Nazir müavini ilə şöbə müdirinin korrupsiya əməliyyatı
Maliyyə
nazirin müavini Azər Bayramovun nəzarəti altında fəaliyyət göstərən
Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tenderlər
vasitəsi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait
təyinatdankənar xərclərə sərf olunur.
Arqument.Az TİA.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin
maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev məhz maliyyə
nazirinin müavini Azər Bayramovun himayəsinə arxalandığı və onunla
birlikdə fəaliyyət göstərdiyi üçün bir sıra "əməliyyat"ları da tam
arxayınlıqla həyata keçirir. Azər Bayramovun Azad Vəliyev vasitəsi ilə
dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərə nəzarət
etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə,
maliyyə-iqtisadiyyat şöbəsinin müdiri sabiq səhiyyə naziri Əli İnsanovun
kadrıdır.
Gundelik-baku.com məlumat verib ki, büdcə vəsaitləri hesabına
alınan preparatların xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da,
bu işlər həyata keçirilməyib. Bir tibb müəssisəsində bir şəkərli diabet
xəstəsinə düşən xərc şişirdilib, bir sıra müəssisələrdə isə bir xəstəyə
düşən xərc müxtəlif olub.
Bundan başqa, HİV AİDS-nin qarşısının alınması və müalicəsi üçün
nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyətinin
istifadə olunmadığı müəyyən edilib. Səhiyyə Nazirliyinin Elm Tədqiqat,
Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən
olunub ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi
nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına
əlavə əməkhaqqı yazılıb.
Audit dövründə institutda təqribən 65 min manatlıq büdcə vəsaitini
mənimsənildiyi üzə çıxıb. Hesabat dövründə 3 saylı Şəhər Klinik
Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata
yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı
tender qaydalarına əməl edilməməsi zamanı baş verib.
Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin
adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib.
Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə əlbəttə ki, baş
verən neqativ halların cüzi bir hissəsidir. Səhiyyə Nazirliyinin
maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev cavabdehlik daşıyır.
Çünki dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan maliyyə
vəsaitlərinə nəzarəti məhz Azad Vəliyev həyata keçirir. O, isə öz
növbəsində, himayəsində olduğu şəxslə, yəni maliyyə nazirinin müavini
Azər Bayramovla birgə həmin vəsaitlərin təyinatdankənar istiqamətlərə
yönəldilməsinə rəvac verir.