Aprelin 27-29-da Moskvada Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunda “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş “Ümumi Qələbə: tarix və yaddaş” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib. REA-nın Ümumi Tarix İnstitutu tərəfindən təşkil olunmuş konfransda Rusiya regionlarından, MDB ölkələrindən və uzaq xaricdən, o cümlədən Azərbaycandan gəlmiş alim və mütəxəssislər iştirak ediblər.
Konfrans iştirakçılarından biri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Rafiq Səfərov konfransda toxunulmuş məsələlərdən ətraflı söhbət açıb.
O bildirib ki, adlı-sanlı alimlərin iştirak etdikləri konfransın əsas mövzusu Sovet İttifaqı və antihitler koalisiyası üzrə müttəfiq ölkələrin xalqlarının ümumi Qələbəyə köməyinə həsr olunmuşdu və müəlliflər tərəfindən təklif edilmiş məruzə mövzuları geniş problemləri əks etdirirdi. Belə ki, konfrans çərçivəsində “İkinci Dünya və Böyük Vətən müharibələri: yeni sənədlər və tədqiqatlar”, “İkinci Dünya və Böyük Vətən müharibələri ərəfəsində və illərində beynəlxalq münasibətlər”, “İkinci Dünya və Böyük Vətən müharibələri tarixinin aktual problemləri” seksiyalarında 150-dək məruzə dinlənilib.
R.Səfərov “İkinci Dünya və Böyük Vətən müharibələrində SSRİ xalqlarının iştirakı” seksiyasının moderatoru olub və konfransda “İkinci Dünya müharibəsi ərəfəsində və müharibə zamanı SSRİ-nin cənub bölgələri xalqlarının aqibəti” mövzusunda məruzə ilə çıxış edib. Bu mövzu onun tədqiqatçılıq fəaliyyətinin istiqamətlərindən biridir. Alim deyir: “Məruzədə İkinci Dünya müharibəsi ərəfəsində sovet-türk və sovet-İran münasibətləri ilə əlaqədar sovet müsəlmanlarının vəziyyəti, SSRİ-nin cənub bölgələri xalqlarının deportasiyası və sərhədlərin təmizlənməsi, ərazilər uğrunda mübarizə, hərbi əməliyyat meydanının etno-siyasi cəhətdən hazırlanması, Böyük Vətən müharibəsi zamanı xalqların arzuolunmaz ünsürlər kimi SSRİ-nin Yaxın Şərq nailiyyətləri yoluna deportasiyası, Türkiyə və İran ərazisinə sovet sui-qəsdləri üçün cənub meydanın hazırlanması, 1946-1949-cu illərdə xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi yolu ilə Türkiyə ətrafında SSRİ dayaqlarının möhkəmləndirilməsi və 1948-1953-cü illərdə Ermənistanın azərbaycanlılardan təmizlənməsi məsələləri nəzərdən keçirildi. Konfrans zamanı mən elmi diskussiyalarda erməni nümayəndə heyəti üzvlərinin – Ermənistan MEA-nın Tarix İnstitutunun direktoru, Ermənistan MEA-nın müxbir üzvü Aşot Melkonyanın və Tarix İnstitutu direktorunun elmi iş üzrə müavini, Ermənistan MEA-nın beynəlxalq elm və təhsil mərkəzinin tarix və beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix elmləri namizədi Karen Xaçatryanın bəzi söylədikləri ətrafında opponentlərlə elmi diskussiyalarda iştirak etdim. Onlar həmişə olduğu kimi, kürsüdən “elmi” uydurmaları üçün istifadə edərək məruzələrin mövzularından uzaqlaşaraq öz çıxışlarına üzdəniraq “erməni soyqırımı”ndan başladılar. Məlumdur, tarix felin lazım formasını sevmir, buna baxmayaraq, erməni tarixçiləri hər cür etik normaları pozaraq bildirdilər ki, əgər SSRİ müharibədə Almaniyaya uduzsaydı, onun “müttəfiqi” olan Türkiyə Zaqafqaziyanı ələ keçirərək “ikinci erməni soyqırımı” törədərdi. “Erməni soyqırımı” ilə bağlı bu növbəti saxtalaşdırmalar və erməni təbliğatının bu hiylələri Azərbaycan alimlərində və başqa ölkələrin alimlərində çox kəskin reaksiya doğurdu. Biz beynəlxalq konfranslarda erməni opponentləri ilə mübahisə sahəsində topladığımız təcrübədən istifadə edərək, həmçinin konkret faktlara əsaslanaraq erməni “alimlərin” Birinci və İkinci Dünya müharibələrinin tarixini təhrif etmək cəhdlərini, onların guya Türkiyənin “erməni soyqırımı” törətdiyi barədə mülahizələrini və digər erməni iftiralarını ifşa etdik”.
AZƏRTAC