“O sözü deyənlər hakimiyyətdən təmin olunanlardır”

“O sözü deyənlər hakimiyyətdən təmin olunanlardır”

Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirovdur. 

-Sizi bu sənətə bağlayan hansı qüvvədir?

-Anam Ceyranbatanda, Mədəniyyət Evində dərzilik dərsi alırdı. Mən onu qarşılamağa gedirdim və məşqləri görürdüm. Səkkiz yaşım vardı, bir dəfə mənə məşq zamanı əlimdə saxlamaq üçün silindr verdilər. O aktyorun kim olduğunu bilmirəm amma tamaşanı Lənkəran Teatrının uzun müddət rejissoru olmuş Baba Rzayev hazırlayırdı. Sabir Qurbanov həmin Mədəniyyət Evinin direktoru idi. Mən o silindri saxladığım andakı həyəcanı hələ unutmamışam. Orda məşqləri görürdüm və beləcə həvəs yarandı.

-İlqar Cahangirovun yolu kimin yoludur?

-Mən sənətdə öz yolumu açıram. Bilirsiz, məni tanımayanlar  deyirlər ki, Otellonu İlqar oynayır, gedib bir baxaq görək kimdir bu İlqar? Necə oynayır? Burda artıq o korifey sənətkarlarımız yoxdur, bu mənəm, mənim yolumdur, sadəcə onlara söykənmişəm. 

Orta məktəbdə coğrafiya, ədəbiyyat, tarix fənnlərini yaxşı oxumuşam deyə bilərəm. Yazım bərbad idi və mən üç il İncəsənət Universitetinin aktyorluq fakültəsində yazılı imtahandan kəsilmişəm. Həmişə ixtisasdan qiymət almışam. Mehdi Məmmədova imtahan vermişəm. İxtisasdan həmişə özümə arxayın olmuşam. Dördüncü il qəbul oldum amma atam məni betonzavodda fəhləliklə cəzalandırdı. Onlar istəmirdilər mən aktyor olum. Biz qəbul olanda nümayişlər başladı 1989-cu ildə. Bu, artıq Qarabağ müharibəsinin başlanğıcı idi. İndiyə kimi də o Qarabağ lentim əlimdədir. Bir qardaşımı da Qarabağda itirmişəm. Tələbəlik vaxtım 90-cı illərə düşüb. Könüllü olaraq müharibəyə də getdim amma geri qaytardılar. Əsgərlər qarşısında tamaşalar verdik, ta səngərlərə kimi getdik. Daha sonra bu məndə təəssüf hissi yaratdı. Ona görə yox ki, biz uduzmuşuq. Belə bir deyimlə izah edim, müharibəni qəhrəmanlar qazanır, ağıllılar idarə edir, fırıldaqçılar bəhrələnir. Bax, bu məni təəssüfləndirdi. Mən də yaxşı yaşaya bilərdim amma vicdanım yol vermədi. Məni tanıyanlar bilir. 45 yaşındayam, içki, siqaret nə olduğunu bilməmişəm.

-Bu gün Azərbaycan incəsənətində sənət yaradanlar kimlərdir?

-Var, mən saya bilərəm, çoxdur. Çox təəsüüf ki, onlar da ehtiyaca sığınıblar, ucuzluğa getməsələr də səslərini də çıxarmırlar.

-Axı, incəsənətə dövlət dəstəyi var. Bu gün surətlə uzaqlaşmağa çalışsaq da Azərbaycan mədəniyyətində ağırlıq, çəki olub həmişə. İstər komik aktyor olsun, istər faciəvi rolların ifaçısı, o çəki hər zaman özünü göstərib. Xalq artistlərimiz var ki, bu gün yeni çəkilən seiallarda yüngül bir rolda oynayır və illərlə qazandığı o çəkini xərcləyir. Dövlətsə ona xalq artisti adı verib...

-Kaş heç verməyəydi. Verib də bizi bu statuslara möhtac etməyəydi. Mən bütün bu adların, titulların verilməsinin əleyhinəyəm.

-Hansısa serialda çəkilirsinizmi?

-“Pərvanələrin rəqsi”. Azad Azərbaycan kanalında ayın 1-dən yayımlanacaq və artıq anonsları gedir. Ortabab bir ailə dramı olan bir serial ortaya qoymuşuq. 

-Niyə Azərbaycan teatrı bu gündədir? Efirlərimizdə o ağır çəkili tamaşalarımız yayımlanmır...

