“Dövlətin möhkəmlənməsi, millətin bütövləşməsi yolunda “Olaylar”ın xidməti kifayət qədərdir”
“Həyatda baş verən istənilən hadisə olaya çevrilə bilər. Məlumdur ki, hər bir olayın arxasında insan faktoru dayanır. Əgər o insaının əməlləri xoş niyyətlidirsə, bu hadisələr xeyirxahlığa xidmət edir. Yunuz Oğuz belə xoş niyyətli insanlardandır. Əgər Yunuz Oğuz olmasaydı, bilmirəm, “Olaylar” bu qədər yolu keçə biləcəkdimi?” Bu fikirləri Azərbaycan mətbuat Şurasının sədri Əflatun Amaşov “Olaylar” qəzeti və eyniadlı agentliyin 20 ilik yubileyi ilə bağlı təşkil ollunmuş tədbirdə səsləndirib. MŞ sədri əlavə edib ki, “Olaylar” qəzetinin təsisçisi və baş redaktoru Yunus Oğuz fərdi xarakteri ilə seçilir. Məhz bu xarakter onun yaradıcılığında özünü büruzə verir: “Siz həm də filosofsunuz. Həyat davam etdikcə baş verən hadisələri daha dərindən dərk edib olaya çevirməyi bacarırsınız. Elə bu xarakteriniz hələ 1989-cu illərdə sizi yaradıcılıq işlərinə sövq etmişdi. 20 ildir isə “Olaylar” qəzetinə rəhbərlik edirsiniz”.

MŞ sədri Əflatun Amaşov bildirib ki, “Olaylar”ın Azərbaycanın müasir media tarixindəki rolu böyükdür. Bu böyüklük baş redaktor Yunus Oğuzun şəxsi keyfiyyətlərinin məcmusu kimi diqqət çəkməkdədir. “Yunus Oğuz hələ “Olaylar”ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, qeyri-leqal nəşrlər kimi tanıdığımız «samizdat»ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə son dərəcə mühüm töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi isə başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb”. Y.Oğuzun həm də tarixi əsərlər müəllifi olduğunu diqqətə çatdlran MŞ sədri qeyd edib ki, o, Azərbaycan tarixində mühüm xidmətləri olan tarixi şəxsiyətləri yeni xarakterdə təqdim edə bilib: “Siz bütün əsərlərinizdə türk olaraq qalmısınız. Türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmisiniz”. Çıxışından sonra Ə. Amaşov “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuza Mətbuat Şurasının diplomunu təqdim edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli “Olaylar”ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı adlandırıb: “Yunus Oğuzun rəhbərlik etdiyi mətbuat orqanı Vətənə, millətə, dövlətə xidmət edir. İstərdim ki, xeyirxah əməllərə xidmət edən “Olaylar” uzun ömürlü olsun”. O, eyni zamanda Y.Oğuz şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açaraq onun tarixi faktları bədii yaradıcılığa gətirmə dəst-xətti üzərində dayanıb. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, cəsarətli qələm adamı kimi 30 ildir tanıdığı Y.Oğuzun daşıdığı müsbət keyfiyyətləri rəhbərlik etdiyi qurumda da cəmləşdirməsi müstəsna yaradıcılıq məqamıdır: “Olaylar” qəzeti və informasiya agentliyi müasir media orqanları sırasında obyektiv və qərəzli informasiyaları ilə fərqlənir. Biz “Olaylar”dakı xəbərləri düşünmədən, çəkinmədən istifadə edə bilirik. Çünki bilirik ki, bu agentliyin məlumatlarının düzgünlüyünə şübhə yoxdur”. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı xüsusi vurğulayıb ki, hər bir KİV ona rəhbərlik edn şəxsin simasıdır. V.Mahirqızı həmçinin “Olaylar”ı Azərbaycanın media məkanında ədalətli rəqabət nümunəsi olaraq dəyərləndirib:

