“Muğanımız - tariximiz, sərvətimiz”

“Muğanımız - tariximiz, sərvətimiz”
 
Ovçu, insaf eylə,  keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən.
Qoyma ağrı keçə ürəyimizdən,
Qıyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran...

Səməd Vurğun qələmindən süzülüb məna dolu bu misralar. Özü Qazax rayonunda doğulub ölməz şairimiz, lakin  Muğanı, bu yerləri çox sevib. Çünki Muğan düzü həmişə ceyran-cüyürü  ilə məşhur olub. Bu sevgisini,  məhəbbətini də  poemaya çevirib - «Muğan»ı ərsəyə gətirib. Haqq dünyasına qovuşan ölməz Vurğunumuzu rəhmətlə anaq bu yerdə:  ruhun şad olsun, gözəl ustad...
 
Köçəriliyin əsas məkanı
 
Lənkəran ovalığından şimalda olan hissə – Salyan və Mil ərazisinə qədər indiki Muğan ərazisidir. Adıçəkilən ərazi haqqında 3500-4000 il bundan əvvəl tarixi mənbələrdə müxtəlif  məlumatlar yer alır. Muğanda arxeoloji qazıntılar zamanı aşkar edilən və müxtəlif  dövrlərə aid olan Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri kimi abidələr burada yaşayışın daha qədim olmasından xəbər verir.
Muğanda yaşayan  tayfalar əsasən maldarlıq, əkinçilik və balıqçılıqla məşğul olublar. Onu da qeyd edək ki, Muğanda sənətkarlıq geniş inkişaf edib. Bölgədən tapılan saxsı məmulatları, əmək alətləri və silahlar dediklərimizə sübutdur.
Köçəriliyin əsas məkanı sayılan Muğanda e.ə.III-II minilliklərdə yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olduğu üçün  burada milli mədəniyyətimiz - xalça, çuval, xurcun və palaz da  istehsal edilmişdir. Bu ərazidə toxunan xovlu, xovsuz xalçalar həmişə məşhur olub,  keyfiyyətinə görə  
 
Rusiya, Şərq və Qərb bazarlarında tanınıb.  Muğan xalçaları əsasən "Qarmaqlı" adlı elementin, "dördbucaqlı",  səkkiz", yaxud  müxtəlif quruluşlu həndəsi formaların içərisində, müstəqil halda da təsvir olunmaqla toxunur. "Qarmaqlı" adlı element isə "Muğan" xalçalarının əsas naxışı sayılır. 

Hazırda da Muğanda xalçaçılıq geniş surətdə inkişaf etdirilir. Bu isə onun ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafında mühüm rolunu artırmaqdadır.
HAŞİYƏ:  Azərbaycan Prezidenti İlham Əliyev 29 oktyabr 2013-cü ildə Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi-mədəniyyət nümunələri ilə sübuta yetirilib ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir. 

Muğan ərazisində yerləşən rayon - Saatlı
 
Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək.
Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni icra etməliyik.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Böyük Vətən müharibəsi illərində təşkil olunan və Muğan ərazisində - Araz çayının sağ-sol sahillərində yerləşən Saatlı rayonu  əhalinin  əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olması üçün əlverişli şəraitə malikdir. Rayonun Cəfərxan kəndində  yerləşən Muğan-təcrübə meliorasiya stansiyası burada  torpaqların şoranlaşmasının qarşısını almaqla yanaşı, həm də meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında önəmli əhəmiyyət daşıyır.
Məlumat üçün xatırladaq ki, 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlılar, Orta Asiya respublikalarından Axıska türkləri,  Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlıda məskunlaşıb.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə Saatlı rayonundan cəbhəyə yollanan, qəhrəmancasına şəhid olan  övladlarımız  az deyil. Bu rayonda doğulub boya-başa çatan Elşən Hüseynov da 1995-ci ilin mart hadisələri zamanı igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızdandır. Ölməz qəhrəmanımız  Elşən Hüseynov  döyüş şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu gün də Saatlı gəncləri Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində işğal olunan torpaqlarımızın alınması uğrunda gedən  döyüşlərə  atılır, qəhrəmanlıq göstərirlər.
 
Görülən işlər...
 
