Oktay Hacımusalı
Türk milliyyətçiliyi: dünəni, bu günü, sabahı...
XXI əsrdə Türk milliyyətçiliyinin başdan ayağa yenilənməsi artıq tarixi zərurət zəruri hala gəlib. Ancaq bu zaman başdan ayağa yenilənmə zamanı edilən tənqidlərin şiddətli bir reaksiya və müqavimət ilə qarşılaşacağı aşkardır. Çünki mövcud vəziyyətdən məmnun olan, çıxar təmin edən və intellektual baxımdan qeyri-kafi vəziyyətdə olaninsanlar var. Təbii ki, əslində bu nöqtədə tənqidlərin məqsədi yıxmaq yox, təkmilləşdirmək olmalıdır. Millətçiliyi bütləşdirən bəzi qrupların var olmasına baxmayaraq artıq radikal dəyişikliklər etməyin vaxtı çoxdan gəlmişdir.
Türk milliyyətçiliyinin inkişafını, dəyişikliklərin aparılmasını təmin edib onun yenidən öz əvvəlki gücündə var olması üçün birinci növbədə “müqəddəslər” sorğulanmalıdır. Müasir türk respublikalarında, ələxsus da Türkiyə və Azərbaycan dövlətində Türk milliyyətçiliyinin qəbul etdiyi hökumət qaynaqları dəyişsə də, lakin dövlətin və dövlətçiliyin müqəddəsliyi anlayışları hələ də öz varlığını qorumaqdadır. Türk milliyyətçiliyinin yenidən qurulması üçün birinci növbədə dövlətin və dövlətçiliyin müqəddəsliyi pronsipinə sadiq qalınmalıdır. Dövlətə prioritet əsaslarla güvənən, ancaq bütün şəxsi mənfəətlərini dövlətçilik maraqlarından üstün tutan bir zehniyyətin, sosial dəyərlərə və vətəndaşlıq əsaslarına söykənən milliyyətçiliyi arxa plana atması qaçınılmazdır. Dövləti və dövlətçilik siyasətini qəbul etməyib kor-koranə milliyyətçiliyi müdafiə edən milliyyətçilik anlayışı, hal-hazırda müasir dünyada milliyyətçilik ideologiyası baxımından problemlər yaratmaqdadır. Çünki, indiki vaxtda milliyyətçilik dövlətçilik əsaslarına söykənməlidir. Milliyyətçiliyin dövlətçilik kimi qəbul edilməsi bu gün Azərbaycanda da, Türkiyədə də Türk milliyyətçiliyi baxımından bir maneə təşkil edirmiş kimi görünə bilər. Digər bir ifadə ilə, rəsmi Türk milliyyətçiliyinin özünü daha çox dövlətçilik modeli olaraq ortaya qoyması, dövlətin siyasi sahədəki vəziyyətinə görə dəyişiklik göstərməsindən ötəri sabit və ardıcıl bir Türklük siyasətinin formalaşmasında əhəmiyyətli bir maneə kimi göstərilə bilər.
Dünya böyük dəyişiklikləri çox qısa müddət ərzində arxada qoyarkən, Osmanlının 1800-cü illərdə hadisələrdə ləng tərpəndiyi kimi hal – hazırda Türk milliyyətçiləri də XXI əsrdə çox ləng davranırlar. Türk milliyyətçilərinin istifadə etdikləri ifadələr belə 1980-ci illərdən bu yana keçmməməkdədir. Halbuki əsr dəyişib, xəritələr dəyişib, communist rejimi dağılıb, fikir sistemləri özünü yeniləşdirir. Ancaq bu dəyişikliklər qarşısında Türk millətçiləri XXI və daha sonrakı əsrləri əhatə edəcək xüsusi təchizata sahib yeni bir düşüncə sistemi ortaya çıxara bilmədi.
Türk milliyyətçiliyi, böyük bir ideoloji və fikri böhran keçirir hal - hazırda. Həyatın bir çox sahəsinə və 21. əsrin bir çox gerçəyinə cavab verə bilmirik, problemlərin həlli istiqamətində heç bir iş görə bilmirik. Çünki bu məzmunda Türk milliyyətçiliyini ideoloji bir diriliş və yenilənmə prosesinə daxil etmək lazımdır. Ümid Türk milliyyətçilərinə olduğu halda, Türk milliyyətçiləri isə müasir dünyanı dərk etmək və qavramaq, onu mənalandırmaq baxımından çox gecikirlər. Türk milliyyətçisi, qloballaşma, postmodernizm kimi düşüncə məktəblərinin təkamülü qarşısında öz gedəcəyi yolu hələ ki, müəyyən edə bilməyib. Zehni koordinatların yoxluğu; dünyanı tanımaq, təsvirləndirmək, mənalandırmaq, problemləri müəyyən edib həlli yollarını axtarmaq baxımından ciddi problemlər yaşanmaqdadır.