“İnsanlıq istedaddan üstün olduqda uğur əldə etmək mümkün olur. Biz “Olaylar”la rəqib yox, dost münasibətində olmuşuq. Yəni, bizim media orqanı olaraq rəqib olmağımız dost münasibətlərinə mane olmayıb”.MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, “Olaylar” qəzeti və informasiya agentliyi ənənəsi olan KİV-lərdir və onlar ictimai fikrin ifadəçisi missiyasını ləyaqətlə yerinə yetirməkdədirlər: ”Olaylar”ın niyyəti Vətənə, dövlətə xidmət etməkdir. Şübhəsiz ki, bunlar xeyirxah əməllərdir. Odur ki, istərdim, biz olsaq da, olmasaq da “Olaylar” olsun və xeyirxah əməllərə xidmət etsin”.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Y.Oğuzun türk dünyasının tarixi şəxsiyyətlərinin təqdimatındakı xidmətlərindən söz açıb və müəllifin rəhbərlik etdiyi KİV-lərin də türk dünyası ilə bağlı həqiqətlərin işıqlandırılmasındakı müstəsna roluna toxunub. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Olaylar”da çalışdığı illəri xatırlayıb və bildirib ki, qəzet və informasiya agentliyi üçün prioritet mövzular 20 ildir ki, dəyişməz qalıb.

Bu mövzular ümumilikdə türk dünyası üçün aktual səciyyə daşımaqdadır. M.Ələsgərli həmçinin “Olaylar”ı məktəb funksiyası yerinə yetirən KİV olaraq dəyərləndirib. Fikrini belə əsaslandırıb ki, hazırda ölkə jurnalistikasında imzası ilə tanınan bir çox şəxslər əmək fəaliyyətlərinə məhz yubilyar nəşrdə başlayıblar. MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Olaylar”ın cəmiyyətdə qəzetçilik ruhunun zəif olduğu vaxtlarda meydana atıldığını vurğulayıb və qeyd edib ki, nəşrin gördüyü işlər başlanılmış milli prosesin məntiqi davamı nöqteyi-nəzərdən əhəmiyyətli olub: “Yunus Oğuz “Olaylar”ı yaratmaqla öz cəsarətini ortaya qoydu. Bu mətbuat orqanı da tez bir zamanda Azərbaycanın mətbuat tarixində öz yerini tutdu. İndi ölkə mətbuatı sıralarında “Olaylar”ın öz yeri, öz dəsti-xətti var”. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi 20 illik ömür yolu tarixi araşdırmalar predmetinə çevrilə biləcək KİV-lərdir: “Olaylar” cəmiyyətin maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirir. Burada baş redaktorun uğuru ondan ibarətdir ki, peşəkar kadrlar yetişdirə bilib. Hazırda peşəkar jurnalist yetirmək missiyasını üzərinə götürən bir neçə mətbuat orqanı var ki, onlardan biri də “Olaylar”dır”. Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Gündəlik teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı və başqaları “Olaylar” qəzeti və informasiya agentliyinin Azərbaycanın müasir jurnalistika tarixindəki önəmini vurğulayan fikirlər səsləndirməklə yanaşı, yubilyar KİV-lərə rəhbərlik edən Y.Oğuzu istedadlı qələm sahibi, publisist və yazıçı, sadiq dost kimi səciyyələndiriblər.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, peşəkar üçün qəzet və agentliyi məşhur etmək elə də çətin məsələ deyil. “Olaylar” fəaliyyətə başladığı andan “dövlət, millət və əxlaq” adlı şüarı əsas götürüb. Dövlətin möhkəmlənməsi, millətin bütövləşməsi yolunda “Olaylar”ın xidməti kifayət qədərdir: “İstərdim ki, heç bir media orqanı öz prinsipindən kənara çıxmasın. İndi gündəlik fəaliyyət göstərə bilən 10-15 qəzet və agentlik var. Ümumilkidə isə mətbuatda ələnmə gedir. Bu ələnmə prosesində özünü qoruyub saxlayanlardan biri də bizik. Çünki niyyətimiz, əxlaqımız təmizdir”.