Bu mahnılardan birini – “Xatırla məni” mahnısını o dayısı Fərrux Zakirovla duet oxuyur. Film ekranlara çıxanda bu mahnı qısa müddətdə populyarlıq qazanır. Bu ərəfədə Daşkəndə “Yurmala-86” mahnı müsabiqəsində iştirak etmək üçün seçimlər başlayır. Müsabiqədə çıxış etmək hüququ qazanan Nərgiz vətəninə mükafatla qayıdır. Beləki, o, müsabiqədə “Tamaşaçı rəğbəti” mükafatına layiq görülür. Bu uğurdan sonra Nərgizi hamı tanıyır, hər yerdə onu rəğbətlə qarşılayır və ondan avtoqraf verməsini xahiş edirdilər. Özü demişkən, o qədər də çalışqan şagird olmayan Nərgiz orta məktəbi bitirdikdən sonra, yaşıdlarından fərqli olaraq sənədlərini instituta deyil, estrada məktəbinə təqdim edir və eyni zamanda müsiqi karyerasını da davam etdirir.
18 yaşında Nərgiz Özbəkistanın məşhur müğənnilərindən biri ilə ailə qurur. Bu ailəlikdən onların Sabina adlı qızları olur. Amma bu evlilik uzun çəkmir. Ailədə tez-tez baş verən münaqişə və ona edilən xəyanətlərdən bezən Nərgiz günlərin birində əşyalarını yığıb evdən gedir. Bir müddət sonra Nərgiz “Asiyanın səsi” müsabiqəsinin redaktoru ilə ailə qurur və öz ansamblı ilə səhnə fəaliyyətini uğurla davam etdirir. Onun konsertləri anşlaqla keçir. Saçlarını boyayaraq sarışın etdirdiyindən onu özbək Madonnası adlandırırlar. 1995-ci ildə o valideynləri və qızı ilə birlikdə ABŞ-a gedir. Həyat yoldaşı da onlarla getməyə hazırlaşmasına baxmayaraq sənədləri vaxtında hazır olmadığı üçün Nərgizgil onsuz getməli olurlar. Dörd aydan sonra həyat yoldaşı Nyu-York gələndə artıq onların Auel adlı oğlu dünyaya göz açmışdı. Cütlüyün Amerika həyatı əvvəlcə yaxşı başlasa da, sonradan get-gedə onlar arasında soyuqluqlar başlayır və bu soyuqluq sonda bu evliliyin dağılmasına səbəb olur.
Nərgiz üçüncü həyat yoldaşı Flip Balçano ilə Amerikada tanış olur. Bir dəfə restorana daxil olanda Nərgiz səhnədə mahnı ifa edən Flipin səsini eşidir və özü demişkən, o ilk anda bu səsə, sonra isə səhnədə bu səsin ifaçısını görüb ona vurulur. Təsadüf nəticəsində elə həmin restoranda solist kimi fəaliyyətə başlayan Nərgiz Fliplə yaxından tanış olur və bu tanışlıq sonradan qrşılıqlı məhəbbətə çevrilir. 1999-cu ildə onların Leyla adlı qızları doğulur.
2013-cü ildə Nərgiz Amerikada keçirilən "The X Factor" şou müsabiqəsinin seçim turlarında iştirak edir. Müsabiqənin təşkilatçıları üç mərhələni uğurla keçən müğənniyə ona zəng edəcəklərinə söz versələr də, uzun müddət bu zəngdən soraq gəlmir. Odur ki, Nərgiz tərəddüd etmədən bu ərəfədə Moskvada təşkil olunan "Голос" müsabiqəsinə yollanır. Seçim mərhələsində bütün münsiflərdən dəvət alan Nərgiz Leonid Aqutinin komandasını seçir. Müsabiqənin 2013-cü ilin 20 dekabrında keçirilən finalında o azaçıq fərqlə Sergey Volçkova uduzaraq ikinci yerə çıxır. Müğənni isə özü isə bu uğurunu belə qiymətləndirir : “Mən udmadım, mən qələbə çaldım !”
İstedadlı müğənni bu gün də uğurla yaradıcılığını davam etdirir və yorulmadan yeni layihələr üzərində çalışır.
Vətəninfo.az