Qeyd edək ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun abadlaşdırılmasında,  bu sahədə yeniliklərin əldə olunmasında az iş görməyib. Başçı mütəmadi olaraq sakinlərlə görüşlər keçirir, onların güzəranı ilə yaxından maraqlanır, yaranan problemlərinin  qısa zamanda həll olunması üçün aidiyyəti qurumlara tapşırıqlar verir. Siraqəddin müəllim quruculuq-abadlıq işlərinin, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasında, önəmli məsələlərin vaxtında və tez bir zamanda həllini tapmasında, eləcə də,  nöqsanların aradan qaldırılmasında Saatlı rayon Ağsaqqallar Şurası ilə  mütəmadi məsləhətləşmələr aparır, onların tövsiyələrini dinləyir. 
Bu gün Saatlı rayon İcra hakimiyyəti sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, eyni zamanda gənclərin işlə təmin olunması üçün mühüm addımlar atır. Bütün bunlar rayon əhalisi tərəfindən təqdirlə qarşılanır və görüləcək işlərin daha geniş və  keyfiyyətli olmasına zəmin yaradır.
XX əsrin 70-80-ci illərində Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, həkim məntəqələri, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr,  2 yaşayış binası,  yeni inzibati binalar, pambıqtəmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı  rayon əhalisinin ixtiyarındadır.
Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart - azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər", "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri  istifadəyə verilib. 
Rayonda "Saatlı Pambıq" ATSC-nin emal zavodu, "Şəki İpək" ASC-nin pambıqçılıq idarəsi və pambıq qəbulu məntəqəsi, "Pambıq" kiçik müəssisəsi, şirə emalı müəssisələri, 16 un dəyirmanı, 2 üzlük plitə, quşçuluq-broyler sexləri,  48 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 19 məktəbəqədər tərbiyə müəssisəsi, mərkəzi kitabxana, 63 kitabxana filialı, 27 klub, kinoteatr, yeddiillik uşaq musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, 7 xəstəxana, 17 həkim ambulatoriyası, 16 feldşer-mama məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi, 16 aptek, idman mərkəzi, voleybol klubu  fəaliyyət göstərir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmini məqsədilə 112 ədəd 10 və 0,4 kv-luq elektrik verilişi xətlərində yeni dayaqlar basdırılıb, 50 ədəd Smart-kart sayğaclar qurulub və 1,9 km Sip tipli kabel çəkilib. Rayonun Məzrəli kəndində 3 ədəd, Nərimankənddə 2, Dəlilərdə 3, Qaracalarda 2,Qıraqlıda 2, Şirinbəydə 3 və Kamallı kəndində 2 ədəd transformator əsaslı təmir olunaraq bərpa edilib, 61 ədəd köhnə dayaqlar dəyişdirilərək yenisi ilə əvəz edilib, abonentlər tərəfindən yararsız hala salınan, müdaxilə edilən 355 ədəd sayğac yenisi ilə əvəz edilib. Əhalinin tibii qazla təminatı məqsədi ilə rayonun Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərində qaz təminatının bərpası üçün yeraltı qaz xətti çəkilib.
Onu da vurğulayaq ki,  Oğuz-Qəbələ-Bakı su kəməri, eləcə də Ceyranbatanda ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə əlaqədar olaraq Abşerona  verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür təmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaradıb. Ötən müddətdə bu məqsədlə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə təkcə Saatlının deyil, həmçinin  Biləsuvar, Şirvan, Hacıqabul, Saatlı və Sabirabad  rayonlarının 171 kəndi keyfiyyətli içməli su ilə təchiz edilib. Şirvan-Muğan qrup su kəmərindən isə Salyan və Neftçala şəhərlərinə, 121 kəndə suyun verilməsi nəzərdə tutulur. Artıq uzun illər içməli sudan əziyyət çəkən Salyan şəhərinə bu mənbədən magistral su kəmərinin inşasına başlanıb.
Bu gün fəxrlə deyə bilərik ki, iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edən Saatlı rayonu inkişaf edir və yeni-yeni uğurlara imza atır.

P.S. Ceyran-cüyür məskəni olan Muğan ta qədimlərdən ovçuların  ceyran ovlamaq üçün oylağına çevrilib.
 
Günümüzdə də ceyranların mütəmadi olaraq ovlanması bu heyvanların sayının kəskin surətdə azalmasına səbəb olduğundan artıq uzun illərdir ovlanma qadağan olunub və onların mühafizəsi dövlət səviyyəsində qorunur.
 
Ramiz Kərəmov
"Təhsil problemləri” qəzetinin müxbiri
 
Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az