Müəllimlərin işə qəbul qaydası dəyişir

Müəllimlərin işə qəbul qaydası dəyişir
Müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar hazırlanıb

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır. Miq.az-ın "Report”a istinadla verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O bildirib ki, bu sahədə bir sıra yeniliklər də olacaq: "Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il müəllim olmaq üçün imtahan verən şəxslərin sayının daha çox namizəd gözləyirik, çünki vakansiyaların sayı artıq olacaq”.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: "Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar”.
C.Valehov bildirib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək.
Təhsil Nazirliyi ilk dəfə olaraq müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar da hazırlayıb. Eşqi Bağırovun sözlərinə görə, artıq bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub: "Qaydalar təsdiq edildikdən sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Sertifikasiyadan keçməyən müəllimlər təbii ki, müəssisədə qalıb işləyə bilməyəcəklər”.
E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə başa çatandan sonra müəllimlərin sertifikasiyası keçiriləcək.  Hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib: "Təbii ki, bu proses bütün müəllimləri əhatə etməyəcək. İlkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin bir günə sertifikasiyadan keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az