Prezidentin köməkçisindən MÜHARİBƏ xəbərdarlığı-"Hər an qarşıdurma ola və müharibəyə çevrilə bilər"
Prezidentin köməkçisi xəbərdarlıq etdi
"Qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər". Miq.Az-ın məlumatına görə, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibəsində deyib.
O, qeyd edib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır.
"Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.
Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin".
Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Əli Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir. Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır.
"Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır".
Miq.Az