Anders Breyvik 77 nəfəri özünümüdafiə məqsədilə öldürdüyünü irəli sürəcək
"Veteninfo.az"ın musavat.com-a istinadən verdiyi xəbərə görə, Norveçin paytaxtı Osloda 77 nəfəri öldürmüş terrorçu Anders Breyvikin məhkəmə prosesi başlayıb. Təhlükəsizlik tədbirlərinin yüksək həddə çatdığı məhkəmə binasının önünə kütləvi-informasiya vasitələrinin nümayəndələri toplaşıb. Həbsxanada olduğu müddətdə 2 dəfə hədə-qorxu məktubu alan Anders Breyvik məhkəmə zalına zirehli avtomobildə gətirilib. O, zalda əyləşənləri ultra-sağçı üslubunda salamlayıb.
Qeyd edək ki, məhkəmə prosesinin ilk günündə hakim Breyvikin özünü günahkar bilib-bilmədiyini araşdırır. Terrorçunun vəkilləri daha əvvəl bildirmişdilər ki, Anders Breyvik törətdiyi cinayətləri etiraf etsə də, məhkəmədə öz günahsızlığını bəyan etmək niyyətindədir. Onun özünü müdafiə məqsədilə qətlləri törətdiyi iddiasını da irəli sürəcəyi bildirilir.
Bu gün məhkəmə işin formal tərəflərini də nəzərdən keçirir. 10 həftə davam edəcəyi gözlənilən məhkəmə prosesi zamanı Anders Breyvikin tam anlaqlı olub-olmadığı da müəyyənləşdiriləcək.
Qeyd edək ki, Breyvikin təkrar tibbi ekspertizasının nəticələri onun anlaqlı və fəaliyyət qabiliyyətli olduğunu üzə çıxarıb və onu məsuliyyətindən qurtaran xəstəlikləri aşkar etməyib. Daha əvvəlki ekspertiza isə onun paranoid-şizofreniyadan əziyyət çəkdiyi qənaətinə gəlmişdi.
Məhkəmə prosesinin yekununda Anders Breyvikin cinayət məcəlləsinə görə anlaqlı olmadığı qərarı verilsə, o, psixiatrik xəstəxanaya müalicəyə göndəriləcək, əks təqdirdə isə onu adi həbsxanada cəza müddəti gözləyir.
33 yaşlı Anders Breyvikin ötən il iyulun 22-də paytaxt Osloda törətdiyi partlayış nəticəsində 8 nəfər ölmüş, Utoyya adasında isə yeniyetmələrə qarşı qətliyam törədərək 69 nəfəri öldürmüşdü.