-Razıyam sizinlə. Rusiyada “kultura” adlı bir kanal var və Rusiya teatrlarında qoyulan yaxşı tamaşaları çəkir. Etiraf etmək lazımdır ki, son iki il ərzində bizim televiziyalarımız da tamaşalarımızı çəkir. Hətta ənənə halını alıb desəm, daha düzgün olar. Akademik Milli Teatrda da, Operada, Gənc Tamaşaçılar teatrında da mən bunun şahidi olmuşam. Bu iki ildə ondan artıq tamaşa çəkilib amma bu tamaşaların səviyyəsi efir səviyyəsi deyil. Çəkinmədən deyə bilərəm, elə mənim oynadığım tamaşa olsun. Səhnədə oynanılan tamaşanın səviyyəsi belə o səviyyə deyil.

-Nə çatışmır?

-Savadsızlıq və zəhmət. Düzgün istiqamətləndirilməmək. Belə götürəndə mənə hansı sahəninsə yaxşı olduğunu deyin, mən onun arxasınca nə isə deyim. Nəyimiz yaxşı vəziyyətdədir, axı? Nə təhsilimiz, nə səhiyyəmiz, nə idmanımız heç biri istənilən səviyyədə deyil. Bütün bu sahələr hamısı proqramlaşdılmış şəkildədir. Necə ki, yas, toy mərasimlərimiz proqramlaşdırılıb biznes xarakterli olub, bu sahələr də eləcə. Dövlətə bu cür düşünülmüş siyasət sərf edir.

-Bəs onda niyə hər tərəf dövlətin qayğısı deyə bar-bar bağırır?

-Mənim tanıdığım əsil aktyorlar var ki, onlar heç vaxt bunu deməzlər. O sözü deyən adamlar hakimiyyətdən təmin olunan adamlardılar-xalq artistləri, hansılar ki, təqaüdlər alırlar, hökümət bütün təminatları verib. Seçilmiş bir yüz nəfər var ki, bütün imtiyazlar onlar üçündür. Təbiidir ki, elə onlar efirlərdə bu sözləri deyəcəklər. 

-Bəs bu yüzdən kənarda qalanlar necə yaşayır?

-Mənim yaşıdlarım ehtiyac içində. Evsizlik, işsizlik, işimiz var amma bu ehtiyac işsizliyidir. Teatr binamız yeni təmir olunub, işimiz var, tamaşalar oynanır, insanlar gəlir və sevirlər də bizi. Sevilirik. Lakin aktyorların məvacibi çox azdır. Siz bilirsinizmi ki, on-on beş ildir kirayədə qalanlar, hələ də atalarının, qardaşlarının onlara hədiyyə etdiyi evlərdə yaşayanlar var. 

-Bu gün Azərbaycan teatrının səhnəsində niyə bizim milli dəyərləri əks etdirən tamaşalar oynanmır?

-Mənim Qarabağ əlilinin taleyindən bəhs edən “İtən vaxt” adlı bir mono tamaşam vardı. Samir Sədaqətoğlu yazmışdı. İndi bu əsəri oynamaq qadağan olunub mənə.

Ancaq klassik tamaşaların dili ilə nə isə deyə bilirik. M.F. Axundov, Cəlil Məmmədquluzadə, düzdür, onlar elə bu günü deyir, amma mənim xalqımın tapdanan mənəviyyatının,  vicdanının göstərildiyi müasir  bir əsəri ortaya qoya bilmərəm.

-Niyə imkan verilmir buna? Bu günün ağrısı niyə dünənin dili ilə deyilir?

-Yumruğunu stola vuran bir rejissor yoxdur. 

-Teatrlarımızda çatışmayan nə var?

-Rejissorlar da, aktyorlar da var. Amma rejissorlar özlərinə çox sıxılıblar, çox özlərinə qapanıblar. Fərdi yaradıcılıq, şəxsiyyət yaradıcılığı yoxdur. Bilirsiz, o dövrdə Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov var idi, onları məhv etmək üçün o üç böyük sənətkarı bir teatra saldılar. Halbuki onların hərəsinin bir teatrı olmalıydı.

-Yazırsızmı?

-Mənə mühazirə demək təklif ediblər, mən düşünmüşəm ki, savadım çatmaz yazı yazmağa. Oturub hər hansı bir tamaşa haqqında diskussiya edə bilərik amma yazmaq cəsarət istəyir.

-Qəribədir, hər kəsin yazar olduğu bir vaxtda siz yazmaqdan ehtiyat edirsiz...

-Mən yazmaq yox, daha çox yazılanı demək istəyirəm. Yazılanı oynamaq, yaşamaq istəyirəm!

Söhbətləşdi:Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az