Türk milliyyətçiliyinin əsas problemlərindən biri və bəlkə də ən əhəmiyyətlisi öz hədəfini müəyyənləşdirə bilməməsidir. Elmi və mədəni ağırlıqlı kitablar mütaliə edilmir, altıboş fikirlərlə Türk milliyyətçiliyini müdafiə edən yalın insanlar yetişdirilir və onlara da çox təəssüf ki, “Türk milliyyətçisi” deyilir. Türk milliyyətçisi adı altında yetişdirilən gənclik laqeyd, başıpozuq bir insan sürüsü halına gətirilir və geri qalmış, oxumayan, işləməyən bir Türk milliyyətçisi portreti yaradılır. Bu nöqtədə yeni nəsil Türk milliyyətçilərinin bütün Türk dünyasında akademik çevrələrdə elə təsirli ola bilməmələrini buna misal kimi göstərmək olar.
Türk milliyyətçiliyi və türk milliyyətçiləri artıq ciddi bir gücə çevrilən Vətəndaş cəmiyyəti institutlarına önəm vermək məcburiyyətindədilər. İndi QHT –lər çox güclü bir mövqedədir, müasir siyasətdə cəmiyyətə yön verən demokratik prosesin önəmli ruporu halına gəlmişdir, bundan sonra daha da güclənəcək, təsir qüvvəsini daha da artıracaqdır. Bundan başqa siyasi partiyaların bir fikrin müvəffəqiyyətə çatması və yayılmasında əhəmiyyəti çox böyükdür. Hətta mən deyərdim ki, partiyalar bu işin başında gəlirlər. Bu baxımdan Türk milliyyətçili fikrinin həqiqi daşıyıcıları toparlamalı və Türk milli kimliyini müvəffəqiyyətə aparacaq siyasəti ortaya qoymalıdır. Milliyyətçiliyin cəmiyyətə təsiri və funksiyalılığı mövzusunda partiyalardan başqa qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, sənət mərkəzləri də birlik nümayiş etdirməlidir.
Türk milliyətçilərinin müasir cəmiyyətin vaz keçilməz ünsürü halına gələn qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin önəmi barəsindəki anlayışları da həddindən artıq məhduddur. çünki Türk milliyyətçilərinin QHT –lərlə olan əlaqəsi və ya bu sahələrdəki strukturu sahiblənməsi təəssüf ki, böyük ölçüdə müasir bir təzyiq vasitəsi kimi və türk düşüncəsinin hakimlik qazanması məqsədini güdən xüsusiyyətlərdən xeyli uzaqdır. Yəni Türk milliyyətçisi müasir dünyanın texnologiyalarını hələ ki, qəbul etməkdə çətinlik çəkir.
Özünü Türk milliyyətçisi sayan şəxslərin və ya qrupların mədəni irqçilik etmələri və ya üstün irq olduğuna dair iddiaları da qəbuledilməzdi. Əks təqdirdə halda Türk milliyyətçilərinin intellektual səviyyəski yenə cəmiyyətdə müzakirəyə çıxarılacaq və belə olan təqdirdə Türk milliyyətçiliyinin yenidən formalaşması prosesi bir xeyli ləngiyəcək, bundan də ən çox ziyan çəkən məfkurəmiz olacaq.
Türk milliyyətçiliyi anlayışı təkcə Türkiyədə MHP, Azərbaycanda isə müəyyən romantik millətçilərlə məhdudlaşdırılmamalı, milliyyətçilik təkcə nostalgiyalarımıza söykənməməlidir. bu məhdudlaşdırmalar milliyyətçi düşüncənin nəzəri və praktik problemlərlə bağlı praqmatik səviyyəsindən xəbər verməkdədir. Bunun üçün də yuxarıda da qeyd etdiyim kimi Türk milliyyətçiliyi partiyalara bağlı qalmamalıdır. Fikir istehsalını partiyalar yox, Türk milliyyətçilərinin özləri etməlidir. Əgər hərəkət və fikirlər partiya səviyyəsinə endirilərsə, fərdlərin və düşüncələrin bu fikir bazasında heç bir əhəmiyyəti qalmayacaq.
Nəticə olaraq; gerçək mənada Türk milliyyətçiliyinin inkişafı və yüksəlməsi üçün özünü Türk milliyyətçisi sayanların, bütövləşdirici perspektivlə strateji düşünmə, təkliflərə əsaslanan bir irəli getmək istəyi, yeni siyasət və düşüncə modellərini tanımaq və qlobal ruporların güclərinin fərqinə varmaq, hadisələrin səbəb – nəticə məntiqinə uyğun olaraq ona təqdim edilən informasiyaları məlumata çevirə bilmək qabiliyyət və bacarığına sahib olmalıdırlar. Türk millətçiləri fikirlərini yaymaq və gücləndirə üçün artıq zamanl ayaqlaşmalı, basmaqəlib düşüncələrdən xilas olmalı, media və iş həyatında fəallaşkmalıdırlaer. Dayaz fikirli partiya liderlərinin dövrü başa çatmalı, partiyaların içindəki qəyyumluq divarları yıxılmalıdır. Romantik türk milliyyətçiliyi modelini özündə ehtiva edən sekülerleşmiş Türk milliyyətçiliyi artıq İslami Türk milliyyətçiliyinin və vətəndaş cəmiyyəti modelinə düşmən münasibət bəsləməməli, əksinə özü üçün bunlardan nələrisə əxz edib, yenidən formalaşmalıdır.