Millət vəkili: "26 xainin yerində 26 kişiyə abidə ucaldılsın"

Millət vəkili:

Bir neçə gün öncə millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə qərarın verilməsində iştirakı olan, İstiqlal Bəyannaməsinə səs vermiş tarixi şəxsiyyətlərin doğulduğu bölgələrdə xatirə abidəsinin qoyulmasını təklif etmişdi. Doğru bir təklifdir, gerçəkləşsə, yaxşı olardı.

Miq.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O, bununla bərabər, başqa maraqlı ideya da səsləndirib:

"Bildiyiniz kimi, Bakının indiki "Sahil bağı” adlanan yerində Azərbaycan xalqının soyqırımını gerçəkləşdirmiş məşhur 26 Bakı komissarının şərəfinə ucadılmış "26-lar" abidə kompleksi var idi. Sonradan buradakı kompleks haqlı olaraq ortadan qaldırılsa da, indiyədək bu bağın adı keçmiş alışqanlığa uyğun olaraq "26-lar bağı” kimi tanınmaqdadır. Bizim Müstəqil Cümhuriyyət ideyası Bakı Kommunasının Sovet Azərbaycanı ideyasına qalib gəldiyinə görə, bu qələbənin simvolik təsvirini də məhz "26-lar bağı” üzərindən etmək mümkündür. Tarixi sənədlərdən bizə bəllidir ki, 27 may 1918-ci ildə Tiflis şəhərində Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə qərar qəbul edilən iclasda Zaqafqaziya Seyminə daxil olan türk-müsəlman millət vəkillərindən 26 səlahiyyətli təmsilçi iştirak etmişdir. Onlardan 24 nəfər Cümhuriyyətin lehinə səs vermiş, iki nəfər — Sultan Məcid Qənizadə və Cəfər Axundov səsvermədə bitərəf qalmışlar. Həmin bitərəf qalanlar da prinsipcə müstəqilliyin lehinə olmuş, sadəcə zamanlama məsələsinə görə belə bir mövqe tutmuşdular. Maraqlıdır ki, Azərbaycanın müstəqilliyinə qarşı olanlar da, müstəqilliyə səs verənlər də 26 nəfər olmuşlar. Bu halda 26 Bakı komissarının keçmiş abidəsinin yerində 26 Azərbaycan Müstəqilliyinin Memarları abidəsinin ucadılması barədə düşünmək olar”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az