Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub. “Vətəninfo” AzərTac-a istinadən verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın “SW Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə “İTE Group plc”nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunub. Azərbaycan prezidentinin diqqətinə çatdırılıb ki, hər il sərgi iştirakçılarının sırasına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də var. “AİTF-2012” sərgisində qonaq ölkə qismində isə Bolqarıstan iştirak edir. Dünya Ticarət Təşkilatının bu il “AİTF-2012”-də öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçıların bu sərgiyə göstərdikləri marağı bir daha təsdiqləyir. Qeyd edilib ki, builki sərginin fərqli cəhətlərindən biri də ekspozisiyanın bir hissəsinin sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunmasıdır. Sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna kimi ölkələr müalicəvi kurortlarını təqdim edirlər. Məlumat verilib ki, bu il sərgidə iştirak edən yerli şirkətlərin ekspozisiyalarında gələn ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosu və şüarı diqqəti cəlb edir. Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış olub.